“Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir”
news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 20 sentyabr 2016

Mətbuat xidmətinin Qoşulmama Hərəkatının Venesuelada keçirilmiş 17-ci Sammitinin Yekun Sənədinə dair açıqlaması

Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının “İnkişaf naminə sülh, suverenlik və həmrəylik” devizi altında növbəti XVII Sammiti 2016-cı Venesuela Bolivar Respublikasının Marqarita adasında öz işinə başlamışdır. Azərbaycan Respublikası sammitdə xarici işlər naziri Elmar Məmmədyarovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə təmsil olunur.

Nazir E. Məmmədyarov Sammitin Rəyasət Heyətinin sədr müavini seçilmiş və bu keyfiyyətində plenar iclasa sədrlik etmişdir.

Bu sammitdə Qoşulmama Hərəkatına 2019-2022-ci illərdə sədrliyin Azərbaycan Respublikasına keçməsi və Hərəkatın 18-ci sammitinin 2019-cu ildə Azərbaycanda keçirilməsi barədə qərarın qəbul olunması gözlənilir.

Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının “İnkişaf naminə sülh, suverenlik və həmrəylik” devizi altında 13-18 sentyabr 2016-cı ildə Venesuela Bolivar Respublikasının Marqarita adasında keçirilmiş XVII Sammitinin Yekun sənədi qəbul olunub. Yekun sənədə Ermənistan-Azərbaycan münaqişəsi, Dövlət və Hökumət Başçılarının 18-ci Sammitinin 2019-cu ildə Azərbaycanda keçirilməsi və BMT-nin Sivilizasiyalar Alyansının 26-27 aprel 2016-cı ildə Bakıda keçirilmiş 7-ci Qlobal Forumu ilə əlaqədar bəndlər də daxildir.

Qoşulmama Hərəkatının Marqarita Yekun Sənədindən çıxarışlar:

- “Dövlət və Hökumət başçıları BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrə (822, 853, 874, 884) baxmayaraq, Ermənistan-Azərbaycan münaqişəsinin hələ də həll olunmaması və beynəlxalq və regional sülh və təhlükəsizliyi təhdid altında qoymaqda davam etməsi ilə bağlı təəssüfünü ifadə etdilər. Onlar BMT Nizamnaməsində öz əksini tapmış gücdən istifadə etməmək prinsipinin əhəmiyyətini bir daha təsdiq etdilər və tərəfləri münaqişəni Azərbaycan Respublikasının ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə tanınmış sərhədləri əsasında həll etməyə çağırdılar”.

- “Dövlət və Hökumət başçıları Azərbaycan Respublikasının 2019-cu ildə Qoşulmama Hərəkatına üzv ölkələrin Dövlət və Hökumət başçılarının 18-ci Sammitinə ev sahibliyi etməklə bağlı təklifini alqışladılar. Bu təklif Qoşulmama Hərəkatının Avropa regionundan olan üzv dövlətləri tərəfindən təsdiq olundu və təsbit üçün 17-18 sentyabr 2016-cı ildə Venesuela Bolivar Respublikasının Marqarita adasında keçirilən 17-ci Qoşulmama Hərəkatı Sammitinə təqdim edildi”.

- “Dövlət və Hökumət başçıları BMT Sivilizasiyalar Alyansının 26-27 aprel 2016-cı ildə Bakıda keçirilmiş 7-ci Qlobal Forumunu və bu Qlobal Forumda BMT-nin üzv dövlətləri, beynəlxalq təşkilatlar və vətəndaş cəmiyyəti təsisatlarının fəal iştirakını alqışladılar”.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti