news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 22 oktyabr 2024

İtaliya Senatında COP29-un əhəmiyyətindən danışılıb

İtaliya Senatında Bakının noyabrda ev sahibliyi edəcəyi BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu (COP29) sessiyasına hazırlıq prosesindən və konfransın əhəmiyyətindən söhbət açılmışdır.

“COP29 – İqlim problemlərinə qarşı birgə fəaliyyət” adlı konfrans İtaliya Senatında İtaliya-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri, senator Marko Skurrianın təşəbbüsü və ölkəmizin İtaliyadakı səfirliyinin təşkilatçılığı ilə keçirilmişdir.

Konfransda senator Marko Skurria, Azərbaycanın İtaliyadakı səfiri Rəşad Aslanov, İtaliya Senatında Avropa İttifaqı siyasəti komissiyasının sədri, senator Ciuliomaria Tertsi Di Sant’Aqata, İtaliyanın Ətraf Mühit və Enerji Təhlükəsizliyi Nazirliyinin Avropa və beynəlxalq əlaqələr və davamlı maliyyə üzrə baş direktoru Alessandro Qerri, COP29-un adaptasiya və itki və zərər üzrə aparıcı danışıqçısı Elvin Əşrəfzadə, İtaliya hökumətinin iqlim dəyişikliyi üzrə xüsusi nümayəndəsi professor Françesko Korvaro iştirak etmişdilər.

Jurnalist Marita Lanqellanın moderatorluğu ilə keçirilən konfransda çıxış edənlər COP29-un əhəmiyyətindən danışmış, Qafqazda ilk dəfə Azərbaycanın belə bir mötəbər konfransa ev sahibliyi etməsinin böyük məsuliyyət və şərəf olduğunu vurğulamışlar.

Senator Marko Skurria ölkəmizin COP29-a ev sahibliyi etməsinin İtaliya ilə ikitərəfli əlaqələrin möhkəmləndirilməsinə töhfə verəcəyini və Azərbaycanı daha yaxından tanımaq üçün əlavə imkan yaradacağını bildirmişdir.

Səfir Rəşad Aslanov Azərbaycanın iqlim dəyişikliyi mübarizə istiqamətində gördüyü işlərdən danışmış, ölkəmizin bərpa olunan enerji mənbələri – külək və günəş enerjisi potensialından bəhs etmişdir.

Senator Ciuliomaria Tertsi Di Sant’Aqata İtaliya ilə Azərbaycan arasında əməkdaşlığın bəzi siyasi və iqtisadi aspektlərini vurğulamış, bunun COP29-un formatındakı əhəmiyyətini qeyd etmişdir.

Elvin Əşrəfzadə iqlim hadisələri ilə mübarizədə inklüziv yanaşmanın vacibliyini, habelə COP29-un qlobal istiləşməni məhdudlaşdırmağa yönəlmiş 1,5 dərəcə hədəfinə və Paris İqlim Sazişinin hədəflərinə nail olmaqdakı əhəmiyyətini vurğulamışdır.

Alessandro Qerri isə iqlim məsələlərində İtaliyanın mövqeyi barədə məlumat verərək, Azərbaycanın COP29-a yanaşmasını yüksək qiymətləndirmiş, bunun İtaliya-Azərbaycan münasibətlərindəki əhəmiyyətini qeyd etmişdir.

Professor Françesko Korvaro iqlim dəyişikliyi ilə bağlı müddəalardan, COP29-un imkanlarından və çağırışlardan söhbət açmış, danışıqları dəstəkləyən azsaylı ölkələrdən biri kimi ilk dəfə İtaliyanı seçdiyinə görə Azərbaycana təşəkkürünü bildirmiş və bu seçimin ölkəsi tərəfindən yüksək qiymətləndirildiyini söyləmişdir.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti