“Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir”
news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 03 iyun 2016

Qax və İtaliyanın Bormio şəhərləri arasında dostluq və qardaşlıq əlaqələri genişlənir

 

http://azertag.az/xeber/956749

 

Qax şəhəri ilə qardaşlaşan İtaliyanın Bormio şəhərinin nümayəndə heyəti Qax rayonuna səfər edib. Nümayəndə heyətinin tərkibinə Bormio şəhərinin yerləşdiyi Lombardia regionu hökumətinin təmsilçiləri, siyasətçilər və iş adamları daxildir.

AZƏRTAC xəbər verir ki, səfər proqramına uyğun olaraq, Qax şəhərindəki Heydər Əliyev Mərkəzində yerli iş adamlarının və İtaliyadan gələn nümayəndə heyətinin iştirakı ilə işgüzar forum keçirilib.

İtaliyalı qonaqlar əvvəlcə Mərkəzlə yaxından tanış olub, ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən ekspozisiyaya baxıblar.

Forumu Milli Məclisin deputatı, Azərbaycan-İtaliya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun sədri Azər Kərimli açaraq, 2014-cü il martın 8-də İtaliyada Qax və Bormio şəhərləri arasında qardaşlaşma haqqında sənədin imzalandığını xatırladıb. Bildirib ki, imzalanmış sənəddə iki şəhər arasında iqtisadi-sosial, həmçinin mədəniyyət, elm, incəsənət və digər sahələrdə əlaqələrin inkişaf etdirilməsi, təcrübə mübadilələrinin həyata keçirilməsi nəzərdə tutulub.

“Bu, Bormio nümayəndə heyətinin Qax şəhərinə ilk səfəridir. Əsas məqsəd qardaşlaşmış şəhərlər arasında əməkdaşlığı, dostluq əlaqələrini daha da genişləndirməkdir. Dünyada baş verən iqtisadi maliyyə böhranına baxmayaraq, bu gün Azərbaycana, eləcə də Qax rayonuna investisiya yatırmağın əsl vaxtıdır”, - deyə A.Kərimli qeyd edib.

İtaliyanın Valtellina bölgəsində 250 min nəfər əhalinin yaşadığı 78 bələdiyyəni özündə birləşdirən Bələdiyyələr Assosiasiyasının rəhbəri xanın Karla Çioccarelli qonaqpərvərliyə görə rayon rəhbərliyinə minnətdarlığını bildirib. Vurğulanıb ki, hər iki şəhər arasında bir çox oxşar cəhətlər var. Şəhərlər arasında qardaşlaşma gələcək əməkdaşlıq üçün yaxşı zəmin yaradır. Bu əməkdaşlıq yalnız iqtisadi sahə ilə məhdudlaşmamalı, eyni zamanda, turizm və digər sahələri də əhatə etməli, uzunmüddətli olmalıdır.

Rayon icra hakimiyyətinin başçısı Musa Şəkiliyev qonaqlara Qax rayonunun tarixi, coğrafi mövqeyi, iqtisadiyyatı, mədəniyyəti, turizm potensialı barədə geniş məlumat verib. İcra hakimiyyətinin başçısı italiyalı iş adamlarını kənd təsərrüfatı məhsullarının istehsalı sahəsində kiçik emal müəssisələrinin yaradılmasında iştirak etməyə dəvət edib.

Nümayəndə heyətinin üzvü, uzun illər İtaliya Senatında və Avropa Parlamentində çalışan, hazırda isə Brüsseldə fəaliyyət göstərən “Azadlıq və Demokratiya Uğrunda Avropa” siyasi fondunun prezidenti Provera Fiorello Azərbaycanı müxtəlif dinlərin təmsilçilərinin mehribanlıq şəraitində birgə yaşadıqları çox nadir ölkələrdən biri olduğunu diqqətə çatdırıb.

Sonra Qax və Bormio şəhərlərinin iqtisadiyyatı və turizm imkanlarından bəhs edən filmlər nümayiş etdirilib.

Görüşün sonunda qonaqlara xatirə hədiyyələri təqdim edilib.

Daha sonra italiyalı qonaqlar Qax şəhərinin görməli yerləri ilə tanış olublar. Şəhərin qədim tarixi hissəsi – “İçəribazar” Turizm və Mədəniyyət Mərkəzi ilə tanışlıq qonaqların böyük marağına səbəb olub. Nümayəndə heyətinin üzvləri buradakı sənətkarlıq emalatxanalarına baxıb, yerli sənətkarlarla söhbətləşib, şirniyyatlarla bəzədilmiş çay süfrəsinə qonaq olub, musiqiçilərin ifasında konsert proqramına tamaşa ediblər.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti