“Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir”
news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 10 mart 2020

Məlumat

İtaliya ərazisində koronavirus epidemiyasına yoluxanların sayında kəskin artımın qeydə alınması ilə əlaqədar olaraq, virusun daha geniş ərazilərə nüfuz etməsinin qarşısının alınması məqsədilə 9 mart tarixində İtaliya hökuməti tərəfindən əlavə təxirəsalınmaz və preventiv tədbirlərin görülməsini nəzərdə tutan yeni qərar qəbul edilmiş və qərar baş nazir Cüzeppe Konte tərəfindən imzalanmışdır. Yeni qərara görə, 10 mart 2020-ci il tarixindən başlayaraq 03 aprel 2020-ci il tarixinədək bütün İtaliya ərazisi “qapalı zona” elan olunur və virusun ilk olaraq yayıldığı “qırmızı zona”: Lombardiya regionu və digər 14 əyalətə tətbiq olunan aşağıdakı ciddi qayda və məhdudiyyətlərin bütün ölkə ərazisinə münasibətdə tətbiq olunması nəzərdə tutulur:

- İş xarakterli və ya sağlamlıq vəziyyəti ilə əlaqədar olanlar istisna olmaqla, giriş və çıxışın qadağan olunması. Zəruri ərzaq məhsullarının alınması məqsədilə hər ailədən yalnız bir nəfərin evdən çıxmasına icazə verilməsi, maksimum çox vaxt ərzində evdə qalmağa üstünlük verilməsi,

- Virusa yoluxmuş bütün şəxslər üçün məcburi və ciddi karantin rejiminin tətbiq olunması,

- Bütün təhsil müəssisələrinin bağlanması,

- Bütün muzey, kino, teatr, idman zalları, istirahət mərkəzləri, diskoteka, bar və oyun mərkəzlərinin bağlanması,

- Futbol oyunları da daxil olmaqla bütün kütləvi tədbirlərin qadağan olunması,

- Yalnız ərzaq mağazalarının saat 6:00-dan 18:00-dək məhdud rejimdə çalışması və müştərilər arasında 1 metrlik təhlükəsizlik məsafəsinin qorunmasına ciddi nəzarət edilməsi,

- Kilsə və digər dini mərkəzlərin məhdud rejimdə çalışması, bütün kütləvi mərasimlərin keçirilməsinin qadağan olunması və sair.

Qərarda qeyd olunan təhlükəsizlik qaydalarının pozulmasına görə inzibati və cinayət məsuliyyəti də nəzərdə tutulur.

VACİB! İtaliya ərazisində olan və müvəqqəti səfərə gəlmiş xarici ölkə vətəndaşlarına və turistlərə öz ölkələrinə qayıtmalarına icazə verilir.

İtaliya Respublikasının Nazirlər Şurası yanında Mülki Müdafiə departamentinin yaydığı son məlumata (9 mart, 18:00) görə, ölkə ərazisində virusa yoluxanların sayı 7985 nəfər, virusdan ölüm halları isə 463 nəfər təşkil edir və 724 nəfərdə sağalma qeydə alınmışdır.

DİQQƏT!

Səfirlik İtaliya ərazisində olan bütün AR vətəndaşlarından ölkədə baş verən epidemioloji vəziyyət ilə bağlı İtaliya hökumətinin qəbul etdiyi qayda və tövsiyələrə ciddi əməl etməyi xahiş edir.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti