news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 05 dekabr 2024

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun Maltanın paytaxtı Valettaya işgüzar səfərə baş tutub

04 dekabr 2024-cü il tarixində Azərbaycanın xarici işlər naziri Maltanın paytaxtı Valettaya işgüzar səfərə yola düşmüşdür.

Səfər çərçivəsində nazir Ceyhun Bayramov Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Xarici İşlər Nazirləri Şurasının 31-ci iclasında iştirak və çıxış etmiş, habelə tədbirdə iştirak edən digər ölkələrin rəsmi şəxsləri ilə görüşlər keçirmişdir.

Çıxışında Ceyhun Bayramov bugünkü iclasın olduqca mürəkkəb dövrə təsadüf etdiyini, beynəlxalq hüququn pozulması, beynəlxalq öhdəliklərin yanlış təfsiri və selektiv şəkildə tətbiqi inam və etimadın azalmasının, habelə çoxtərəfliliyin davam edən böhranının əsasında dayandığını, təhlükəsizlik və sabitliyin heç bir sərhəd tanımayan, çoxtərəfli həllər tələb edən artan transmilli çağırışların mövcudluğuna görə təhdid altında olduğunu vurğulamışdır.

Qeyd olunmuşdur ki, Avropada islamofobiya və antisemitizm kimi etnik, dini dözümsüzlüyün və ayrı-seçkiliyin artması narahatlıq doğurur, beləliklə ATƏT-ə üzv olan müvafiq dövlətlərin Təşkilat çərçivəsində aidiyyəti və beynəlxalq öhdəliklərinə əməl etmələri son dərəcə vacibdir. Helsinki Yekun Aktından başlayaraq, ATƏT-in bütün sənədlərində təsbit olunmuş fundamental norma, prinsip və öhdəliklərə hörmət edilməsi və əməl olunması, xüsusilə dövlətlərin suverenliyinə, ərazi bütövlüyünə və sərhədlərinin toxunulmazlığına hörmət təhlükəsizlik və sülhün təməl daşı, eləcə də dialoq və əməkdaşlıq üçün əsas olmalıdır.

Nazir demişdir ki, Azərbaycan ATƏT-in də daxil olduğu effektiv çoxtərəfliliyin güclü tərəfdarı olaraq qalır və büdcənin qısa zamanda qəbul edilməsi, habelə ATƏT-in funksionallığı ilə bağlı, Baş katibin və icra strukturlarının rəhbərlərinin təyin edilməsi məsələsi ətrafında yaranmış çıxılmaz vəziyyətin həll olunması məsələlərinin həllində konstruktiv qarşılıqlı fəaliyyətə çağırır.

“Təşkilatın məhdud resursları ATƏT-in maliyyə qaydalarına tam uyğun olaraq, ən çox ehtiyacın duyulduğu istiqamətə, aktual və konsensusun mövcud olduğu proqram fəaliyyətlərinin maliyyələşdirilməsinə yönəldilməlidir”, - deyə C.Bayramov əlavə etmişdir.

Ermənistan ilə münasibətlərə toxunan nazir aşağıdakı fikirləri söyləmişdir: “Əldə olunan tərəqqiyə baxmayaraq, normallaşma istiqamətində həll olunmamış problemlər də qalmaqdadır. Onun yekunlaşdırılması Ermənistanın hələ də konstitusiyasında və digər qanunvericilik aktlarında təsbit edilmiş ərazi iddialarını aradan qaldırmaqla, Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə hörmət etməklə bağlı bəyan etdiyi öhdəliyini əməli surətdə həyata keçirməsindən asılıdır. Sülh və mehriban qonşuluq münasibətləri Ermənistan konstitusiyasında Azərbaycanın suverenliyi və ərazi bütövlüyünün tanınmasının şübhə altına alındığı və ikitərəfli sazişin icrasının Ermənistanın daxili hüquqi və ya siyasi ssenarilərindən asılı olacağı təqdirdə, davamlı və dönməz ola bilməz. Azərbaycan və Ermənistanın qarşıdurma səhifəsini çevirmək və mehriban qonşuluq münasibətləri qurmaq üçün tarixi imkanının olduğu bu həlledici məqamda bütün səylər suverenliyə və ərazi bütövlüyünə qarşılıqlı hörmət əsasında münasibətlərin normallaşdırılması prosesinin başa çatmasına yönəldilməlidir”.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti