“Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir”
news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 01 aprel 2019

Azərbaycan kitabı Bolonya Beynəlxalq Uşaq Kitab Sərgisində

Son illər Azərbaycanın beynəlxalq kitab sərgilərində iştirakı ənənə halını alıb. Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin dəstəyi ilə Azərbaycan mədəniyyətini, tarixini özündə əks etdirən, yüksək poliqrafik göstəricilərə malik, Azərbaycan ədəbiyyatı, mədəniyyəti, incəsənəti, turizm potensialı, qədim tarixi, ölkəmizdə gedən inkişaf prosesləri, faktlarla zəngin Qarabağ həqiqətləri haqqında kitab, jurnal və bukletlər Frankfurt, İstanbul, London, Moskva, Budapeşt, Praqa, Minsk, Turin və s. şəhərlərdə keçirilən beynəlxalq kitab sərgilərində mütəmadi olaraq nümayiş etdirilmiş, sərgi ziyarətçilərinin böyük marağını özünə cəlb etmişdir

Beynəlxalq sərgilərdə iştirak, həmçinin nəşriyyat və poliqrafiya sahəsində böyük nailiyyətlər qazanmış ölkələrlə təcrübə mübadiləsinə yeni imkanlar yaratmışdır. Sərgi çərçivəsində müxtəlif ölkələrin nümayəndələri ilə görüşlər keçirilir və gələcək əməkdaşlıq imkanları müzakirə olunur. Eyni zamanda sərgilərdə Azərbaycanın həmin ölkələrdə olan səfirlikləri vasitəsi ilə Azərbaycan diasporasının nümayəndələri və yerli ziyalılarla görüşlərin təşkili, fikir mübadəlilərinin aparılması və onların lazımi ədəbiyyatlarla təmin olunması peşəkar diaspor fəaliyyətinə və ölkələrimiz arasındakı mədəni əlaqələrin inkişafına öz müsbət təsirini göstərir.

Bu fəaliyyətin davamı olaraq Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin təşkilatçılığı və Azərbaycan Respublikasının İtaliyadakı Səfirliyinin dəstəyi ilə Azərbaycan ilk dəfə olaraq bu il 1-4 aprel tarixində İtaliyanın Bolonya şəhərində keçirilən, 55 illik tarixə və beynəlxalq nüfuza malik Bolonya Beynəlxalq Uşaq Kitab Sərgisində təmsil olunur.
Cari ildə Bolonya sərgisində 80 ölkədən uşaq ədəbiyyatı sahəsi üzrə naşirlər, kitab evləri, kitab yayıcıları, yazarlar və digər müvafiq qurumlardan ibarət 1400-ə yaxın iştirakçının qatılmışdır, ümumilikdə sərgiyə 28 000 nəfərdən artıq ziyarətçi axını gözlənilir.

Yerli nəşriyyatlarımız – “Şərq-Qərb”, “Qələm”, “Altun kitab” və F.Köçərli adına Respublika Uşaq Kitabxanasının əməkdaşlarının da iştirak etdiyi sərgi zamanı xüsusi dizaynda hazırlanmış Azərbaycan stendində 4 gün boyunca Azərbaycan mədəniyyəti, kitab sənəti, xüsusi ilə Azərbaycan uşaq ədəbiyyatının tanıdılması, nümayişi və kitab təqdimatlarının təşkili, nəşriyyat və poliqrafiya sahəsində xarici tərəfdaşlarla əlaqələrin qurulması nəzərdə tutulur. Sərgidə İtaliyanın “Aracne” nəşriyyat evi tərəfindən nəşr olunmuş, italyan jurnalist Barbara Kassaninin münaqişə qurbanlarının müsahibələri əsasında yazdığı “Bakıda bir taksi sürücüsü: Kəmalənin hekayələri” adlı romanı da nümayiş olunacaqdır. Kitabda həmçinin ailə hekayəsi fonunda ölkəmizin tarixi, mədəniyyəti, memarlığı, xalqımızın ənənələri, gündəlik həyat tərzi, ölkəmizdə mövcud multikultural mühit barədə də məlumat verilir.

Sərgi çərçivəsində milli stenddə “Azərbaycan Kitabının Dünyaya Tanıdılması” (AKDT) layihəsinin təqdimatı keçirilmiş və sərgi ziyarətçilərinə layihə haqqında geniş məlumat verilir. Layihə Azərbaycan ədəbiyyatı nümunələrinin müxtəlif dillərə çevirilməsi, çap olunması və xarici oxuculara təqdim olunmasını özündə ehtiva edir.

Sərgidə iştirak edən müxtəlif ölkələrin nəşriyyatlarını təmsil edən nümayəndələrinə Bakı şəhərində iki ildən bir beynəlxalq nüfuza malik Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası haqında məlumat verilir və onlar sərgidə iştiraka dəvət edilir. Qeyd edirik ki, Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası 2019-cu ilin 27-29 sentyabr tarixində keçiriləcəkdir.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti