“Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir”
news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 24 oktyabr 2020

Prezidentin köməkçisi, Prezident Administrasiyası xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev

Ermənistanın dövlət səviyyəsində mülki Azərbaycan vətəndaşlarına, xüsusilə uşaqlara və yeniyetmələrə qarşı terroru və hərbi cinayətləri davam edir

Baş Prokurorluq tərəfindən məlumat verildiyi kimi, bu gün Tərtər rayonunun və kəndlərinin Smerç raketlərindən atəşə tutulması nəticəsində 2004-cü il təvəllüdlü İsmayılzadə Orxan Rəhbər oğlu həlak olmuşdur.

17 oktyabrda Gəncənin yaşayış məntəqələrinin SCUD tipli raketlərdən atəşə tutulması nəticəsində ağır yaralanmış Rusiya Federasiyası vətəndaşı 2007-ci il təvəllüdlü Mayakov Artur Vladimiroviç həkimlərin səylərinə baxmayaraq stasionar qaydada müalicə olunduğu xəstəxanada vəfat etmişdir. Mayakov Artur Vladimiroviç  Gəncəyə bibisi gilə qonaq gəlmişdi.

Mərhum Gəncə şəhər İcra Hakimiyyətinin və Gəncə şəhər Aleksandr Nevski kilsəsinin dəstəyi ilə pravoslav xristian dini ənənələrinə uyğun olaraq dəfn olunacaqdır. Xarici İşlər Nazirliyi vasitəsilə bu barədə Rusiya Federasiyasının Azərbaycandakı səfirliyinə məlumat verilmişdir.

Hal-hazırda Ermənistan silahlı qüvvələri tərəfindən cəbhə xəttində yerləşən Azərbaycan şəhərlərinin ağır artilleriya və digər silahlardan atəşə tutulması davam edir.

Ermənistandan fərqli olaraq Azərbaycan mülki insanları və mülki obyektləri hədəfə almır. Azərbaycan tərəfindən beynəlxalq humanitar hüquqda təsbit olunmuş hərbi zərurət, legitim hərbi hədəflər və cavab tədbirlərinin proporsionallığı kimi tələblər ciddi şəkildə nəzərə alınır. Xankəndidə olmuş xarici jurnalistlər tərəfindən də qeydə alındığı kimi Ermənistan tərəfi atəş nöqtələrini mülki obyektlərin içərisində və yaxınlığında yerləşdirərək terrorçulara məxsus taktikadan istifadə edir. Azərbaycanın işğal olunmuş ərazilərində yaşayan mülki insanları hərbi obyektlərdən kənar durmağa çağırırıq. Ali Baş Komandan, Prezident İlham Əliyev tərəfindən qeyd olunduğu kimi Azərbaycanın mülki erməni əhalisi ilə işi yoxdur. Azərbaycan tərəfə keçmək istəyən mülki şəxslərə və hərbçilərə bütün humanitar yardım və dəstəyi göstərməyə hazırıq.

Mülki insanlara qarşı törədilmiş müharibə və hərbi cinayətlərə, hərbi avantüraya görə məsuliyyəti tam şəkildə Ermənistanın siyasi-hərbi rəhbərliyi daşıyır.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti