news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 19 dekabr 2024

Azərbaycanın mədəniyyət naziri Adil Kərimli İtaliyaya səfəri çərçivəsində bir sıra ikitərəfli görüşlər keçirib

Azərbaycanın mədəniyyət naziri Adil Kərimli İtaliyaya səfəri çərçivəsində bir sıra ikitərəfli görüşlər keçirmişdir.

18 dekabr 2024-cü il tarixində Azərbaycanın mədəniyyət naziri Adil Kərimli İtaliya paytaxtında fəaliyyət göstərən Santa Çeçiliya Konservatoriyasının rektoru Franko Antonio Mirentsi ilə görüşmüşdür.

Görüşdə rektor rəhbərlik etdiyi təhsil ocağının tarixi və fəaliyyət istiqamətlərindən danışmış, əsrlərlə yaşı olan konservatoriyanın müxtəlif adlar və statuslarla fəaliyyət göstərdiyini, 1923-cü ildən isə indiki adını alan məktəbin İtaliyanın ən nüfuzlu ali təhsil müəssisələrindən biri olduğunu vurğulamışdır.

Adil Kərimli səmimi görüşə və konservatoriya haqqında ətraflı məlumata görə rektora təşəkkürünü bildirmişdir.

Söhbət zamanı nazir ölkəmizin musiqi mədəniyyəti barədə söz açmış, bu sahədə aparıcı təhsil ocaqlarından danışmış, Azərbaycanda tarixən Avropa klassik musiqi məktəbinə böyük maraq olduğunu, görkəmli opera müğənniləri Şövkət Məmmədova və Bülbülün XX əsrin əvvəllərində Milan Konservatoriyasında vokal dərsləri aldığını, ölkəmizin musiqi mədəniyyətinin inkişafına mühüm töhfələr verdiyini, sonralar da istedadlı gənclərimizin Avropanın məşhur bədii təhsil ocaqlarında oxuduqlarını bildirmişdir.

Qeyd olunmuşdur ki, köklü ənənələri olan Bakı Musiqi Akademiyasında, eləcə də Azərbaycan Milli Konservatoriyasında yerli tələbələrlə yanaşı, əcnəbi gənclər də musiqi biliklərinə yiyələnirlər, Avropa klassik bəstəkarlarının əsərləri tədris proqramlarında əksini tapır, teatr-konsert müəssisələrinin repertuarında yer alır.

Görüşdə Azərbaycanın müvafiq ali təhsil ocaqları ilə Santa Çeçiliya Konservatoriyası arasında əməkdaşlığın perspektivləri və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.

***

Azərbaycanın mədəniyyət naziri Adil Kərimli İtaliyaya səfəri çərçivəsində 19 dekabr dekabr 2024-cü il tarixində Romadakı XXI Əsrin Milli İncəsənət Muzeyində olmuş, mədəniyyət ocağının bədii rəhbəri Françesko Stokki ilə görüşmüşdür.

Françesko Stokki nazirə muzeyi ziyarət etdiyi üçün təşəkkürünü bildirmiş, buranın tarixi və ekspozisiyası haqqında məlumat vermiş, muzeydə müasir dövrün sənət nümunələrinin nümayiş etdirildiyini, yerli və əcnəbi ziyarətçilərin muzeyə böyük maraq göstərdiyini bildirmişdir.

Adil Kərimli ölkəmizin aparıcı muzey və sərgi zalları haqqında məlumat vermiş, Azərbaycanın muzeylərinin Avropanın bir sıra muzeyləri ilə əməkdaşlıq etdiyini, eyni zamanda, çağdaş Avropa rəssamlarının Bakıda sərgilərinin təşkil olunduğunu söyləmişdir.

Söhbət zamanı Azərbaycan muzeylərinin XXI Əsrin Milli İncəsənət Muzeyi ilə əməkdaşlığı ilə bağlı fikir mübadiləsi aparılmışdır.

Görüşdən sonra Azərbaycan nümayəndə heyəti muzeylə tanış olmuşdur.

Qeyd edək ki, Romadakı XXI Əsrin Milli İncəsənət Muzeyinin və Bakıdakı Heydər Əliyev Mərkəzinin layihəsi məşhur memar Zaha Hadid tərəfindən hazırlanmışdır.

***

19 dekabr 2024-cü il tarixində Azərbaycanın mədəniyyət naziri Adil Kərimli İtaliyanın mədəniyyət naziri Alessandro Ciuli ilə görüşmüşdür.

Görüşdə Alessandro Ciuli iki ölkə arasında ticarət və energetika sahələrində əlaqələrin yüksək səviyyədə inkişaf etdiyini bildirmiş, İtaliya tərəfinin Azərbaycanla mədəniyyət sahəsində əməkdaşlıqda da maraqlı olduğunu qeyd etmişdir: “Biz Heydər Əliyev Fondunun İtaliyada, eləcə də Vatikanda tarixi-dini irsin bərpasına verdiyi töhfələri yüksək qiymətləndirir, buna görə Azərbaycan tərəfinə minnətdarlığımızı bildiririk”.

Adil Kərimli Azərbaycan və İtaliya rəhbərləri arasında qarşılıqlı etimada və dostluğa əsaslanan əlaqələrin ildən-ilə möhkəmləndiyini diqqətə çatdırmış, Azərbaycan dövlətinin də İtaliya ilə əməkdaşlığa önəm verdiyini, 2014-cü ildə “Azərbaycan Respublikası ilə İtaliya Respublikası arasında strateji tərəfdaşlıq haqqında” Birgə Bəyannamənin imzalandığını, iki ölkə arasında mədəni əməkdaşlığın da inkişaf etdiyini, xüsusilə tarixi-mədəni irsin qorunması, memarlıq və dizayn kimi sahələrdə əlaqələrin məmnunluq doğurduğunu vurğulamışdır.

İtaliyanın tarixi-mədəni irsin bərpası və mühafizəsi, muzey və kitabxana işi sahələrində zəngin təcrübəyə malik olduğu xatırladılaraq, Azərbaycan tərəfinin bu sahədə dost ölkənin təcrübəsindən faydalanmaqda maraqlı olduğu bildirilmişdir.

Nazir diqqətə çatdırmışdır ki, Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı zamanı xalqımızın çoxəsrlik tarixi-mədəni mirası dağıdılıb, vandalizmə məruz qalıb, Azərbaycan dövləti tərəfindən azad olunmuş ərazilərdə geniş bərpa və yenidənqurma işləri həyata keçirilir, Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən tarixi-mədəni abidələrin təmir-bərpası xüsusilə diqqət mərkəzində saxlanılır, İtaliya da işğaldan azad edilmiş ərazilərdə bərpa prosesinə öz töhfəsini verir.

Görüşdə incəsənət, mədəniyyət ocaqlarının idarə edilməsi, musiqi kollektivlərinin qarşılıqlı qastrol səfərlərinin təşkili qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.

***

19 dekabr 2024-cü il tarixində nazir Kərimli qərargahı Romada yerləşən Mədəni Mülkiyyətin Qorunması və Bərpasının Öyrənilməsi üzrə Beynəlxalq Mərkəzin (ICCROM) baş direktoru xanım Aruna Françeska Maria Gujral ilə görüşmüşdür.

Azərbaycan Mədəniyyət Mərkəzində keçirilən görüşdə nazir multikultural ölkə olan Azərbaycanda müxtəlif xalqlara və dinlərə məxsus mədəni mirasın qorunmasının, təmir və bərpasının bu sahədə dövlət siyasətinin prioritet istiqamətlərindən olduğunu demiş, Azərbaycanın həm dövlət səviyyəsində, həm də Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbəri olduğu Heydər Əliyev Fondunun xətti ilə bir sıra dinlərə mənsub abidələrin, ziyarətgahların bərpasına mühüm töhfələr verdiyini bildirmişdir.

ICCROM-un baş direktoru noyabr ayında Bakıda təşkil olunan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirakından və keçirdiyi görüşlərdən məmnunluğunu bildirmiş, Azərbaycanın bu mötəbər tədbirə yüksək səviyyədə ev sahibliyi etdiyini, COP29-un uğurla nəticələndiyini söyləmişdir.

Görüşdə Azərbaycan və ICCROM-un əməkdaşlığı ilə bağlı müzakirə aparılmışdır.

 

 

 

 

 

 

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti