“Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir”
news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 29 mart 2018

Nazir Elmar Məmmədyarov İtaliya Respublikasının xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Angelino Alfano ilə görüşüb

İtaliya xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Angelino Alfanonun dəvəti ilə Romada işgüzar səfərdə olan xarici işlər naziri Elmar Məmmədyarov həmkarı ilə görüşüb.

Görüşdə nazirlər Azərbaycan və İtaliya arasında ikitərəfli münasibətlərin və dostluğun yüksək səviyyəsindən məmnunluqlarını ifadə etdilər. İki ölkə arasında iqtisadi-ticarət, enerji və mədəniyyət sahəsində əməkdaşlığın uğurla inkişaf etdiyi və İtaliyanın Azərbaycanın Avropa İttifaqında ən əsas ticarət tərəfdaşı olduğu bildirildi.

Nazirlər Cənubi Qaz Dəhlizi və onun vacib hissələri olan TANAP və TAP layihələrinin əhəmiyyətini diqqət çəkdilər və bu xüsusda ölkələrimiz arasında olan əməkdaşlığı təqdir etdilər.

Tərəflər Azərbaycanın Avropa İttifaqı ilə əməkdaşlıq məsələsinə toxundular. İtaliya xarici işlər naziri ölkəsinin Azərbaycanın Avropa İttifaqı ilə əməkdaşlığının genişlənməsini dəstəklədiyini dedi.

Görüşdə İtaliyanın ATƏT fəaliyyətdə olan sədri statusuna toxunuldu. İtaliya xarici işlər naziri ölkəsinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin diplomatik yollarla ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə beynəlxalq hüququn norma və prinsipləri və Helsinki Yekun Aktı əsasında həllini dəstəklədiyini vurğuladı. 

Nazir Elmar Məmmədyarov İtaliyanın münaqişənin həlli ilə əlaqədar ədalətli mövqeyinə görə təşəkkür etdi. O, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar prosesi haqqında məlumat verərək Ermənistanın BMT Təhlükəsizlik Şurasının işğalçı qoşunların Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal, tam, qeyd-şərtsiz çıxarılması barədə tələblərini hələ də yerinə yetirmədiyini vurğuladı. O əlavə etdi ki, güc tətbiq edərək dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədlərinin pozulması qəbuledilməzdir və münaqişə BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri, Helsinki Yekun Aktında təsbit olunduğu kimi Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində ərazi bütövlüyü və suverenliyi əsasında həll edilməlidir.

Görüşdə həmçinin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, həmçinin qarşılıqlı maraq kəsb edən regional məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

http://mfa.gov.az/az/news/909/5554

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti