news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 26 noyabr 2025

Azərbaycan Romada xeyriyyə bazarında iştirak edib

26 noyabr 2025-ci il tarixində BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Baş qərargahında BMT Qadınlar Gildiyasının (UNWG) təşkilatçılığı ilə xeyriyyə bazarı keçirilib.

Azərbaycan Respublikasının İtaliya Respublikasındakı Səfirliyi, FAO yanında Daimi Nümayəndəliyi və Azərbaycanın Romadakı Mədəniyyət Mərkəzi sözügedən xeyriyyə bazarında iştirak edib, Azərbaycan mətbəxinin nümunələrini, milli suvenirləri, əl işlərini təqdim ediblər.

Açılış mərasimində FAO-nun Baş direktoru Qu Dongyu və BMT-nin Qadınlar Gildiyasının prezidenti Rouz Meri Varqas iştirak edərək, açılış nitqlərini söyləyiblər. Onlar çıxışlarında dünyada aclığın getdikcə artdığını və bunun üçün kollektiv fəaliyyətin önəmini vurğulayaraq, bu cür təşəbbüslərin effektiv olduğunu bildiriblər. Daha sonra Baş direktor bütün stendlərə yaxınlaşaraq, onlarla tanış olmuşdur.

Xeyriyyə tədbirinin məqsədi dünya miqyasında ehtiyacı olan uşaqlara və qadınlara yardım göstərməkdir. Həmin tədbirdə müxtəlif ölkələr öz mədəni proqramları ilə çıxış edir və tədbir çərçivəsində milli töhfələrin və xörəklərin satışı təşkil olunur.

Azərbaycanla yanaşı builki tədbirdə İndoneziya, Qazaxıstan, Oman, Pakistan, Banqladeş, Seneqal, Tayland və Perunun Romadakı Səfirlikləri iştirak ediblər.

BMT-nin Qadınlar Gildiyası 1967-ci ildə yaradılmış xeyriyyə təşkilatıdır ki, hər il xeyriyyə tədbirlərindən əldə olunan vəsaitləri Avropa, Asiya, Afrika və Latın Amerikasında yardıma ehtiyacı olan uşaqlar və qadınlar üçün müxtəlif layihələrin maliyyələşməsinə sərf edir.

 

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti