“Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir”
news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 07 mart 2024

Romada Azərbaycanın tranzit potensialı və logistik imkanlarından danışılıb

İtaliyanın paytaxtı Romada “Orta dəhliz: İtaliya, Azərbaycan və Mərkəzi Asiya arasında təhlükəsiz tranzit marşrutu” adlı konfrans keçirilib.

İtalyan senator Françesko Silvestronun təşəbbüsü ilə keçirilən konfransda İtaliya parlamentinin və akademik dairələrin nümayəndələri, Mərkəzi Asiya ölkələrinin Romadakı səfirləri, analitik və ekspertlər iştirak ediblər.

İtaliya Senatında Regional məsələlər üzrə iki palatalı komitənin sədri, senator Françesko Silvestro, İtaliya Asiya İnstitutunun rəhbəri Mario Morqoni və Senatın Avropa İttifaqı siyasəti komissiyasının sədri, senator Ciuliomaria Terzi Di Sant’Aqata çıxışlarında Orta dəhlizin Çin və “köhnə qitə” arasında yükdaşımalara mühüm töhfə verdiyini bildirib, mövcud geosiyasi vəziyyətin bu dəhlizin iqtisadi və geosiyasi əhəmiyyətini dəfələrlə artırdığını qeyd ediblər.

İtaliyanın xarici işlər və beynəlxalq əməkdaşlıq nazirinin müavini Edmondo Çirielli isə Çin ilə Avropa arasında nəqliyyat və ticarət əlaqələrinin genişləndirilməsində həlledici rol oynayan Orta dəhlizin ölkəsi üçün əhəmiyyətini qeyd edib. Nazir müavini İtaliyanın Çin-Avropa istiqamətində yükdaşımaların artmasına xidmət edən layihələri dəstəklədiyini, Mərkəzi Asiya ölkələri və Xəzər dənizinin bu mənada mühüm rol oynadığını deyib.

Edmondo Çirielli Azərbaycanın Cənubi Qafqaz regionunda İtaliyanın ən böyük ticarət tərəfdaşı, eləcə də əsas neft və təbii qaz təchizatçısı olduğunu qeyd edib.

Azərbaycanın İtaliyadakı səfiri Rəşad Aslanov ölkəmizin Orta dəhlizdə birləşdirici rol oynadığını, həyata keçirdiyi regional və beynəlxalq əhəmiyyətli layihələrlə dəhlizin işinə öz töhfəsini verdiyini bildirib.

Rəşad Aslanov deyib ki, Orta dəhlizin əsas halqalarından biri olan Azərbaycan dəhlizin təhlükəsiz və səmərəli fəaliyyətini təmin etmək üçün mühüm tədbirlər həyata keçirib. Belə ki, son illərdə bu istiqamətdə böyükhəcmli investisiyalar yatırılıb və dəhlizin bu hissəsi təkmilləşdirilib.

Diplomat ölkəmizin tranzit potensialının və logistik imkanlarının artırılmasında Şərq-Qərb və Şimal-Cənub istiqamətlərində olan bütün nəqliyyat layihələrinin, o cümlədən Bakı-Tbilisi-Qars dəmir yolu, Bakı Limanının əhəmiyyətini vurğulayıb. Səfir Azərbaycanın bütün nəqliyyat layihələrinin icrası və fəaliyyətini dəstəkləmək iqtidarında olduğunu bildirib: “Son illərdə Azərbaycan ərazisindən tranzit yük dövriyyəsi ilə bağlı göstəricilərdə mühüm artım müşahidə olunur. Belə ki, ötən il ölkəmizdən keçən tranzit yüklərin həcmi 75 faiz artıb. Azərbaycan həmin göstəricilərin daha da artırılmasına qadirdir və dəhliz boyunca ölkələrlə bu istiqamətdə səylərini davam etdirir”.

Siena Universitetinin geosiyasi analitiki Fabio İndeo Orta dəhlizin coğrafi baxımdan Qərbi Çin və Avropa arasında ən qısa yol olduğunu deyib. Bildirib ki, bu dəhlizlə hərəkət edən qatarlar Çindən Avropaya yükləri orta hesabla 20-25 günə çatdırır, bu da nəqliyyat dəhlizinin əsas üstünlüklərindən biridir.

Daha sonra çıxış edən Türkmənistanın, Qazaxıstanın, Özbəkistanın, Qırğızıstanın və Tacikistanın İtaliyadakı səfirləri ölkələrinin yükdaşıma potensialından və tranzit imkanlarından bəhs ediblər.

Qeyd olunub ki, Orta dəhliz Mərkəzi Asiya vasitəsilə Çin və Avropa arasında ən qısa marşrutlardan biridir. Bu dəhliz həmin ölkələrin və daha geniş regionun iqtisadi mənzərəsinə əhəmiyyətli dərəcədə təsir etmək potensialına malik imkanlar təqdim edir. Həmçinin Orta dəhlizin genişləndirilməsi və təkmilləşdirilməsi istiqamətində aparılan davamlı səylər nəticəsində mühüm irəliləyiş əldə olunub.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti