2016-04-06

Azərbaycan səfiri İtaliya Prezidentini cəbhədəki vəziyyətlə bağlı məlumatlandırmışdır

Cari ilin 4 aprel tarixində Azərbaycan Respublikasının İtaliyadakı fövqəladə və səlahiyyətli səfiri Məmməd Əhmədzadə etimadnaməsini İtaliya Respublikası Prezidenti Sercio Mattarellaya təqdim etmək üçün onun tərəfindən qəbul edilmişdir. Etimadnamənin təqdim edilməsindən sonra İtaliya Prezidenti Azərbaycan səfiri ilə söhbət etmişdir.

M.Əhmədzadə ilk öncə Azərbaycan Respublikası Prezidenti Zati-Aliləri cənab İlham Əliyevin İtaliya Prezidentinə salamlarını və xoş arzularını çatdırmışdır. Prezident Sercio Mattarella da öz növbəsində, azərbaycanlı həmkarına onun salamlarını və xoş arzularını çatdırmağı xahiş etmiş, Prezident İlham Əliyevin ötən il İtalyaya səfəri çərçivəsində onunla keçirdiyi görüşü məmnuniyyətlə xatırladığını demişdir.

Görüşdə Azərbaycan Respublikası Prezidentinin 2014-cü ildə İtaliyaya rəsmi səfəri vaxtı iki ölkənin hökumətləri arasında qəbul olunmuş “Strateji tərəfdaşlıq haqqında bəyannamə”də əks olunduğu kimi Azərbaycan və İtaliya arasında strateji əməkdaşlıq, həyata keçirilmiş yüksək səviyyəli səfərlər, bütün sahələrdə, o cümlədən, iqtisadi, enerji, qeyri-neft sektorlarında əməkdaşlıq, ölkəmizin müxtəlif sektorlarında italyan şirkətlərinin fəaliyyəti, Cənub Qaz Dəhlizi və TAP layihəsi barədə danışılmışdır. Azərbaycanın Qərb-Şərq, Şimal-Cənub nəqliyyat dəhlizlərinin inkişafına verdiyi töhfələr, bu xüsusda həyata keçirilən layihələr barədə danışan Azərbaycan diplomatı ölkəmizin İtaliya şirkətləri üçün ətraf bazarlara çıxmaq istiqamətində önəmli qapı olduğunu da demişdir.

M.Əhmədzadə Azərbaycanın multikulturalizm modeli, mədəniyyətlərarası dialoqa verdiyi töhfələr, BMT-nin Sivilizasiyalararası Alyansı 7-ci Qlobal Forumun Bakıda keçiriləcəyi, iki ölkə arasında mədəniyyət və humanitar sahələrdə əməkdaşlıq barədə danışmış, Azərbaycan mədəniyyətinin İtaliyada təbliği, İtaliyanın tarixi-mədəni irsinin qorunması üçün Azərbaycanın Birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydar Əliyev Fondu tərəfindən həyata keçirilmiş tədbir və layihələrdən, habelə Expo Milan və Venesiya Biennallesi kimi dünya əhəmiyyətli tədbirlərdə ölkəmizin uğurlu iştirakından bəhs etmişdir.

İtaliya Prezidenti ölkələrimiz arasında mədəniyyət və humanitar sahələrdə əməkdaşlıqdan məmnunluğunu bildirmiş, bu xüsusda Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın səylərini yüksək qiymətləndirmişdir.

Görüşdə, habelə Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində Ermənistan tərəfinin təxribatı nəticəsində yaranmış son vəziyyət barədə də fikir mübadiləsi aparılmışdır. Azərbaycan diplomatı mövcud vəziyyət, həmçinin münaqişə ilə əlaqədar ətraflı məlumat vermiş, münaqişənin tezliklə həlli üçün beynəlxalq ictimaiyyətin Ermənistana təzyiq etməsinin vacibliyini demiş, bu xüsusda İtaliya tərəfinin Ermənistanın hərəkətlərini pisləməsinin və Ermənistandan BMT qətnamələrinə əməl etməyi və öz qoşunlarını Azərbaycan ərazilərindən çıxarmağı tələb etməsinin əhəmiyyətli olacağını bildirmişdir.

İtaliya Prezidenti mövcud vəziyyətlə bağlı ölkəsinin narahatlığını ifadə etmiş, münaqişənin tezliklə sülh yolu ilə həllinin vacibliyini demişdir.

 

https://www.youtube.com/watch?v=sIYPG50jLr4  

 

 

Arxiv üzrə axtarış