“Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir”
news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 13 oktyabr 2016

“Made in Azerbaijan” brendi təşviq olunur

http://azertag.az/xeber/999154

Xəbər verildiyi kimi, Prezident İlham Əliyev "Xarici ölkələrə ixrac missiyalarının təşkilinə, xarici bazarların araşdırılması və marketinq fəaliyyətinə, "Made in Azerbaijan" brendinin xarici bazarlarda təşviqinə, yerli şirkətlərin ixracla bağlı xarici ölkələrdə sertifikat və patent almasına, ixracla əlaqəli tədqiqat-inkişaf proqram və layihələrinə çəkilən xərclərin dövlət büdcəsi hesabına ödənilən hissəsinin müəyyənləşdirilməsi və ödənilmə mexanizminin tənzimlənməsi Qaydasının təsdiq edilməsi haqqında" Fərman imzalayıb.

AZƏRTAC xəbər verir ki, oktyabrın 6-da İqtisadiyyat Nazirliyinin təşkilatçılığı ilə Fərmandan irəli gələn vəzifələrin icrasına həsr olunan tədbir keçirilib. Tədbirdə qeyri-neft sektorunun müxtəlif sahələrində fəaliyyət göstərən 60-dan çox yerli şirkətin nümayəndəsi iştirak edib.

Fərmanla verilmiş tapşırıqlar barədə məlumat verən Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) rəhbəri Rüfət Məmmədov xarici ölkələrə ixrac missiyalarının təşkilinin, "Made in Azerbaijan" brendinin xarici bazarlarda təşviqinin, eləcə də xarici bazarların araşdırılmasına, yerli şirkətlərin ixracla bağlı xarici ölkələrdə sertifikat və patent almasına, ixracla əlaqəli tədqiqat-inkişaf proqramlarının və marketinq fəaliyyətinin dəstəklənməsinin nəzərdə tutulduğunu qeyd edib. Bildirilib ki, qeyri-neft məhsullarının istehsalçıları xarici ölkələrə ixrac zamanı bu dəstək tədbirlərindən yararlana bilərlər. Fərmanın icrasının təmin olunması məqsədilə yerli məhsulların xarici bazarlara çıxarılması işinin təşkili, xarici bazarların araşdırılması, "Made in Azerbaijan" brendinin xaricdə təşviqinə çəkilən xərclərin dövlət hesabına ödənilən hissəsinin müəyyənləşdirilməsi qaydası və Azərbaycan mənşəli qeyri-neft məhsullarının ixracının stimullaşdırılması ilə bağlı görülmüş işlər barədə hesabat forması təsdiq olunub.

Diqqətə çatdırılıb ki, dəstək tədbirlərindən yararlanacaq ixracatçıları müəyyən etmək üçün İqtisadiyyat Nazirliyi tərəfindən müsabiqə təşkil ediləcək. İxracatçılara dəstək məbləğinin ödənilməsi isə nağdsız qaydada həyata keçiriləcək. Qeyd edilib ki, Fərmanla təsdiq edilmiş qaydalar hazırlanarkən bir sıra ölkələrin qabaqcıl təcrübəsi öyrənilib, müxtəlif ölkələrin bu sahədəki mütəxəssisləri ilə fikir mübadiləsi aparılıb. Fərmanda nəzərdə tutulan hər bir dəstək tədbiri barədə məlumat verən R.Məmmədov deyib ki, ixrac missiyasının təşkili üçün nazirlik tərəfindən missiyanın tarixi və səfər ediləcək xarici ölkələr müəyyən olunacaq. Missiyalar ölkələrin iqtisadi və ticarət əlaqələri, qeyri-neft məhsullarının ixrac potensialı, ixracatçılardan daxil olan müraciətlər nəzərə alınmaqla təşkil ediləcək. Fərmana uyğun olaraq, "Made in Azerbaijan" brendinin xarici bazarlarda təşviqi və marketinq fəaliyyətinin dəstəklənməsi məqsədilə sahibkarların beynəlxalq sərgi və yarmarkalarda vahid ölkə stendi ilə və ya fərdi qaydada iştirakı təmin olunacaq. Həyata keçiriləcək tədbirlər barədə məlumatlar İqtisadiyyat Nazirliyinin rəsmi internet saytında yerləşdiriləcək.

AZPROMO rəhbərinin müavini Yusif Abdullayev isə ixracın stimullaşdırılması mexanizmləri barədə ətraflı məlumat verib.

Tədbirin sonunda iştirakçıların sualları cavablandırılıb.

 

 

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti