news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 11 may 2026

Romada Ulu Öndər Heydər Əliyevin 103-cü ildönümünə həsr olunmuş sərgi keçirilir

 

11 may 2026-cı il tarixində Romada Adnkronos İnformasiya Mərkəzində Ulu Öndər Heydər Əliyevin 103-cü ildönümünə həsr olunmuş “Zamanın Rəngləri: Azərbaycan Rəssamlarının Baxışı” başlıqlı Azərbaycan rəssamlarının qrup sərgisinin açılış mərasimi keçirilmişdir.

Açılış mərasimində diplomatik korpus və akademik dairələrin nümayəndələri, media təmsilçiləri və Romada yaşayan həmvətənlilərimiz iştirak etmişdilər.

Açılış nitqini Azərbaycan Respublikasının İtaliya Respublikasındakı səfiri Rəşad Aslanov söyləmişdir. Səfir bildirmişdir ki, ötən əsrin 90-cı illərində ölkəmizin keçirtdiyi çətin günlərdə hakimiyyətə gələn Ümummilli Lider Heydər Əliyev bir ölkənin parlaq gələcəyinin qurulmasında gənclər və mədəniyyətin mühüm roluna vurğu edərək, uzaqgörən siyasətinin nəticəsində məhz bu sahələrin inkişaf etdirilməsinə xüsusi diqqət ayırmışdır. Beləliklə, bu gün ölkə hüdudlarından kənarda da geniş kütləyə tanınan gənc və istedadlı Azərbaycanınlı rəssamların olduğunu söyləyən R. Aslanov onların 14-nün əsərlərinin bugünki sərgidə nümayiş olunduğunu tədbir iştirakçılarının diqqətinə çatdırmışdır.

Daha sonra Azərbaycanın İtaliyadakı Mədəniyyət Mərkəzinin direktor müavini Gülnar Tağızadə sərgi haqqında ətraflı məlumat vermiş, Ulu Öndərin “mədəniyyət xalqları birləşdirmək üçün ən güclü vasitələrdən biridir” sözlərini xatırladaraq, əsərlərin həm Azərbaycanı, həm də İtaliyanı tərənnüm etdiyini, iki ölkə arasında mövcud olan və daha da möhkəmlənən mədəni bağların təcəssümü olduğunu bildirmişdir.

Rəssamlar Aylal Heydərova, Cəsar Məmmədov, Ayan Əziz Məmmədova, Nizar Məmmədov, Aynur Sakitqızı, Nihad Ağazadə, Tomris Vəliyeva, Xanlar Əsədullayev, Sevinc Məhəməliyeva, Aqşin Kazımov, Emiliya Əsədullayeva, Mahir Qafarov, Sevinc Hacıyeva, Çinarə Baxşıyeva-Qafarovanın əsərləri sərgini ziyarət edənlər tərəfindən böyük maraqla qarşılanmışdır.

14 rəssamın 31 rəsm əsəri və 3 heykəltəraşlıq nümunəsinin nümayiş olunduğu sərgi may ayının 17-dək ictimaiyyət üçün açıq olacaqdır.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti