“Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir”
news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 15 sentyabr 2017

İlham Əliyev “Azəri”, “Çıraq” və “Günəşli” yataqları üzrə yeni Sazişin imzalanması mərasimdə iştirak edib

Sentyabrın 15-də - Bilik günündə Bakının Yasamal rayonundakı Arif Hüseynzadə adına 20 nömrəli məktəb-liseyin yeni inşa edilmiş binasının açılışı olub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mərasimdə iştirak ediblər.

Təhsil naziri Mikayıl Cabbarov Prezident İlham Əliyevə görülən işlər barədə ətraflı məlumat verdi. Qeyd edildi ki, 20 nömrəli məktəb-liseyin əsası 1958-ci ildə qoyulub. 1988-ci ildə məktəbin daha 4 korpusu tikilib istifadəyə verilib. 2007-ci ildə isə Prezident İlham Əliyevin Sərəncamı ilə məktəbin binası əsaslı şəkildə təmir edilib. Elə həmin il sentyabrın 15-də - Bilik günündə Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva məktəbdə aparılan yenidənqurma işləri ilə tanış olublar. Sonradan ərazidə əhalinin çoxalması ilə əlaqədar məktəbə gələn şagirdlərin sayında da böyük artım olub. Bu da təbii ki, təhsilin keyfiyyətinə təsirsiz ötüşməyib və məktəb üçün yeni binanın tikintisi zərurətə çevrilib. Bunu nəzərə alan Prezident İlham Əliyev müvafiq göstəriş verib və bu təhsil ocağı üçün əvvəlkindən daha böyük, ən müasir və dünya standartlarına uyğun yeni bina inşa edilib. Ölkəmizin ən böyük təhsil müəssisəsi olan 20 nömrəli məktəb-liseyin binası indi paytaxtın müasir və memarlıq baxımından zövq oxşayan ən yaraşıqlı binalarından biridir.

Dövlət başçısı məktəb-liseyin binasının rəmzi açılışını bildirən lenti kəsdi.

Məktəbdə yaradılan şəraitlə tanış olan Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya məlumat verildi ki, ən müasir avadanlıqla təchiz olunan funksional bina tədrisin yüksək keyfiyyətdə təşkili üçün hər cür şəraitə malikdir. Təhsil ocağında məktəbəqədər hazırlıq sinifləri də nəzərdə tutulub. Bununla yanaşı, burada 8 sinifdən ibarət olan Məktəbəqədər Təhsil Mərkəzi də fəaliyyət göstərəcək. Hazırda məktəb 4000 şagird yerlikdir. Yenidənqurmadan əvvəl isə bu təhsil ocağı cəmi 2500 yerlik olub. Burada 145 sinif otağı və fənn kabinetləri, həmçinin 7 laboratoriya var. Azərbaycan və rus bölmələri ilə birlikdə ümumilikdə 119 sinifdə 3300 şagird təhsil alır. Təhsil ocağında 260 müəllimdən ibarət pedaqoji heyət çalışır.

Məktəbdəki Heydər Əliyev Muzeyi də eksponatlarının zənginliyi ilə seçilir. Burada Ulu Öndərin həyatı və siyasi fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən maraqlı fotolar, sənədlər və kitablar toplanıb. Muzeydə yaradılan müxtəlif fotostendlər, nümayiş etdirilən əyani vəsaitlər Heydər Əliyev irsinin öyrənilməsi və gələcək nəsillərə çatdırılmasında müstəsna rol oynayacaq.

Qeyd edək ki, paytaxtın bəzi təhsil müəssisələrində olduğu kimi, bu məktəbdə də “Məktəblinin dostu” layihəsi icra olunacaq. Təhsil Nazirliyi ilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin birgə təşkil etdiyi layihənin əsas məqsədi müəllim və şagirdlər üçün təhlükəsiz mühit yaratmaq, ilkin tibbi və psixoloji yardım göstərmək, şagird, valideyn, müəllim, təlim-tərbiyə müəssisələrinin kollektivi və rəhbərliyi ilə mütəmadi olaraq maarifləndirmə və diaqnostik işlər aparmaqdır.

Müasir dünyada hər bir ölkənin gələcəyi təhsilin səviyyəsi ilə ölçülür. Təhsildəki nailiyyətlər hər bir ölkədə inkişaf konsepsiyasının mühüm tərkib hissəsidir. Azərbaycan da bu ölkələr sırasındadır. Ölkəmizdə son illərdə təhsilin inkişafı ilə bağlı həyata keçirilən tədbirlər deməyə əsas verir ki, Azərbaycan öz gələcəyini daha etibarlı və inamlı görmək istəyir. Bundan başqa, zəngin təbii sərvətləri ilə dünyanın diqqətində olan Azərbaycan bu sərvətlərdən səmərəli istifadə ilə insan kapitalının daha da inkişaf etdirilməsini başlıca hədəf seçib. Buna görə də neft gəlirləri Azərbaycanda həm də təhsilin, elmin inkişafına yönəlib.

İyirmi nömrəli məktəb-lisey üçün yeni binanın inşası bir daha təsdiqləyir ki, Azərbaycan Prezidenti İlham Əliyevin diqqəti sayəsində təhsil islahatları uğurla davam edir. Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət proqramında məktəblərin əsaslı təmiri və yenidən qurulması ilə bağlı nəzərdə tutulmuş tədbirlər plana uyğun həyata keçirilir. Bütün bunlar, ilk növbədə, şagirdlərin ən yüksək səviyyədə təhsil almaları, onların elmin sirlərinə daha dərindən yiyələnmələri üçün hərtərəfli imkanlar açır.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva ilk dəfə məktəbə qədəm qoyan birinci sinif şagirdləri ilə görüşdülər, onları Bilik günü münasibətilə təbrik etdilər. Bildirildi ki, builki tədris ilində ilk dərs məşğələsi “Cocuq Mərcanlı - tarixi qayıdışın başlanğıcı” mövzusuna həsr olunub. Məqsəd uşaq və gənclərə Azərbaycan Ordusunun 2016-cı il aprel döyüşlərində göstərdiyi qəhrəmanlıqlar və işğaldan azad olunan torpaqlarımıza qayıdışın rəmzinə çevrilən Cocuq Mərcanlı kəndi haqqında daha dolğun məlumatların verilməsidir.

Dövlət başçısı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva şagirdlərlə xatirə şəkli çəkdirdilər.

Ölkəmizdə təhsilin inkişafında, onun maddi-texniki bazasının möhkəmlənməsində Heydər Əliyev Fondunun da müstəsna xidmətləri var. Fondun “Yeniləşən Azərbaycana yeni məktəb”, “Təhsilə dəstək”, “Uşaq evləri və internat məktəblərinin inkişafı” proqramları və digər layihələri bu sahənin inkişafında mühüm rol oynayıb. Həmin proqram və layihələrin uğurlu olmasını şərtləndirən əsas amillərdən biri də Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın bu məsələləri daim diqqətdə saxlamasıdır.

İyirmi nömrəli məktəb-liseydə yaradılan şərait həm də onu göstərir ki, Azərbaycanda təhsilin və elmin inkişafına ən yüksək səviyyədə dövlət qayğısı var. Çünki dövlətin yürütdüyü siyasətin prioritetlərindən biri də insan kapitalının daha da inkişaf etdirilməsidir. Bu baxımdan təhsil sahəsinə qoyulan investisiyalar mühüm əhəmiyyət kəsb edir.

Sonra Prezident İlham Əliyev məktəbin müəllim və şagird kollektivi ilə görüşdü.

Dövlət başçısı görüşdə çıxış etdi.

Prezident İlham Əliyevin çıxışı

- Sabahınız xeyir olsun. Mən, ilk növbədə, sizi yeni dərs ili münasibətilə təbrik etmək istəyirəm. Bu dərs ilində siz yeni məktəbdə oxuyacaqsınız, işləyəcəksiniz. Bütün uşaqları, şagirdləri, müəllimləri bu gözəl hadisə münasibətilə təbrik edirəm.

İyirmi nömrəli məktəb indi dünyanın ən yüksək standartlarına cavab verir. Bəlkə də biz özümüz yeni standartları müəyyən edirik. Bu məktəbin çox böyük tarixi var, həmişə ölkəmizin ən böyük məktəbi olmuşdur və bu gün də ölkəmizin ən böyük məktəbi kimi öz fəaliyyətini yeni binada davam etdirir.

Təxminən 10 il bundan əvvəl məktəbin təmiri ilə bağlı müəyyən tədbirlər görülmüşdü, mən bu məktəbdə olmuşdum. Təmir işləri aparılmışdı, o vaxt üçün bəlkə də pis aparılmamışdı, ancaq bizim bugünkü inkişafımızın səviyyəsinə uyğun gəlmirdi. Ona görə də qərar qəbul olundu ki, məktəbin binası sökülsün və yeni məktəb tikilsin. Xatırlayıram, o vaxt da valideynlər, müəllimlər tərəfindən müxtəlif fikirlər, narahatlıqlar var idi ki, bu məktəb söküləcək və yerində başqa bir bina tikiləcək. Bəzən olur, şəhərimizdə belə şayiələr gəzir, ancaq əlbəttə ki, onların heç bir əsası yox idi. Bizim planlarımız elə bəri başdan ondan ibarət idi ki, bu yerdə, 20 saylı məktəbin tarixi yerində yeni gözəl məktəb tikilsin və biz bunu da etdik. İki il yarım ərzində möhtəşəm bir bina tikildi. Tam əminliklə demək mümkündür ki, bu gün ölkəmizin ən böyük və ən gözəl məktəbi 20 saylı məktəbdir. Bu adı qazanmaq hazırda o qədər də asan deyil. Çünki son illərdə həm Bakıda, həm bölgələrdə bir çox gözəl məktəblər tikilib. Məktəblərin bəziləri memarlıq abidələridir. Bu gün 20 saylı məktəb doğrudan da bütün məktəblər arasında gözəlliyi, rahatlığı və təchizatı ilə fərqlənir. Əminəm ki, burada təhsilin keyfiyyəti də ən yüksək səviyyədə olacaqdır.

Son illər ərzində Bakı şəhərində demək olar ki, məktəblərin tam əksəriyyəti əsaslı təmir olunub, yeni korpuslar, yeni məktəblər tikilib. Bakıda 300-dən çox məktəb var. Son məlumata görə, təmirə ehtiyacı olan məktəblərin sayı təqribən 20-yə yaxındır. Əminəm ki, gələn il və əgər çatdıra bilməsək, 2019-cu ildə Bakının bütün məktəbləri ən yüksək standartlara cavab verəcək.

Bu il Bakı şəhərində 10 məktəb əsaslı təmir olunub, biri tikilib. Ölkə üzrə isə 70-dən çox məktəb əsaslı təmir olunub, tikilib. Tikinti işləri davam edir. Bilirsiniz ki, bölgələrdə, ucqar kəndlərdə indi modul tipli məktəblər tikilir. Onlardan 100-ü bu il və gələn il istifadəyə verilməlidir. Beləliklə, qəzalı məktəblərlə bağlı olan problem də əminəm ki, yaxın iki-üç il ərzində öz həllini tam tapacaq.

Azərbaycanda məktəb tikintisi sürətlə gedir. Bu prosesə ilk təkanı Heydər Əliyev Fondu vermişdir. “Yeniləşən Azərbaycana yeni məktəb” layihəsinin başlanması geniş bir hərəkata yol açdı. Ondan sonra dövlət xətti ilə bir çox məktəblər tikildi. 2004-cü ildən bu günə qədər 3 mindən çox məktəbdə əsaslı təmir işləri aparılmışdır, bir çox məktəblər yenidən tikilmişdir. Bu proses davam edir və davam edəcəkdir. Çünki hələ qəzalı vəziyyətdə məktəblər var və digər tərəfdən Azərbaycanın uğurlu iqtisadi inkişafı ona gətirib çıxarır ki, Azərbaycanda əhalinin sürətli artımı müşahidə olunur. Bu, çox müsbət haldır, ölkəmizin inkişafını göstərir. Əhalimiz nə qədər artsa, ölkəmiz o qədər də güclənəcək. Məktəblərə gedən uşaqların sayı hər il artır. Belə olan halda əlbəttə ki, məktəb tikintisi prosesi daim təmin edilməlidir.

Məktəblərin, təhsilin, ümumiyyətlə, maddi-texniki bazasının möhkəmləndirilməsi ilə yanaşı, təhsilin keyfiyyəti də artır. Biz bunu görürük və son illərdə bu, özünü artıq büruzə verir. Bu, qəbul imtahanlarında, ali məktəblərə imtahanlarda özünü göstərir. Bizim məktəblərimiz beynəlxalq fənn olimpiadalarında yaxşı nəticələr göstərirlər. Mənə verilən məlumata görə, 40 medal qazanmışlar, onların arasında qızıl medal da var. Yəni, təhsilin keyfiyyəti əlbəttə ki, bizim ən prioritet məsələmizdir. Ancaq şagirdlərdən və o cümlədən müəllimlərdən bu keyfiyyəti tələb etmək üçün gərək onların yaxşı şəraiti olsun. Müəllimlərin də iş şəraiti məktəblər istifadəyə verildikcə yaxşılaşır. Məktəb ancaq şagirdlər üçün deyil, müəllimlər üçün də iş yeridir. Müəllimlərin əməkhaqları da artır, xüsusilə diaqnostik qiymətləndirmədən keçmiş müəllimlərin əməkhaqları əhəmiyyətli dərəcədə artmışdır. Mənə verilən son məlumata görə, Bakı şəhərində orta əməkhaqqı təxminən 500 manatdan çoxdur. Bu, çox yaxşı göstəricidir, daha da artmalıdır. Nə qədər çox artarsa, o qədər də yaxşıdır. Əlbəttə ki, imkan daxilində Azərbaycan dövləti bu işlərə də daim diqqət yetirəcəkdir.

Biz bütün bu işləri ona görə görürük ki, uşaqlarımız, gənclərimiz savadlı, bilikli olsunlar. Çox yaxşı haldır ki, biz müstəqillik dövründə savadlılıq səviyyəsini yüksək həddə saxlaya bilmişik və bu gün bu, təxminən 100 faiz səviyyəsindədir. Bizim üçün bu, adi haldır. Amma bir çox ölkələr üçün bu, əlçatmaz bir hədəfdir. Bu, bizim böyük üstünlüyümüzdür. Çünki savadlılıq əsasdır və uşaqlarımız bilikli, ağıllı olmalıdırlar, yaxşı oxumalıdırlar ki, gələcəkdə onlar özləri üçün cəmiyyətdə layiqli yer tuta bilsinlər. Çünki bugünkü dünyada savad, bilik hər şeyi müəyyən edir. Əgər hər hansı bir insan öz həyatını yaxşı qurmaq istəyirsə, gələcəkdə cəmiyyətdə yaxşı yer tutmaq istəyirsə, mütləq yaxşı oxumalıdır. Yaxşı oxumaq üçün bütün şərait var. Mən əminəm ki, Azərbaycan uşaqları, gənclər, yeniyetmələr bu işlərə çox böyük məsuliyyətlə yanaşacaqlar.

Hər bir ölkənin inkişafını ölkənin intellektual potensialı müəyyən edir. İnkişaf etmiş ölkələrin təcrübəsinə, onların uğurlarına baxmaq kifayətdir ki, biz bunu deyə bilək. O ölkələrdə ki, innovasiyalar, texnologiyalar inkişaf edir, o ölkələr dünya miqyasında da aparıcı mövqelərə malikdir.

Gələcək inkişafı təbii resurslar yox, bilik müəyyən edəcək. Biz görürük ki, iqtisadi sahədə, sənaye sahəsində, hərbi sahədə texnologiyalar nə qədər inkişaf edir. O texnologiyaların sahibləri bu gün dünyada da söz sahibləridir. Biz Azərbaycanda elmə, təhsilə, texnoloji inkişafa çox böyük əhəmiyyət veririk ki, gənclərimiz, cəmiyyətimiz bilikli olsun və Azərbaycan da texnoloji inkişaf baxımından geridə qalmasın. Maddi-texniki baza möhkəmlənir, təhsilin keyfiyyəti yaxşılaşır. Bu sahəyə investisiyalar qoyulur, insan kapitalına investisiyalar qoyulur. Beləliklə, əminəm ki, Azərbaycanda cəmiyyətin intellektual potensialı həmişə yüksək həddə olacaqdır. Bu, həm inkişaf üçün, həm bu gün ölkəmizdə yaşanan sabitlik, əmin-amanlıq üçün lazımdır. Çünki savadlılıq olmayan yerlərdə kənardan mənfi təsirlər də özünü büruzə verir. Biz ölkəmizin təhlükəsizliyini qoruyuruq - həm sərhədlərimizi, təhlükəsizliyimizi qoruyuruq, eyni zamanda, özümüzü yad təsirdən də qorumalıyıq. Çünki bu gün dünyada ideoloji sahədə mübarizə gedir, müharibə gedir. Bu, sonrakı qanlı müharibələrin elə bil ki, əsasını təşkil edir. İnsanların beyinləri, xüsusilə gənc nəslin beyinləri zəhərlənir. Onlar müxtəlif xoşagəlməz addımlara təhrik olunur, sonra da onlardan istifadə edilir ki, bəzi xarici dairələrin çirkin niyyətləri bu və ya digər ölkədə özünü göstərsin. Ona görə, biz özümüzü, o cümlədən, bu mənfi və təhlükəli təsirdən də qorumalıyıq. Necə qorumalıyıq? Bax bunu siz etməlisiniz - müəllimlər, təhsil işçiləri ki, uşaqlar bilikli, savadlı olsunlar. Belə olan halda heç bir kənar mənfi niyyət, ya təsir bizim uşaqlarımızın şüuruna təsir edə bilməz. Eyni zamanda, bununla bərabər olaraq, həm müəllimlər, həm valideynlər uşaqları vətənpərvərlik ruhunda tərbiyə etməlidirlər ki, onlar Vətənə bağlı olsunlar, milli ruhda böyüsünlər, milli dəyərlərimizi hər şeydən üstün tutsunlar. Çünki əgər milli dəyərlərimizdə hər hansı bir sarsıntı yaşanarsa, bu, cəmiyyətimizin əsaslarını, sütunlarını sarsıdar. Ona görə, mən həmişə deyirəm ki, milli dəyərlərimiz, mənəvi dəyərlərimiz bizim üçün hər şeydən üstündür. Biz onları qorumalıyıq, milli ruhumuzu saxlamalıyıq. Çünki bu, bizim gələcəyimiz üçün əsasdır.

Biz 25 il ildən çoxdur ki, müstəqil ölkə kimi yaşayırıq, öz hesabımıza yaşayırıq, heç kimdən asılı deyilik. Baxmayaraq ki, bizə qarşı müntəzəm olaraq müxtəlif kampaniyalar - qarayaxma, böhtan, şər kampaniyaları aparılır. Onların da məqsədi aydındır - Azərbaycanı ləkələmək, Azərbaycanı öz iradəsinə ram etmək və ondan sonra güclənən Azərbaycan potensialından öz maraqları üçün istifadə etmək. Biz isə buna imkan vermirik və möhkəm dayanmışıq, milli maraqlarımızı qoruyuruq. Ona görə də müntəzəm olaraq müxtəlif xarici dairələrin atəşinə məruz qalırıq. Amma bu, bizi yolumuzdan heç vaxt döndərə bilməz. Biz haqq yolundayıq. Bugünkü Azərbaycan, bugünkü Azərbaycan reallıqları, ölkəmizdə hökm sürən sabitlik, əmin-amanlıq, inkişaf, tərəqqi, vətəndaş həmrəyliyi, bax, bizim böyük dəyərimizdir və bunu Azərbaycan xalqı öz zəhməti, istedadı hesabına əldə edib. Əlbəttə, ölkəmizdə kifayət qədər güclü siyasi iradə var ki, xalqımızı kənardan bizə tuşlanan bütün atəşlərdən qoruyaq. Gənclər də, uşaqlar da, bax, bu ruhda - müstəqillik ruhunda böyüməlidirlər. Azərbaycan müstəqil ölkə kimi əbədi yaşamalıdır və müstəqil siyasəti bundan sonra da aparmalıdır. Biz bunu aparırıq, aparacağıq. Ancaq gələcək sizin əlinizdə olacaqdır. Ona görə, müəllimlər, valideynlər, uşaqların özləri də həmişə bu amili yadda saxlasınlar. Təhsil, vətənpərvərlik, milli dəyərlər, güclü Azərbaycan - budur bizim əsas prinsiplərimiz. Əminəm ki, belə gözəl məktəbdə mənim bütün tövsiyələrim öz yerini tapacaq.

Sizi bir daha təbrik edirəm, sizə uğurlar arzu edirəm.

x x x

Ölkəmizdə təhsilin inkişafına göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya təşəkkür edən valideyn Jalə SEYİDLİ dedi:

-Mənim övladım 20 nömrəli məktəbdə təhsil alır. Bir qədər həyəcanlıyam. Çünki Prezident, Ali Baş Komandan qarşısında və Birinci vitse-prezident qarşısında həyəcansız danışmaq olmur. Bu cür gözəl məktəbə, ümumiyyətlə, Azərbaycan təhsilinin inkişafında gördüyünüz işlərə görə Sizə və Mehriban xanıma təşəkkür etmək istəyirəm. Nazirlik məlumat verib ki, bu il ölkəmizdə təhsilin inkişafı üçün yeni layihələr həyata keçiriləcək. Bir valideyn olaraq çox sevinirəm ki, bu qədər problemlərə, qayğılara, dünyada gedən gərgin siyasi proseslərə baxmayaraq, Prezidentimiz və onun xanımı təhsilə, məktəblərə hərtərəfli dəstək olurlar. Çox sağ olun.

Prezident İlham ƏLİYEV: Təşəkkür edirəm, çox sağ olun. Valideynləri də, müəllimləri də təbrik edirəm, yeni-yeni uğurlar arzulayıram.

x x x

Sonda xatirə şəkli çəkdirildi.

http://president.az/articles/25217 

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti