“Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir”
news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 06 dekabr 2018

Azərbaycan Respublikasının xarici işlər naziri cənab Elmar Məmmədyarovun ATƏT-in Nazirlər Şurasının 25-ci sessiyasında çıxışı

Azərbaycan Respublikasının xarici işlər naziri
cənab Elmar Məmmədyarovun
ATƏT-in Nazirlər Şurasının 25-ci sessiyasında çıxışı
Milan, 6 dekabr 2018-ci il

Xanımlar və cənablar,

İlk növbədə, ATƏT-in Nazirlər Şurasının 25-ci sessiyasının mükəmməl təşkilinə görə ATƏT-in fəaliyyətdə olan sədri zati-aliləri cənab Enzo Moavero Milanesini təbrik etmək istərdim. Həmçinin, ATƏT-in fəaliyyətdə olan növbəti sədri kimi hörmətli həmkarımız zati-aliləri cənab Miroslav Layçaka uğurlar arzulayıram.

Hörmətli həmkarlar,

ATƏT məkanında mövcud münaqişələr sülhə və təhlükəsizliyə ən ciddi təhdid olaraq qalır. Azərbaycanın prinsipial mövqeyi beynəlxalq hüququn norma və prinsiplərinə, xüsusilə də, dövlətlərin beynəlxalq tanınmış sərhədləri çərçivəsində suverenliyi və ərazi bütövlüyünə hörmət edilməsinə əsaslanır. Vyanada keçirilmiş Nazirlər Şurasının sonuncu sessiyasından bəri, indiyədək biz Ermənistan-Azərbaycan münaqişəsinin həlli istiqamətində heç bir konkret irəliləyiş görməmişik. Əfsuslar olsun ki, gücdən istifadə etməklə ərazilərin ilhaqının yolverilməzliyi, beynəlxalq hüququn ciddi pozulması ilə nəticələnmiş vəziyyətin tanınmaması öhdəliyi və bu vəziyyətin saxlanılmasına köməklik və ya yardım göstərilməsindən çəkinmək kimi fundamental prinsiplər vasitəçi ölkələr tərəfindən selektiv tətbiq olunur.

Eyni zamanda, biz danışıqlar formatının sual altına alınması ilə bağlı Ermənistanın davamlı cəhdlərini müşahidə etdik. Diasporunun fəal dəstəyi ilə Yerevan yüz minlərlə azərbaycanlı məcburi köçkünün, onların doğma yurd-yuvalarına qayıtmaq hüququ da daxil olmaqla insan hüquqlarının pozulması, Azərbaycanın işğal olunmuş ərazilərinin demoqrafik, mədəni və fiziki xarakterinin dəyişdirilməsi qeyri-qanuni təcrübəsini davam etdirir. 1949-cu il tarixli Cenevrə Konvensiyaları və onların Əlavə Protokollarını kobudcasına pozaraq, Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni məskunlaşma və digər fəaliyyətlərini davam etdirməkdədir. İşğal olunmuş ərazilərdə qeyri-qanuni hərbi və mülki infrastrukturun yaradılması da daxil olmaqla Ermənistan tərəfinin qanunsuz fəaliyyəti onun işğalı möhkəmləndirmək və baş vermiş faktla (fait accompli) üz-üzə qoymaq məqsədi daşıyan niyyətini və sistemli siyasətini nümayiş etdirir. Bu addımlar, xüsusilə də Ermənistanın imtina etməsi səbəbindən Azərbaycanın işğal olunmuş ərazilərinə fakt araşdırıcı qiymətləndirmə missiyasının göndərilməsində uğursuzluq, sülh prosesində etimada xələl gətirir.

ATƏT-ə üzv dövlətlərin ərazilərinin Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə qarşı olan bu qanunsuz fəaliyyətlər üçün istifadə olunması tamamilə qəbuledilməzdir. Bu, müvafiq mandatlara, ATƏT-in əsas prinsiplərinə, öhdəliklərinə və qərarlarına ziddir. Biz müvafiq iştirakçı dövlətləri Ermənistan, eləcə də Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış Ermənistanın tabeliyində olan qanunsuz rejimin agentləri tərəfindən suveren torpaqlarının Azərbaycanın qanuni təhlükəsizlik maraqlarına qarşı istifadə olunmasının qarşısını almaq üçün təxirəsalınmaz effektiv addımlar atmağa çağırırıq.

BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələri, Helsinki Yekun Aktının prinsipləri və ATƏT-in qərarları və sənədləri münaqişənin həllinin və Minsk Konfransının həmsədrlərinin mandatının əsasını təşkil edir. BMT-nin 1993-cü ildə qəbul etdiyi qətnamələr işğalçı qüvvələrin bütün işğal olunmuş Azərbaycan torpaqlarından dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını və qarşılıqlı addım kimi kommunikasiya və nəqliyyat əlaqələrinin açılmasına və məcburi köçkünlərin evlərinə qayıtmasına yardım göstərməyi tələb edir. Bu yanaşmanın əsas konsepsiyası münaqişənin nəticələrini aradan qaldırmağa, digər siyasi məsələlərin isə Minsk Konfransı çərçivəsində davam edən danışıqlar vasitəsilə həllinə əsaslanır.

Azərbaycan hesab edir ki, sülhə, sabitliyə və qarşılıqlı faydalı regional əməkdaşlığa alternativ yoxdur və o, münaqişənin qısa zamanda siyasi həllində ən maraqlı tərəfdir. Münaqişənin həlli yalnız beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində Azərbaycanın suverenliyi və ərazi bütövlüyü əsasında mümkündür.

Azərbaycan torpaqlarının hərbi işğalı həll yolu deyil və heç vaxt Ermənistanın istədiyi siyasi nəticəni verməyəcəkdir.

Dünən ATƏT-in Minsk Qrupunun həmsədrləri və Ermənistan xarici işlər naziri ilə çox mühüm və faydalı məsləhətləşmələrin keçirildiyini sizə məlumat verməkdən şadam. İl ərzində ilk dəfədir ki, ATƏT-in Minsk Qrupunun həmsədrləri və Ermənistan və Azərbaycan xarici işlər nazirləri tərəfindən birgə bəyanatı razılaşdırmağa nail olduq. Ən vacib məqamlardan biri əlbəttə ki, intensiv və nəticəyə yönəlik, o cümlədən yüksək səviyyədə danışıqların aparılmasıdır. Hesab edirəm ki, Ermənistanda seçkilər yekunlaşdıqdan və yeni hökumət formalaşdıqdan sonra biz gələn il ciddi irəliləyiş əldə etməli və bölgəyə sülh, sabitlik və tərəqqinin gətirilməsi imkanını yaratmalıyıq.

Təşəkkür edirəm.

Mənbə: Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi 

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti