news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 18 dekabr 2024

Romada Azərbaycan Mədəniyyət Elçiləri Toplantısı keçirilib

İtaliyanın paytaxtı Romadakı Azərbaycan Mədəniyyət Mərkəzində Azərbaycan Mədəniyyət Elçiləri Toplantısı keçirilmişdir. Tədbir Azərbaycanın Mədəniyyət Nazirliyinin təşkilatçılığı, ölkəmizin İtaliyadakı səfirliyinin və Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə baş tutmuşdir.

Toplantıda əvvəlcə beynəlxalq müsabiqələr laureatı, dirijor və bəstəkar Abuzər Manafzadə Azərbaycan Respublikasının Dövlət Himnini səsləndirmiş, sonra videoçarx nümayiş etdirilmişdir.

Toplantıda çıxış edən Azərbaycanın İtaliyadakı səfiri Rəşad Aslanov ölkəmizin incəsənət və mədəniyyət xadimlərini Romada görməkdən məmnunluğunu ifadə etmiş, Azərbaycanın İtaliyadakı səfirliyinin tabeliyindəki Mədəniyyət Mərkəzinin fəaliyyətindən bəhs etmişdir.

Azərbaycanın mədəniyyət naziri Adil Kərimli çıxışında tədbirdə iştirak edən şəxslərin hər birinin mədəniyyətimizin müxtəlif sahələri üzrə xüsusi nailiyyətləri ilə seçilən, onun təbliğinə töhfə verən, harada yaşamasından asılı olmayaraq, Azərbaycan milli kimliyinin daşıyıcıları olan dəyərli həmvətənlərimiz olduğunu bildirmiş, bu şəxslərin Azərbaycanın və zəngin mədəniyyətinin təbliğinə verdiyi töhfələrin, Vətənə bağlılıqlarının təqdirəlayiq olduğunu qeyd etmişdir.

Görüşün Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü ərəfəsində keçirilməsinin xüsusi məna daşıdığını bildirən Adil Kərimli demişdir ki, belə tədbirlər milli həmrəyliyimizi daha da gücləndirir, mədəniyyətimizin qlobal miqyasda tanıdılmasına yeni təkan verir və beynəlxalq ictimaiyyət qarşısında mədəni dəyərlərimizin təqdim olunmasında mühüm rol oynayır.

Nazir Azərbaycanın mədəni irsinin tarix boyu dövlət tərəfindən xüsusi diqqət və qayğı ilə qorunduğunu, zənginləşdirildiyini və gələcək nəsillərə çatdırıldığnı qeyd etmiş, mədəniyyətimizin inkişafına xüsusi qayğı göstərən Ümummilli Lider Heydər Əliyev incəsənət xadimlərinin potensialının üzə çıxarılmasına, gənc istedadların dəstəklənməsinə, onların xaricdə təhsil alaraq peşəkar bacarıqlarının artırılmasına hər zaman böyük önəm verdiyini vurğulamışdır.

“Prezident İlham Əliyev tərəfindən mədəniyyətin inkişafı dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilib, ölkəmizdə mədəni irsin qorunub yaşadılması və təbliği istiqamətində ardıcıl və səmərəli addımlar atılır. Azərbaycan mədəniyyətinin himayədarı, Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın yaradıcı insanlara, həmçinin incəsənət xadimlərinə göstərdiyi diqqət, milli mədəni dəyərlərimizin beynəlxalq aləmdə tanıdılmasına verdiyi dəyərli töhfələr mədəniyyət xəzinəmizin daha da zənginləşməsinə zəmin yaradır. Bu fəal dəstək nəticəsində Azərbaycan mədəniyyəti geniş coğrafiyalara yayılır, incəsənət nümayəndələrimiz dünyanın mötəbər səhnələrində mədəniyyətimizi layiqincə təbliğ edirlər”, - deyə Nazir çıxışını yekunlaşdırmışdır.

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Azərbaycan diasporunun fəaliyyətdən bəhs edib, xaricdə yaşayan soydaşlarımızın ölkəmizin mədəniyyətinin beynəlxalq aləmdə təbliğində mühüm rol oynadıqlarını bildirmişdir.

Milli Məclisin Mədəniyyət komitəsinin sədr müavini Günay Əfəndiyeva toplantıda iştirak edən mədəniyyət elçilərinin Azərbaycanın zəngin mədəni irsinin təbliğində müstəsna xidmətlər göstərdiyini qeyd etmişdir.

Sonra Azərbaycan mədəniyyəti və incəsənətinə dair videoçarx nümayiş etdirilmişdir.

Azərbaycanın tanınmış teatr və kino aktyoru, Əməkdar incəsənət xadimi, Xalq artisti, rejissor, Çukurova Universitetinin professoru Cahangir Novruzov, Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Xalq artisti Firəngiz Əlizadə, Fransadakı “Toğrul Nərimanbəyov” Assosiasiyasının rəhbəri, “Natəvan” həftəsonu məktəbinin müəllimi Azərbaycan Rəssamlıq Akademiyasının dosenti, Əməkdar rəssam Əsmər Nərimanbəyova, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının professoru, Xalq artisti Yalçın Adıgözəlov, Azərbaycan-Amerika Musiqi Fondunun rəhbəri Cəmilə Cavadova-Spitsberq, Xalq artisti, tanınmış kino və teatr aktyoru Fəxrəddin Manafov və Azərbaycan Yazıçılar Birliyinin katibi, Xalq yazıçısı Çingiz Abdullayev çıxış edərək görüşün əhəmiyyətini vurğulamış, dövlətimizin mədəniyyət və incəsənət nümayəndələrinə daimi qayğısından bəhs etmişdilər.

Sonda xatirə şəkli çəkdirilmişdir.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti