“Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir”
news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 27 fevral 2024

İtaliyada Xocalı soyqırımı qurbanlarının xatirəsi yad olunub

Fevralın 26-da İtaliya Senatında Xocalı soyqırımının 32-ci ildönümü ilə əlaqədar konfrans keçirilib.

“Xocalıya ədalət: sülhə gedən yol” adlı konfransda çıxış edən İtaliya Senatında İtaliya-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri, senator Marko Skurria Xocalı faciəsinin insanlıq əleyhinə yönəlmiş ən amansız cinayətlərdən biri olduğunu vurğulayıb. Bildirib ki, bu faciə “Human Rights Watch”a görə, Ermənistanla Azərbaycan arasındakı münaqişənin ən böyük və dəhşətli qətliamı olub.

Senator Xocalı soyqırımının acı nəticələrindən kədərləndiyini, Xocalı faciəsinin inkar edilməsinin qeyri-mümkün olduğunu, beynəlxalq hüquq və ədalət naminə Xocalı faciəsi qurbanlarının yad olunmasının vacibliyini bildirib. O, Azərbaycan və Ermənistan xalqlarının faydalanacağı ədalətli və dayanıqlı sülhə nail olunmasının əhəmiyyətini qeyd edib.

İtaliya Senatında Avropa İttifaqı siyasəti komissiyasının sədri, senator Ciuliomaria Terzi Di Sant’Aqata Xocalıda yüzlərlə dinc azərbaycanlının erməni silahlı birləşmələri və sovet alayı tərəfindən qətlə yetirildiyi deyib. Bildirib ki, bu qanlı faciə Qarabağ müharibəsinin ən böyük qırğınıdır. Xocalı soyqırımına görə məsuliyyət daşıyanların cəzalandırılması isə xalqlar arasında barışıq üçün əsasdır.

Senator vurğulayıb ki, Avropa İnsan Hüquqları Məhkəməsi 2010-cu il 22 aprel tarixli qərarı ilə Xocalının mülki əhalisinin qətliamı “müharibə cinayətləri və ya insanlığa qarşı cinayətlər kimi qiymətləndirilə bilən xüsusilə ağır əməllər” kimi müəyyən edib.

İtaliya İnsan Hüquqları Federasiyası-İtaliya Helsinki Komitəsinin sədri, professor Antonio Stanqo Xocalı hadisələrinin beynəlxalq hüquqa, o cümlədən Soyqırımı Cinayətinin Qarşısının Alınması və Cəzalandırılması haqqında Konvensiyaya uyğun olaraq soyqırımı cinayəti kimi tövsif edildiyini bildirib. O deyib ki, Xocalı faciəsi Ermənistanın Azərbaycan xalqına qarşı etnik təmizləmə siyasətinin bir hissəsidir. Bu cür soyqırımı cinayətlərinin yenidən yaşanmaması üçün Xocalı faciəsinə hüquqi-siyasi qiymət verilməsi vacibdir.

İtaliyanın “Artcloud Network International” şirkətinin kreativ direktoru Fabrisio Konti Xocalıda ermənilər tərəfindən törədilən vəhşiliklərin və hərbi cinayətlərin müasir tarixin ən qanlı səhifələrindən olduğunu bildirib. O, Azərbaycanın işğaldan azad etdiyi bölgələrə tez-tez səfər etdiyini, erməni vandallıqlarının şahidi olduğunu, azərbaycanlılara qarşı törədilən etnik təmizləmə və soyqırımı cinayətlərini şahidlərin dilindən eşitdiyini deyib.

 LUISS Universitetinin beynəlxalq hüquq üzrə professoru Natalino Ronzitti isə Xocalı faciəsinə hüquqi-siyasi qiymətin verilməsinin vacibliyini vurğulayıb.

Azərbaycanın İtaliyadakı səfiri Rəşad Aslanov çıxışında Xocalı həqiqətlərindən və ermənilərin 32 il əvvəl törədikləri soyqırımı cinayətlərindən bəhs edib. O bildirib ki, Ermənistan silahlı qüvvələri tərəfindən Xocalıda törədilmiş amansız soyqırımı zamanı 613 nəfər, o cümlədən 63 uşaq, 106 qadın, 70 qocanın vəhşicəsinə qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini itirib, 130 uşaq valideynlərindən birini itirib, 76-sı uşaq olmaqla 487 nəfərin yaralanıb, 1275 nəfər əsir götürülüb və 150 nəfər itkin düşüb.

Diplomat vurğulayıb ki, Xocalıda qanlı cinayət törədənlər ədalət qarşısında cavab verməlidirlər.

Daha sonra Xocalı soyqırımının acı nəticələri barədə videoçarx nümayiş olunub. Konfrans İtaliya Senatının sosial media platformalarından canlı yayımlanıb.

 

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti