news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 23 yanvar 2026

Romada Azərbaycan filminin nümayişi keçirilib

İtaliyanın paytaxtı Roma şəhərində Azərbaycan kinosuna həsr olunmuş tədbir çərçivəsində Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin sifarişi ilə hazırlanmış “Buta” bədii filminin nümayişi keçirilib.

Tədbir Azərbaycan Respublikasının İtaliyadakı Səfirliyi, Azərbaycan Mədəniyyət Mərkəzi və “La Lampadina – Periodiche Illuminazioni” Assosiasiyasının birgə təşkilatçılığı ilə Roma şəhərində yerləşən “Cinema Caravaggio” kinoteatrında baş tutub.

Nümayiş olunan “Buta” filmi Azərbaycan xalçaçılığında geniş yayılmış ornamental motivin adını daşımaqla yanaşı, eyni zamanda filmin əsas qəhrəmanının adını əks etdirir. Film Qafqaz dağları arasında yerləşən kiçik bir Azərbaycan kəndində insanların gündəlik həyatı, təbiətlə və ənənələrlə bağlılığı fonunda cərəyan edən hadisələrdən bəhs edir.

Rejissor İlqar Nəcəf tərəfindən 2011-ci ildə çəkilmiş film "Oskar" Milli Komitəsi tərəfindən "Ən yaxşı xarici film" nominasiyası üzrə rəsmi namizədi olub, habelə “Asiya Oskarı” kimi tanınan “Asia Pacific Screen Awards” mükafatının təqdimat mərasimində “Uşaqlar üçün ən yaxşı bədii film” mükafatına layiq görülüb.

Filmin nümayişindən əvvəl Azərbaycan Respublikasının İtaliya Respublikasında fövqəladə və səlahiyyətli səfiri Rəşad Aslanov çıxış edərək, milli filmlərin ölkə hüdudlarından kənarda nümayiş etdirilməsinin Azərbaycanın mədəniyyətinin təbliği nöqteyi-nəzərdən böyük əhəmiyyət kəsb etdiyini, milli-mənəvi dəyərlərin təbliğində Azərbaycanın kino sənətinin və mədəniyyətinin dünyada layiqincə təbliğ və təmsil etmək imkanlarının genişləndirilməsi istiqamətində dövlət dəstəyinin göstərildiyini, Azərbaycan ilə İtaliya arasında mədəni əlaqələrin inkişafında mədəniyyət və kino sahəsinin mühüm rolunu vurğulayıb, bu kimi tədbirlərin Azərbaycan mədəniyyətinin İtaliya ictimaiyyətinə daha yaxından tanıdılmasına töhfə verdiyini bildirib.

Tədbirin moderatoru Azərbaycan Mədəniyyət Mərkəzinin direktor müavini Gülnar Tağızadə çıxışında ölkədə kino sahəsinin davamlı inkişaf etdiyini, Azərbaycan filmlərinin beynəlxalq arenada artan maraq və rəğbətlə qarşılandığını qeyd edib.

“La Lampadina – Periodiche Illuminazioni” Assosiasiyasının nümayəndələri İzabella Konfortini Hol və Puççi Biffi Rastrelli çıxış edərək, filmin İtaliya tamaşaçısı tərəfindən maraqla qarşılanacağına əminlik ifadə edib və gələcəkdə birgə mədəni layihələrin həyata keçirilməsinə hazır olduqlarını bildiriblər.

Film İtaliyadakı Azərbaycan icması və İtaliyanın akademik və mədəni dairələrinin nümayəndələrindən ibarət auditoriya tərəfindən böyük maraqla qarşılanıb.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti