“Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir”
news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 16 fevral 2017

İtaliya portalları Xocalı soyqırımının şahidi Dürdanə Ağayevanın faciənin dəhşətləri barədə məqaləsini yayıb

http://azertag.az/xeber/Italiya_portallari_Xocali_soyqiriminin_sahidi_Durdane_Agayevanin_facienin_dehsetleri_barede_meqalesini_yayib-1035477 

İtaliyanın “Daily Cases” və “Caratteri Liberi” informasiya portallarında Xocalı soyqırımının şahidi Dürdanə Ağayevanın “Xocalı qətliamı: bir qadının sağ qalması və yenidən doğulması hekayəsi” sərlövhəli məqaləsi yayılıb.

Müəllif Holokost, habelə Bosniyada, Kambocada, Ruandada törədilmiş soyqırımlarından tez-tez bəhs olunmasına baxmayaraq, müasir dövrdə insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən olan Xocalı soyqırımının lazımi səviyyədə tanınmadığını vurğulayır. O, özünün Xocalı soyqırımı zamanı yaşadığı ağır hadisələrdən və bu hadisələrin onda buraxdığı psixoloji zərbələrdən söhbət açır.

Məqalədə qeyd olunur ki, Ermənistan qoşunları Xocalıda bəşəriyyətin son dövrlər ən dəhşətli kütləvi qırğınlarından birini törədərkən onun cəmi 20 yaşı var idi. O yazır ki, gözləri önündə iki yaşlı azərbaycanlı uşağın öz valideynləri ilə birlikdə necə güllələndiyinin, hamilə qadınların və qocaların avtomat süngüsü ilə necə öldürüldüyünün şahidi olub. D.Ağayeva məqaləsində Xocalıda erməni hərbçiləri tərəfindən əsir götürüldüyünü və əsirlikdə çox təhqiramiz işgəncələrə məruz qaldığını, hətta əsirlikdən qurtulduqdan sonra da uzun müddət psixoloji sarsıntı keçirdiyini vurğulayır.

D.Ağayeva daha sonra yazır ki, müsəlman qadını kimi onun erməni əsirliyində olarkən məruz qaldığı işgəncə və alçalma halları barədə ictimaiyyətə bir söz deyə bilmədiyinə görə çəkdiyi ürəkağrısını ifadə etmək onun üçün çətindir. Lakin o, başına gələn əhvalatları yalnız bölüşməklə rahatlıq və şəfa tapa biləcəyini sonradan anladığını qeyd edir və beynəlxalq səviyyədə bu faciə barədə məlumatlandırmanın təmin edilməsi üçün apardığı fəaliyyətdən söz açır.

 

 

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti