news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 08 noyabr 2024

İtaliyada Azərbaycanın Zəfər Günü qeyd edilib

8 Noyabr – Zəfər Günü Azərbaycanın İtaliyadakı səfirliyinin tabeliyindəki Mədəniyyət Mərkəzində qeyd olunmuşdur.

Tədbirdə İtaliya rəsmiləri və akademik dairələrin nümayəndələri, səfirlər və diplomatlar, bu ölkədə yaşayan həmvətənlərimiz iştirak etmişdilər.

Əvvəlcə Azərbaycanın Dövlət Himni səsləndirilmiş, torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş vətən övladlarının xatirəsi ehtiramla yad olunmuşdur.

Azərbaycanın İtaliyadakı səfiri Rəşad Aslanov Zəfər Gününün ölkəmiz üçün böyük önəm kəsb etdiyini, Ermənistanın ötən əsrin 90-cı illərinin əvvəlində Azərbaycan torpaqlarına ərazi iddiaları ilə çıxış etdiyini və ölkəmizə qarşı hərbi təcavüzə başladığını, 30 ilə yaxın müddət ərzində ərazilərimizin 20 % hərbi işğal altında qaldığını, etnik təmizləmə siyasəti nəticəsində 1 milyondan çox azərbaycanlının öz yurdundan didərgin düşdüyünü bildirmişdir.

Diplomat ərazilərinin işğalı və vətəndaşlarının hüquqlarının pozulması ilə barışmayan Azərbaycanın Ermənistanın bu işğalçı siyasətinin və onun nəticələrinin beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması istiqamətində böyük iş apardığını qeyd etmiş, bütün aparıcı beynəlxalq təşkilatların, xüsusilə də BMT Təhlükəsizlik Şurasının Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı faktını tanıyan, Ermənistan qoşunlarının Azərbaycan ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən qətnamələrin qəbul etdiyini xatırlatmış, lakin buna baxmayaraq, Ermənistan 30 ilə yaxın müddət ərzində bu qətnamələrin tələblərini yerinə yetirmədiyini, xüsusilə də təxribatçı bəyanatlar və addımlar ataraq danışıqlar prosesini məqsədyönlü şəkildə tamamilə pozduğunu, bir daha özünün əsl məqsədinin Azərbaycan ərazilərini ilhaq etməkdən ibarət olduğunu nümayiş etdirdiyini diqqətə çatdırmışdır.

Rəşad Aslanov 2020-ci il sentyabrın 27-də başlayan və 44 gün davam edən Vətən müharibəsi nəticəsində müzəffər Azərbaycan Ordusunun işğalda qalmış ərazilərimizi və bütün azərbaycanlılar üçün əziz olan Şuşa şəhərini azad etdiyini bildirmiş, münaqişədən sonrakı dövrdə Azərbaycan regionda yeni geosiyasi reallıqlar yaratdığını, hazırda sülh və inkişaf gündəliyini təşviq etdiyini, Azərbaycanın işğal dövründə Ermənistan tərəfindən minalarla çirklənmiş ərazilərin təmizlənməsi, tamamilə dağıdılmış şəhər və kəndlərin yenidən qurulması istiqamətində irimiqyaslı layihələr həyata keçirdiyini söyləmişdir.

Səfir İtaliyanın Azərbaycanın yaxın dostu, strateji tərəfdaşı olduğunu qeyd edərək, hazırda İtaliya şirkətlərinin azad edilmiş ərazilərdəki layihələrdə fəal iştirak etdiyini diqqətə çatdırmışdır.

Daha sonra ordumuzun 44 gün ərzində apardığı Vətən müharibəsi, qazanılan Zəfər və azad edilmiş ərazilərdə həyata keçirilən bərpa-quruculuq işlərinə dair videoçarx nümayiş olunmuşdur.

Tədbir konsert proqramı və Azərbaycan milli mətbəxinin təamlarından ibarət ziyafət ilə başa çatmışdır.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti