“Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir”
news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 10 may 2024

İtaliyada Ulu Öndərin anadan olmasının ildönümü qeyd edilib

Azərbaycanın İtaliyadakı səfirliyinin Mədəniyyət Mərkəzində xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə tədbir keçirilib.

Tədbirdə İtaliyada akkreditə olunmuş diplomatik korpus rəhbərləri, bu ölkədə yaşayan və təhsil alan azərbaycanlılar, Romadakı və Vatikandakı səfirliklərimizin əməkdaşları iştirak ediblər.

Ölkəmizin İtaliyadakı səfiri Rəşad Aslanov Ümummilli Lider Heydər Əliyevin Azərbaycana rəhbərliyi dövrlərində ölkəmizin tərəqqisi və inkişafı üçün göstərdiyi misilsiz xidmətləri qeyd edib.

Bildirib ki, Ulu Öndər müstəqil və müasir Azərbaycan dövlətinin qurucusu kimi hər zaman xalqımız tərəfindən dərin ehtiramla anılacaq. Müstəqilliyimizin təhlükə altında olduğu bir dövrdə Ümummilli Liderin xalqımızın rifahı və müstəqilliyimizin qorunması üçün göstərdiyi fədakarlıq, beynəlxalq əməkdaşlığın qurulması üçün nümayiş etdirdiyi güclü iradə minnətdarlıqla yaddaşlarımızda qalacaq.

Diplomat ölkəmizin təkcə regionda deyil, dünya miqyasında nüfuz və etibar qazanmasında, torpaqlarımızın işğaldan azad edilməsində Ulu Öndər Heydər Əliyev şəxsiyyətinin və irsinin böyük rolunun olduğunu vurğulayıb. Səfir otuz il ərzində işğal altında qalan torpaqlarımızın azad edilməsinin Heydər Əliyevin ən böyük arzusu olduğunu, bizim isə bu gün ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin misilsiz diplomatik və hərbi səyləri nəticəsində o arzunun reallaşdığının şahidi olduğumuzu deyib.

Tədbirin bədii hissəsində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının baş müəllimi Zərif Kərimova pianoda, Azərbaycan Dövlət Simfonik Orkestrinin solisti Nərgiz Əliyeva isə fleytada klassik musiqi nümunələrini, o cümlədən Azərbaycan mahnılarını ifa ediblər. Daha sonra tədbir ziyafətlə davam edib.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti