news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 21 oktyabr 2024

İtaliyanın Diplomatiya Festivalının iştirakçıları Azərbaycanın xarici siyasət prioritetləri barədə məlumatlandırılıb

Azərbaycanın İtaliyadakı səfirliyinin tabeliyindəki Mədəniyyət Mərkəzində Romadakı müxtəlif universitetlərin tələbələrinin iştirak etdiyi XV Diplomatiya Festivalının iştirakçıları ilə görüş keçirilmişdir.

Görüşdə Azərbaycanın İtaliyadakı səfiri Rəşad Aslanov tələbələrə ölkəmizin zəngin tarixi, coğrafi və geosiyasi mövqeyi, postmünaqişə dövründə regionda yaratdığı yeni reallıqlar, xarici siyasətinin prioritetləri, eləcə də həyata keçirdiyi mühüm enerji layihələri barədə təqdimatla çıxış etmişdir.

Səfir ölkəmizin müsəlman Şərqində ilk demokratik və dünyəvi respublika olduğunu, ötən əsrin sonlarında müstəqilliyini bərpa edən Azərbaycanın Ermənistanın hərbi təcavüzünə məruz qaldığını, həmin vaxtlarda hakimiyyətə gələn Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə ölkəmizin çətin dövrdə inkişafa qədəm qoyduğunu bildirmişdir. Qeyd etmişdir ki, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ordumuz torpaqlarımızı azad edib və 30 illik işğala son qoyub, beləliklə, ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam bərpa olunub.

Diplomat ölkəmizin ev sahibliyi etdiyi beynəlxalq tədbirlərdən və idman yarışlarından da söz açmış, Azərbaycan təbii qazını Avropaya çatdıran TAP boru kəmərinin əhəmiyyətindən danışmış, İtaliya-Azərbaycan Universiteti, Bakının gələn ay ev sahibliyi edəcəyi COP29-un əhəmiyyəti və konfransa hazırlıq prosesi barədə məlumat vermişdir.

Daha sonra tələbələrin çoxsaylı sualları cavablandırıl, tələbələrə səfirlik tərəfindən Azərbaycan haqqında italyan dilində nəşr olunmuş müxtəlif kitablar təqdim edilmişdir.

Qeyd edək ki, Diplomatiya Festivalı Avropa Komissiyasının İtaliyadakı nümayəndəliyi, Avropa Parlamenti, İtaliya Senatı, Deputatlar Palatası, İtaliya Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyinin təşəbbüsü ilə 2024-cü ilin oktyabr ayının 16-dan başlanıb və 25-dək davam edəcək.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti