“Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir”
news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 12 dekabr 2018

İlham Əliyev ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib

Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, xalqımızın ümummilli lideri Heydər Əliyevin vəfatından 15 il keçir.

Dekabrın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və ailə üzvləri Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri Heydər Əliyevin məzarını ziyarət ediblər.

Milli Məclisin deputatları, nazirlər, komitələrin, şirkətlərin və idarələrin rəhbərləri, respublika ictimaiyyətinin nümayəndələri də Fəxri xiyabana gəlmişdilər.

Prezident İlham Əliyev Ulu Öndərin məzarı önünə əklil qoydu.

Azərbaycanın dövlət himni səsləndi.

Dövlətimizin başçısı İlham Əliyev və ailə üzvləri Ulu Öndərin ömür-gün yoldaşı, görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da məzarı üzərinə gül dəstələri qoydular.

Tanınmış dövlət xadimi Əziz Əliyevin və professor Tamerlan Əliyevin də xatirələri yad edildi, məzarları üstünə gül dəstələri düzüldü.

Ümummilli lider Heydər Əliyevin məzarının ziyarət edilməsi mərasimində Baş nazir Novruz Məmmədov, Milli Məclisin sədri Oqtay Əsədov, Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev və digər rəsmi şəxslər iştirak ediblər.

Vəfatından sonra xalqın yaddaşında qalmaq hər kəsə nəsib olmur. Xalq yalnız sevdiklərini yadda saxlayır və yaşadır. Heydər Əliyev misilsiz xidmətlərinə görə hər zaman Vətəni, xalqı üçün əziz olaraq qalacaq. Çünki bu dahi insan öz nəcib əməlləri ilə hələ sağlığında ikən tarixin yaddaşında əbədiləşmiş böyük azərbaycanlıdır.

İstedadlı insanlar, böyük şəxsiyyətlər üçün zaman və məkan məhdudiyyəti yoxdur. Onlar heç bir zamana və məkana sığmırlar. Bu, əsrlərin sınağından çıxan və öz təsdiqini tapan həqiqətdir. Zaman bu həqiqəti də təsdiq edir ki, dünyanın tarixi böyük şəxsiyyətlərin mənalı ömür yoludur. Bu mənada Heydər Əliyevin ömür yolu müasir Azərbaycanın tarixidir. Elə bu səbəbdən də bu ömür yolu hər zaman yaddaşlarda yaşayacaq.

Ulu Öndərin hakimiyyətdə olduğu 35 ildə Azərbaycana bəxş etdiklərini tarix boyunca heç bir hakimiyyət sahibi etməyib. Əfsanəvi şəxsiyyət, ulu öndər, böyük rəhbər, ümummilli lider, müasir müstəqil Azərbaycanın qurucusu, xalqın sevimli, unudulmaz övladı... Bu ifadələrin hamısı yalnız ona aiddir, yalnız onun ünvanınadır. Çünki o, Azərbaycan salnaməsində təkrarolunmaz rəhbər, qüdrətli dövlət başçısı, fədakar insan kimi qalıb. Çünki o, Azərbaycanı dünyaya, dünyanı Azərbaycana tanıtdı. O, Azərbaycanı qorumaq üçün yaşadı, Azərbaycanı yaşatmaq üçün qurub yaratdı. Heydər Əliyevin parlaq dühası onu Azərbaycan xalqının ümummilli lideri zirvəsinə yüksəltdi, dünya siyasətinin nəhənglərindən birinə çevirdi. Odur ki, Azərbaycan xalqı bu böyük övladı ilə haqlı olaraq fəxr edir.

“Mənim həyat amalım yalnız bütün varlığım qədər sevdiyim Azərbaycan xalqına, dövlətçiliyimizə, ölkəmizin iqtisadi, siyasi, mədəni inkişafına xidmət olmuşdur”, - deyən ulu öndər Heydər Əliyev istər sovet dönəmində, istərsə də müstəqillik illərində qüdrəti və zəkası, böyük müdrikliyi və uzaqgörənliyi ilə Azərbaycanı dünya dövlətləri sırasında layiqli yerə çıxardı. O, keçmiş SSRİ-nin ən nüfuzlu siyasi xadimlərindən biri idi. Buna görə də “Azərbaycan sənin üçün kiçikdir, sən İttifaqa lazımsan”, - deyə onu Moskvaya dəvət etdilər. Amma burada o, həm də onu gözü götürməyən məkrli qorbaçovların xəyanətinə tuş gəldi və Vətəninə qayıtdı. Bu qayıdış isə daha möhtəşəm oldu. Ulu Öndər xalqımızı öz ətrafında, bir bayraq altında birləşdirə bildi. Hər kəsi sözünün qüdrəti ilə inandırdı. Sözünü əməlləri ilə gerçəyə çevirdi. Uzaqgörən, müdrik siyasəti ilə Azərbaycanı fəlakətlərdən xilas etdi. O, sözün həqiqi mənasında, xalqının xilaskarına çevrildi.

Meydana silahsız gələn bu dahi insan qüdrətli Azərbaycan Ordusu yaratdı, cəbhədə atəşkəsə nail oldu, iqtisadiyyatı dirçəltdi. Azərbaycanın müasir tarixində misilsiz işlərə imza atdı. Heydər Əliyev dövrü Azərbaycan tarixinin, mədəniyyətinin, elminin, təhsilinin qızıl dövrünə çevrildi. Türk dünyasının bu böyük oğlunun danılmaz xidmətlərindən biri güclü, sabitliyə qovuşmuş Azərbaycan idisə, digəri, özünə layiq siyasi varisin yetişdirilməsi idi. O, öz baxışlarını, ideyalarını, öz yolunu davam etdirməyə qadir bir Prezident yetişdirdi. O, uzunömürlü bir dövlətçilik məktəbi və bu məktəbi ondan sonra davam etdirə biləcək bir şəxsiyyət qoyub getdi. Bu şəxsiyyət Ulu Öndərin siyasi kursunu inamla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyevdir.

Mənbə: President.az

                                                   

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti