“Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir”
news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 20 sentyabr 2024

Azərbaycan Ordusunun Baş Qərargah rəisinin İtaliyaya rəsmi səfəri

Müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyevin rəhbərlik etdiyi nümayəndə heyətinin İtaliya Respublikasına rəsmi səfəri gəlib.

Rəsmi səfər çərçivəsində general-polkovnik Kərim Vəliyev rəhbərlik etdiyi nümayəndə heyəti ilə birgə Venesiya meydanında ucaldılan Naməlum əsgərin abidəsini ziyarət edib, önünə əklil qoyub, xatirəsini anıb.

Sonra Azərbaycan Ordusunun Baş Qərargah rəisi İtaliya Silahlı Qüvvələrinin hazırda fəaliyyətdə olan Baş Qərargah rəisi admiral Cuzeppe Kavo Draqone ilə görüşüb.

Baş Qərargahda keçirilən rəsmi qarşılanma mərasimində hər iki ölkənin dövlət himnləri səsləndirilib.

Azərbaycanın İtaliyadakı səfiri Rəşad Aslanovun da iştirak etdiyi görüşdə İtaliya Müdafiə Nazirliyinin və Silahlı Qüvvələrinin strukturu, fəaliyyət istiqamətləri ilə bağlı brifinq təqdim olunub.

Təkbətək və geniştərkibli görüşlərdə, həmçinin Azərbaycan ilə İtaliya arasında hərbi, hərbi-texniki, hərbi-təhsil sahələrində əməkdaşlığın inkişaf perspektivləri və regional təhlükəsizlik məsələləri müzakirə edilib.

General-polkovnik K.Vəliyev admiral C.K.Draqoneni NATO-nun Hərbi Komitəsinin rəhbəri təyin olunması ilə əlaqədar təbrik edib, ona yeni vəzifəsində uğurlar arzulayıb.

Bununla yanaşı, Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev İtaliya Respublikasının müdafiə naziri Quido Krosetto ilə görüşüb.

Tərəflər ölkələrimiz arasında hərbi əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri, habelə qarşılıqlı maraq doğuran bir sıra məsələlərə dair ətraflı fikir mübadiləsi aparıblar.

Səfər çərçivəsində Azərbaycan Ordusunun Baş Qərargah rəisi bu ölkənin hazırda Silahlanma üzrə Baş direktoru vəzifəsində xidmət edən general-leytenant Luçano Portolano ilə görüşüb.

General-polkovnik K.Vəliyev general-leytenant L.Portolanonu İtaliya Silahlı Qüvvələrinin Baș Qərargah rəisi vəzifəsinə təyin olunması ilə əlaqədar təbrik edib, ona yeni vəzifəsində uğurlar arzulayıb.

Görüşdə hər iki ölkə arasında hərbi-texniki əməkdaşlığın daha da genişləndirilməsi və bir sıra digər məsələlər müzakirə edilib. Tərəflər əməkdaşlığın bundan sonra da uğurla davam etdiriləcəyinə əminlik ifadə ediblər.

Sonra İtaliyanın Birgə Əməliyyatlar Komandanlığını ziyarət edən Azərbaycan hərbi nümayəndə heyətinə qurumun fəaliyyəti barədə ətraflı məlumat verilib.

Müdafiə nazirinin birinci müavini İtaliya Respublikasına rəsmi səfərinin növbəti günündə Roma şəhərində yerləşən NATO Müdafiə Kollecini ziyarət edib.

General-polkovnik kollecin komandanı general-leytenant Maks Nielsenlə görüşüb.

Azərbaycan Respublikasının İtaliya Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Rəşad Aslanovun da iştirak etdiyi görüşdə hərbi təhsil sahəsində qarşılıqlı əməkdaşlıq imkanları və perspektivləri haqqında geniş müzakirələr aparılıb.

Sonra kollecin tarixi, əsas fəaliyyət istiqamətləri və tədris prosesi, həmçinin dinləyicilər üçün burada yaradılan şərait barədə Azərbaycan Ordusunun Baş Qərargah rəisinə ətraflı məlumat verilib.

Sonda general-polkovnik K.Vəliyev NATO-nun “Tərəfdaşlığın Qərargah Vəzifəsi Konsepsiyası” çərçivəsində xidmət edən, həmçinin "NATO regional əməkdaşlıq kursu"nun dinləyiciləri olan azərbaycanlı hərbi qulluqçular və mülki heyətlə görüşüb, onların təhsili və tədris şəraiti ilə maraqlanıb.

Görüşlərlə yanaşı, İtaliyada rəsmi səfərdə olan general-polkovnik Kərim Vəliyev və onu müşayiət edən nümayəndə heyəti Azərbaycanın İtaliyadakı Səfirliyini və Mədəniyyət Mərkəzini ziyarət edib.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti