news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 05 dekabr 2025

Azərbaycan FAO Şurasının sessiyasında iştirak edib

       

01-05 dekabr 2025-ci il tarixlərində BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Baş qərargahında FAO Şurasının 179-cu Sessiyası keçirilmişdir. Azərbaycan tədbirdə AR-in İtaliyadakı Səfirliyi ilə təmsil olunmuşdur.

Müstəqil sədr Mina Rizkin sədrliyi ilə keçirilən sessiyada FAO-nun Dünyada Ərzaq Təhlükəsizliyi və Qidalanma Vəziyyəti 2025 Hesabatında qeyd edildiyi kimi, iqlim, münaqişələr və iqtisadi qeyri-sabitliyin qlobal ərzaq təhlükəsizliyinə təsiri vurğulanmışdır. Sessiya zamanı idarəetmə və iş metodları, FAO-nun strateji istiqamətləri və islahatları, 2026-2027-ci illər üçün İş və Büdcə Proqramına düzəlişlər, FAO-nun texniki, normativ və əməliyyat işlərinə nəzarət, FAO-nun BMT sistemində və qlobal siyasət proseslərində rolu kimi məsələlər müzakirə olunmuşdur.

Müstəqil sədr Rizk açılış nitqi söyləyərək, qlobal aclıq və ərzaq təhlükəsizliyində problemlərin davam etməsini və dünya əhalisinin əhəmiyyətli bir hissəsinin bundan təsirləndiyini xatırladaraq, bu reallığın FAO-nun mandatının təcililiyini və aktuallığını gücləndirdiyini bildirmişdir. Sədr, xüsusilə qlobal böhranlar və institusional islahatlarla xarakterizə olunan bir dövrdə Şuranın strateji rəhbərlik, effektiv nəzarət və vaxtında qərar qəbul etmək məsuliyyətini qeyd etmişdir.

Daha sonra söz Baş direktor Qu Donqyuya verilmiş və o, münaqişə, iqlim dəyişikliyi, iqtisadi qeyri-sabitlik və bərabərsizlik də daxil olmaqla bir-biri ilə əlaqəli çoxsaylı böhranlar fonunda aclıq və qidalanma çatışmazlığının davam etdiyini, FAO-nun elm, rəqəmsallaşdırma və süni intellekt sahəsində liderliyə nail olduğunu, o cümlədən məlumat platformalarına, erkən xəbərdarlıq sistemlərinə və səmərəliliyi və qərar qəbuletməni artırmaq üçün rəqəmsal vasitələrə xüsusi diqqət yetirdiyini qeyd etmişdir. Sonda Baş direktor üzv ölkələri birlik və etimad ruhunda birgə işləməyə çağırmış və FAO-nun dünya miqyasında fermerlər, balıqçılar, meşəçilər və həssas əhali qrupları üçün mühüm dəyişikliklər edə biləcəyinə əminliyini ifadə etmişdir.

Gündəlikdə duran bir neçə məsələ ilə əlaqədar Şuraya müşahidəçi olan ölkəmiz adından da müşahidələrimiz paylaşılmışdır.

           

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti