“Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir”
news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 25 fevral 2017

İtaliyalı senatorlar Xocalı soyqırımının 25-ci ildönümü ilə bağlı bəyanatlar səsləndiriblər

İtaliya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri senator Sercio Divina (Şimal Liqası Partiyası), habelə senatorlar Mariya Rizzotti (İrəli İtaliya Partiyası) və Hans Berqer (Muxtariyyət Naminə siyasi fraksiyası) Xocalı soyqırımının 25-ci ildönümü ilə bağlı Senatın plenar iclasında çıxış edərək, burada mülki əhaliyə qarşı törədilmiş vəhşiliklər, insan itkiləri və qurbanların başına gətirilmiş ağır işgəncələrdən danışıb, habelə Ermənistan-Azərbaycan münaqişəsi barədə məlumat verib, soyqırımını törətmiş Ermənistan Respublikasına rəhbərlik edən və birbaşa Xocalı qətliamına görə məsuliyyət daşıyan şəxslərin cəzalandırılmasını tələb ediblər. Senatorlar İtaliya parlamentini və hökumətini bu faciəyə biganə qalmamağa, bəşəriyyət əleyhinə bu cür cinayətlərin gələcəkdə qarşısını almaq məqsədilə soyqırımını tanımağa dəvət ediblər.

Çıxış edən senator Sercio Divina deyib:

-Bu il 1992-ci il fevralın 26-da Azərbaycanın Xocalı şəhərində baş vermiş faciəvi soyqırımının 25-ci ildönümüdür. Faciə ilə bağlı həqiqətlər aşağıdakılardır: erməni tərəfi bu əməliyyatı hərbi əməliyyat kimi qələmə verməyə çalışır, lakin bu zaman 600 nəfərdən çox mülki şəxs, o cümlədən 100-dən çox qadın, 150-dən çox uşaq və qoca qətlə yetirilib. Müharibə mülki əhaliyə, qadınlara, uşaqlara və qocalara qarşı aparılmır!

Faciədən məlumatlı olmayanlar üçün bu, qızğın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin bir hissəsi kimi başa düşülür. BMT Təhlükəsizlik Şurasının münaqişəyə dair 4 qətnaməsi Azərbaycanın bu ərazilər üzərindəki suverenliyini tanıyır. Ötən 25 ildə burada etnik təmizləmə həyata keçirilib, bir milyondan çox azərbaycanlı öz doğma yurdlarında yaşamaqdan məhrum edilib, bu ərazilərdən zorla qovulmuş və elə bu səbəbdən də ölkənin müxtəlif yerlərində məcburi köçkün kimi yaşamağa məcbur olublar.

Qafqaz bizim üçün nisbətən uzaq regiondur, buna görə də Avropa mətbuatı buraya az diqqət ayırır; buradakı vəziyyətlə bağlı düzgün informasiya təmin etmir və kimlərinsə maraqları naminə təbliğat aparır.

Biz həmin bölgədəki vəziyyət və baş vermiş faciə ilə bağlı həqiqətlərdən danışmaq istəyirik və parlament bunu edə biləcəyimiz az yerlərdən biridir. Bənzər faciələrin baş verdiyi digər yerlərdə, məsələn, Yuqoslaviyada baş vermiş faciəvi Srebrenitsa qətliamı barədə hamımız məlumatlıyıq, burada insan haqlarının pozulması hallarının araşdırılması və cinayəti törədənlərin məsuliyyətə cəlb edilməsi ilə bağlı beynəlxalq komissiya yaradılıb.

Belə ki, biz 25 il öncə Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin Xocalı şəhərində baş verənlər barədə həqiqətləri anlamaq imkanına nail olduq. Tədqiqat komissiyasının qurulmasının tərəfdarıyam, lakin bu hərbi komissiya olmamalıdır. Çünki cinayət mülki əhaliyə qarşı törədilib.

Fevralın 26-da Azərbaycanın Dağlıq Qarabağ regionunun kiçik şəhəri olan Xocalıda erməni işğalçıları tərəfindən 1992-ci ildə törədilmiş soyqırımının 25 illiyinin tamam olduğunu bildirən senator Mariya Rizzotti deyib:

-Bu həftə biz faciənin 25-ci ildönümünü yad edirik. Erməni qoşunları tərəfindən mühasirəyə alınan mülki azərbaycanlılar etnik mənsubiyyətlərinə görə kütləvi qətliama məruz qalıblar. Onların yeganə günahı azərbaycanlı olmaları idi. Nəticə inanılmaz dərəcədə faciəvi olub: 106-sı qadın, 63-ü uşaq və 70-i qoca olmaqla 613 nəfər qətlə yetirilib, bəzi insanlar xüsusi amansızlıqla öldürülüb, ailələr tamamilə məhv edilmiş, uşaqlar valideynlərini itiriblər. Faciə nəticəsində 487 nəfər əlil olub, qadınlar və uşaqlar da daxil olmaqla 1275 nəfər əsir götürülüb, əsirlikdə olanlar işgəncələrə və fiziki zorakılığa məruz qalıblar (150 əsir itkin düşüb).

Romanın sakit mühitində yaşayaraq, Xocalı qurbanlarına qarşı törədilmiş vəhşilikləri və keçirdikləri mənəvi sarsıntıları anlamaq çətindir. Bu gün Xocalı soyqırımının canlı şahidlərinin acı xatirələri var. Bu yaxınlarda soyqırımı zamanı 20 yaşı olan bir qurbanın ermənilərin şəhərə hücuma başladıqdan sonra yaşadıqlarını əks etdirən acı xatirələrini oxumaq imkanım oldu. Şaxtalı havada meşəyə tərəf qaçaraq canını qurtarmağa çalışıb; lakin onu tutublar, təcavüz ediblər və uşaqların, qocaların, hamilə qadınların (siyahını uzatmaq olar) öldürülməsinin şahidi olub. Əsirlikdən azad edildikdən sonra Dürdanə Ağayeva adlı qadının reabilitasiya və cəmiyyətə yenidən inteqrasiyası üçün 20 il keçdi. Həyatının 20 ilini itirdi. Bu insanın ağrılarını, dünyanın buna səssiz qalması və heç kimin məsuliyyətə cəlb edilməməsi qarşısında keçirdiyi hissləri duymaq üçün bir qadın kimi mən özümü onun yerinə qoyuram və hamınızı bunu etməyə çağırıram.

Soruşuram: məgər soyqırımların birinci və ya ikinci dərəcəliləri var? Əlbəttə, Tito qoşunları tərəfindən etnik təmizləmə məqsədilə italyanlara qarşı törədilmiş vəhşiliklərin rəsmi olaraq tanınması üçün 70 il tələb olundu. Xocalı soyqırımının tanınması üçün hələ nə qədər vaxt tələb olunur?

İyirmi ildir ki, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində Dağlıq Qarabağ və ətraf yeddi rayon olmaqla Azərbaycan ərazilərinin 20 faizi işğal altındadır. Təcavüz nəticəsində 20 min Azərbaycan vətəndaşı həlak olub, bir milyondan çox qaçqın və məcburi köçkün Azərbaycanda məskunlaşıb (xatırladıram ki, ölkənin əhalisi cəmi 10 milyondur). Ermənistan qoşunlarının Azərbaycan ərazisindən geri çəkilməsini və qaçqınların öz yurdlarına qayıtmasını tələb edən BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı 4 qətnaməsi var. Bundan əlavə, BMT Baş Assambleyası, Avropa Şurası, Avropa İttifaqı, Avropa Parlamenti, ATƏT və NATO kimi beynəlxalq təşkilatların münaqişə ilə bağlı bu tipli çoxsaylı sənədləri mövcuddur. Bəs biz hələ nəyi gözləyirik?

Bu məqsədlə İtaliya Senatını və hökumətini Xocalı soyqırımını tanımağa, bu gün Ermənistanın siyasi və hərbi rəhbərliyini təşkil edən soyqırımı törədən şəxsləri ittiham etməyə və qətliam qurbanlarına mənəvi dəstək olmaq üçün Xocalı faciəsinə hüquqi və siyasi qiymət verməyə çağırıram. Həmçinin təklif edirəm ki, 26 fevral hər il Senatda Xocalı soyqırımının anım günü kimi qeyd edilsin.

Daha sonra senator Hans Berqer çıxış edərək deyib:

-Əslində bu çıxışımı 26 fevralda Xocalı soyqırımının 25-ci ildönümü günü etmək istərdim. Bildirmək istəyirəm ki, gələcəkdə bu kimi faciələrin qarşısının alınması məqsədilə, İtaliya ictimaiyyətinin bu faciə haqqında məlumatlandırılması və Senatın faciəyə düzgün qiymət verməsi olduqca əhəmiyyətlidir. Təəssüf ki, tarixin qaranlıq səhifələrində itib-batmış və ictimaiyyətin diqqətindən kənar qalmış bu kimi vəhşiliyi ilə seçilən faciəvi hadisələr mövcuddur. Bunlardan biri də Azərbaycanda baş vermiş Xocalı soyqırımıdır.

1992-ci il fevralın 25-dən 26-na keçən gecə, yenicə müstəqilliyini bərpa edən Azərbaycanın Xocalı şəhərində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ən şiddətli və faciəvi hadisəsi baş verib: Ermənistan silahlı qüvvələri şəhərə hücuma keçdilər. Məqsədləri soyqırımı törətmək və şəhər əhalisini məhv etmək idi; azərbaycanlı mülki şəxslərin məhvinə və qovulmasına yönəlmiş həqiqi soyqırımı. Kişi, qadın və uşaq meyitlərinin üzərində işgəncələr edilmişdi. Xocalı talan olundu və daha sonra yerlə bir edildi. Rəsmi rəqəmlərə əsasən, qətliam zamanı 613 azərbaycanlı, o cümlədən 106 qadın, 63 uşaq və 70 qoca xüsusi qəddarlıqla qətlə yetirilib.

Mən hamımızı bu soyqırımını unutmamağa çağırmağı özümə borc bilirəm. Ermənistanı Xocalı soyqırımı ilə bağlı tutduğu inkaretmə mövqeyindən və Azərbaycana qarşı həyata keçirdiyi təcavüzkar siyasətdən əl çəkməyə məcbur etmək üçün beynəlxalq ictimaiyyətə müraciət edirəm. Bu, insan hüquqlarının təmini və regionda sülhə nail olmaq məsuliyyətimizdən irəli gələn bir addımdır.

http://azertag.az/xeber/Italiyali_senatorlar_Xocali_soyqiriminin_25_ci_ildonumu_ile_bagli_beyanatlar_seslendiribler-1038577 

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti