“Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir”
news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 06 may 2016

İtaliya mətbuatında ulu öndər Heydər Əliyev haqqında məqalələr yayılıb

http://azertag.az/xeber/949922

 

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü münasibətilə italiyalı jurnalist Romalo Martelloninin “Globalist”, “Notizie Geopolitiche”, “Andradelab” kimi analitik-xəbər portallarında “Azərbaycan və Heydər Əliyev: qırılmaz tellər” adlı məqaləsi yayılıb. Bu barədə AZƏRTAC-a Azərbaycanın İtaliyadakı səfirliyindən məlumat verilib.

Müəllif məqaləsinə bu sözlərlə başlayır: “Bir çox dövlətlər var ki, onların tarixi və mədəniyyəti həmin dövlətlərin keçmişinə və bu gününə öz təsirini göstərmiş xalqı üçün dəyərli olan böyük şəxsiyyətlərlə bağlıdır. Bu dövlətlərdən bir də Azərbaycandır. Artıq bir müddətdir ki, yüksək tərəqqi və inkişaf yaşayan Qafqaz ölkəsinin paytaxtı Bakını və onun əyalətlərini gəzərək xalqın Heydər Əliyevi necə xatırladığını və sevdiyini müşahidə etmək olar. Azərbaycanı hazırkı iqtisadi qüdrətinə çatdıran, Avropa, o cümlədən İtaliya üçün etibarlı tərəfdaş edən bu şəxsiyyətin doğum günü 10 may tarixində nəinki ölkə daxilində, həm də xaricdə möhtəşəm tədbirlərlə qeyd olunur”.

Yazısında Ümummilli Liderin həyat və fəaliyyətinin əsas məqamlarını xronoloji ardıcıllıqla verən müəllif Sovet İttifaqı dönəmində Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi dövrü Azərbaycanda yenilənmə, dinamik inkişaf və mədəni intibah dövrü kimi qiytmətləndirir, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsində səhiyyə, ağır və yüngül sənaye, nəqliyyat, kommunikasiya, mədəniyyət və təhsil kimi sahələri kurasiya etdiyini diqqətə çatdırır. Heydər Əliyevin SSRİ Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosu və baş katib M.Qorbaçovun siyasəti ilə razılaşmayaraq vəzifəsini tərk etdiyini, Qara Yanvar hadisələrindən dərhal sonra Azərbaycanın Moskvadakı nümayəndəliyinə gələrək Azərbaycan əhalisinə qarşı törədilmiş bu cinayətlərə sərəncam verən və icra edənlərin dərhal cəzalandırılmasını tələb etdiyini, bir qədər sonra isə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində sovet rəhbərliyinin nümayiş etdirdiyi ikiüzlü siyasətə etiraz olaraq Kommunist Partiyası sıralarından çıxdığını yazır.

SSRİ-nin dağılması və müstəqilliyin bərpasından sonra Azərbaycanın çox çətin dövrdən keçdiyini vurğulayan müəllif vətəndaş müharibəsi və yenicə bərpa edilmiş müstəqilliyin itirilməsi təhlükəsi qarşısında xalqın Heydər Əliyevi vəziyyətin öhdəsindən gələ biləcək yeganə lider kimi gördüyünü, onun xalqın tələbi ilə hakimiyyətə qayıtdığını yazır. Müəllif vurğulayır ki, Heydər Əliyevin Azərbaycan rəhbərliyinə qayıdışı ilə dövlət müstəqilliyi qorunub saxlanıldı, ölkənin ictimai-siyasi, sosial, iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrində, elmi əsaslarında dönüş yarandı, demokratik prinsiplərə uyğun müstəqil dövlət quruculuğu prosesi başlandı.

R.Martelloni bildirir ki, Azərbaycan ərazisinin 20 faizinin Ermənistan silahlı qüvvələri tərəfindən işğalı və 1 milyon azərbaycanlının qaçqın və məcburi köçkünə çevrilməsi ilə nəticələnmiş Dağlıq Qarabağ münaqişənin həlli Heydər Əliyev siyasətinin prioriteti idi. Onun hakimiyyətə qayıdışı ilə Azərbaycanda milli ordu quruculuğunda ciddi dəyişikliklər başlandı, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü dayandırıldı, cəbhə xəttində atəşkəs elan edilməsinə nail olundu və münaqişənin nizamlanması üçün danışıqlar prosesi başlanıldı. Ölkəyə rəhbərlik etdiyi bütün dövrlərdə Heydər Əliyev xarici siyasətinin böyük bir hissəsini bu münaqişənin bu gün də olduğu kimi, Azərbaycanın ərazi bütövlüyünə hörmət və Ermənistan qoşunlarının işğal olunmuş Azərbaycan torpaqlarından çıxarılması əsasında həllinə həsr etmişdi.

Ümummilli Liderin yürütdüyü daxili siyasətə diqqət yetirən müəllif həmin dövrün Azərbaycanda demokratik institutların möhkəmləndirilməsi üçün çoxsaylı addımların atılması ilə səciyyələndiyini, ölkədə hüquqi və demokratik dövlət quruculuğu yolunun seçildiyini, 1995-ci ildə Azərbaycan Respublikası Konstitusiyasının qəbul edildiyini, aparılan islahatlar nəticəsində ölkənin bütün hüquq sistemində köklü dəyişikliklərə səbəb olan yeni mütərəqqi qanunların qəbul edildiyini bildirir.

Ümummilli Liderin hakimiyyətə gəlməsindən sonra Azərbaycanın xarici siyasətində əsaslı dəyişikliklərin baş verdiyini yazan R.Martelloni müstəqil Azərbaycan dövlətinin beynəlxalq münasibətlər sistemində yerinin, yaxın dövr üçün prioritetlərinin, Avropa ölkələri və ABŞ, yeni müstəqil dövlətlər və Rusiya, türkdilli dövlətlər və Türkiyə, müsəlman dünyası və İran, Asiya, Afrika və Cənubi Amerika ölkələri ilə əlaqələrinin istiqamətlərinin, aparıcı strategiyasının müəyyənləşdirildiyini vurğulayır, Heydər Əliyevin ardıcıl və məqsədyönlü şəkildə həyata keçirdiyi xarici siyasət kursunun ən mühüm uğurlarından biri kimi Azərbaycanın Avropa ailəsinə qoşulmasını və 2001-ci ildə Avropa Şurasına üzv qəbul edilməsini vurğulayır, bütün bunların Azərbaycanın beynəlxalq etibarlı tərəfdaşa çevrilməsinə böyük töhfə verdiyini qeyd edir.

Məqalədə diqqətə çatdırılır ki, Heydər Əliyevin həyata keçirdiyi iqtisadi islahatların nəticəsində 1996-cı ildən başlayaraq ölkədə hərtərəfli iqtisadi inkişaf vüsət aldı və müasir texnologiyaya əsaslanan sənaye iqtisadiyyatı formalaşmağa başladı. Azərbaycanın neft strategiyasının reallaşmasının və 1994-cü ildə “Əsrin müqaviləsi”nin imzalanmasının Heydər Əliyevin adı ilə bağlı olduğunu yazan R.Martelloni vurğulayır ki, bu gün Azərbaycan Bakı-Tbilisi-Ceyhan neft kəməri da daxil olmaqla, strateji neft və qaz kəmərləri şəbəkəsi vasitəsilə öz enerji ehtiyatlarını təchiz etməklə Avropanın enerji təhlükəsizliyinə töhfə verməyə davam edir. Bu illər ərzində İtaliya Azərbaycan neftinin əsas istehlakçılarından olub və TAP layihəsinin həyata keçirilməsi ilə Azərbaycan qazının da əsas istehlakçısı olacaq ki, bununla, eyni zamanda, İtaliya Avropanın enerji mərkəzinə çevriləcək. Bütün bunlar Heydər Əliyevin əsasını qoyduğu və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən strategiyanın nəticəsidir.

Müəllif məqaləsini bu fikirlərlə yekunlaşdırır: “Bu gün azərbaycanlılarla, o cümlədən gənc nəslin nümayəndələri ilə söhbət zamanı aydın olur ki, bütün ömrünü ölkəsinin çiçəklənməsinə həsr etmiş Heydər Əliyevin şəxsiyyəti həm doğum günündə, həm də işlərinin bəhrəsinin görüldüyü hər bir məqamda xatırlanır və yüksək qiymətləndirilir”.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti