Azərbaycan Ümumdünya Termo Nüvə Enerjisi Qrupunun birinci nazirlər iclasında təmsil olunur
Romada İtaliya və Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) birgə təşkilatçılığı ilə Ümumdünya Termo Nüvə Enerjisi Qrupunun (World Fusion Energy Group – WFEG) birinci nazirlər iclası keçirilir.
İtaliyanın Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyində keçirilən iclasda müxtəlif ölkələrin hökumət rəsmiləri, dövlət qurumlarının və özəl sektorun nümayəndələri iştirak edirlər. Tədbirdə Azərbaycanı energetika naziri Pərviz Şahbazov təmsil edir.
İclasda İtaliya Baş nazirinin müavini, xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Antonio Tayani, bu ölkənin ətraf mühit və enerji təhlükəsizliyi naziri Cilberto Piketto-Fratin və AEBA-nın baş direktoru Rafael Mariano Qrossinin çıxışları dinlənilmiş, termo nüvə enerjisinin qlobal inkişafına dair müzakirələr aparılmışdır.
Tədbirdə çıxış edən Azərbaycanın energetika naziri Pərviz Şahbazov nüvə enerjisinin yüksək səmərəliliyi, minimal resursla böyük miqdarda elektrik enerjisi istehsal etməsi və aşağı karbon emissiyası ilə təmiz, sabit və uzunmüddətli enerji mənbəyi kimi qlobal enerji keçidində mühüm rol oynadığını qeyd etmiş, hazırda təhlükəsizlik standartlarının gücləndirilməsi, radioaktiv tullantıların düzgün idarə edilməsi, maliyyə dəstəyi və insanların bu enerji növünə olan etibarının artırılmasının nüvə enerjisinin inkişafı üçün zəruri çağırışlar olduğunu vurğulamış, həmçinin AEBA-nın nüvə enerjisinin təhlükəsiz, sülhməramlı və davamlı istifadəsi üzrə qlobal səylərinin, həmçinin bu enerji növünün bərpaolunan enerji mənbələri ilə birlikdə qlobal enerji keçidində rolunu artırmağa yönəlmiş “Atoms4NetZero” təşəbbüsünün əhəmiyyətdən bəhs etmişdir.
Pərviz Şahbazov enerji təchizatının təhlükəsizliyində etibarlı tərəfdaş olan Azərbaycanın hazırda 2030-cu ilə qədər elektrik enerjisinin istehsal gücündə bərpaolunan enerjinin payının 35,5 % çatmasını və istixana qazı emissiyalarının 2,8 milyon ton azalmasını təmin edəcək meqa layihələr həyata keçirdiyini bildirmiş, bununla yanaşı, ölkəmizin Xəzər və Mərkəzi Asiyadan Avropaya uzanan yaşıl enerji dəhlizlərinin yaradılması ilə geniş miqyasda yaşıl enerji keçidinə töhfələrini diqqətə çatdırmışdır.
Nazir aşağıdakı fikirləri səsləndirmişdir:
“Azərbaycan nüvədən dinc məqsədlərlə istifadə prinsipinə sadiqdir və COP28, Nüvə Enerjisi Sammitindən sonra COP29-un da iqlim dəyişikliyi ilə mübarizədə nüvə enerjisinin əhəmiyyətini vurğulayan və onu təşviq edən bir platforma olmasına xüsusi diqqət yetirəcək. Azərbaycanın yaşıl artım ölkəsi məqsədinə sadiqliyinin təsdiqi olan COP29 Sədrliyinin prioritetləri, yaşıl enerji təşəbbüsləri və “Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələr” (NDC) çərçivəsində milli hədəfləri yeniləmə öhdəliyi, bütün təmiz enerji mənbələrindən istifadənin vacibliyini ön plana çıxarır. Bu baxımdan hesab edirik ki, kiçik modul reaktorlar da daxil olmaqla nüvə enerjisi uzunmüddətli enerji strategiyamızda enerji keçidini dəstəkləyən elementlərdən birinə çevrilə bilər. Azərbaycan bu sahədə beynəlxalq öhdəliklərinə sadiq qalaraq və qabaqcıl təcrübələri mənimsəyərək, enerji sektorunda yeni texnologiyaların tətbiqi üçün AEBA ilə əməkdaşlığa hazırdır”.