“Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir”
news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 22 yanvar 2024

Azərbaycanın səfiri San Marino Respublikasına səfər edib

2024-cü ilin 16-17 yanvar tarixlərində Azərbaycan Respublikasının San Marino Respublikasında fövqəladə və səlahiyyətli səfiri Rəşad Aslanov San Marino Respublikasına səfər edib. Səfər çərçivəsində səfir San Marinonun xarici işlər, beynəlxalq iqtisadi əməkdaşlıq və telekommunikasiya naziri (Dövlət katibi) Luka Bekkari, əmək və enerji naziri (Dövlət katibi) Teodoro Lonfernini və ATƏT-in Parlament Assambleyasında San Marino nümayəndə heyətinin rəhbəri Oskar Mina və sözügedən nümayəndə heyətinin üzvü Mişele Muratori ilə görüşlər keçirib.

 Görüşlər zamanı səfir R.Aslanov Azərbaycan və San Marino arasında müxtəlif sahələr, o cümlədən iqtisadi, enerji, mədəniyyət, turizm, təhsil, parlamentlərarası əməkdaşlıq və s. sahələr üzrə ikitərəfli münasibətlərin inkişafı üçün geniş imkanların olduğunu bildirib. Həmçinin, R. Aslanov ikitərəfli əlaqələrlə yanaşı regional və beynəlxalq məsələlərə dair Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələrin aparılmasının vacibliyini diqqətə çatdırıb və səfərlər mübadiləsinin önəmini vurğulayıb. Azərbaycan ilə Ermənistan arasında normallaşma prosesinin cari vəziyyəti, işğaldan azad olunmuş ərazilərdə minalardan təmizləmə, bərpa-quruculuq işləri, o cümlədən Azərbaycanın 2024-cü ildə COP29 kimi böyük tədbirə ev sahibliyi edəcəyi barədə ətraflı məlumat verilib.

 Qarşı tərəf də Azərbaycanla əlaqələrin inkişaf etdirilməsində maraqlı olduqlarını, iki ölkənin Parlamentlərində dostluq qruplarının yaradılmasının münasibətlərin inkişafına mühüm töhfə verəcəyini bildirib və COP29 kimi mühüm tədbirə ev sahibliyi etdiyi üçün Azərbaycana təbriklərini ünvanlayıb.

   

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti