“Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir”
news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 30 aprel 2024

Muxtar Babayev G7-nin İqlim, Enerji və Ətraf Mühit Nazirlər Toplantısında iştirak edir

Azərbaycanın ekologiya və təbii sərvətlər naziri, Birləşmiş Millətlər Təşkilatının (BMT) İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) prezidenti Muxtar Babayev G7-nin İtaliyanın Turin şəhərində keçirilən İqlim, Enerji və Ətraf Mühit Nazirlər Toplantısında iştirak edib.

Babayev tədbirin plenar iclaslarında çıxış edib, qlobal iqlim problemlərinə diqqət çəkib, birgə fəaliyyətin mühümlüyündən söz açıb.

Səfər çərçivəsində M.Babayev “Italgas” şirkətinin İtaliya Respublikasının Ətraf Mühit və Enerji Təhlükəsizliyi Nazirliyi və Dünya Bankı ilə birlikdə təşkil etdiyi səhər yeməyində iştirak edərək, COP29 ilə bağlı Sədrliyin prioritetləri, habelə dünya iqlim gündəliyində olan çətinliklərdən danışıb.

Bununla yanaşı, 28 aprel 2024-cü il tarixində “TES Zhero”nun təşkilatçılığı ilə keçirilən nazirlərin dəyirmi masasında çıxış edərək, COP29 hazırlıq prosesi haqqında geniş məlumat verib.

“Biofuels” Beynəlxalq Forumunda isə COP29 Baş icraçı direktoru AR-in energetika nazirinin müavini Elnur Sultanov məruzə ilə çıxış edərək, dayanıqlı bioyanacaqların nəqliyyat sahəsində effektiv həllərin təmin olunmasında rolundan danışıb.

Səfər çərçivəsində nazir M.Babayev İtaliyadan, Almaniyadan, Yaponiyadan, Kanadadan, BƏƏ-dən olan həmkarları, ABŞ-nin iqlim üzrə baş danışıqçısı, habelə Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Katibliyinin, Avropa Komissiyasının, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının, Afrika İnkişaf Bankının, Beynəlxalq Enerji Agentliyinin səlahiyyətli nümayəndələri ilə ikitərəfli görüşlər keçirib.

 

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti