“Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir”
news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 08 may 2024

ADA və Bolonya universitetlərinin “Dayanıqlı bağçılıq sistemləri” mövzusundakı birgə sertifikat proqramı “MacFrut” sərgisində

İtaliya-Azərbaycan Universiteti layihəsi çərçivəsində ADA və Bolonya universitetlərinin əməkdaşlığı, “MacFrut” Akademiyasının dəstəyi ilə baş tutan “Dayanıqlı bağçılıq sistemləri” mövzusundakı birgə sertifikat proqramının son modulu keçirilib. Bu məqsədlə proqramın iştirakçıları mayın 6-da Bolonyaya səfər ediblər. Bolonya Universitetində başlayan proqramın sonuncu modulu Rimini şəhərində keçirilən və Avropanın bağçılıq üzrə ən böyük sərgilərindən olan “MacFrut”da mayın 10-dək davam edəcək.

İştirakçılar sərgidə müvafiq sektordakı son tendensiyalar, yeni nəsil texnologiyalar və ixtisaslaşmış şirkətlər ilə tanışlıq imkanı qazanır, bu sahədə hazırda aparılmaqda olan tədqiqat və eksperimentlər barədə çoxsaylı seminarlarda iştirak edirlər.

Qeyd edək ki, ölkəmiz “MacFrut” sərgisində ilk dəfə təmsil edilir. AZPROMO-nun təşkilatçılığı ilə “Made in Azerbaijan” mövzusunda hazırlanan pavilyonda ölkəmizdə istehsal olunan meyvə, tərəvəz, ədviyyat və qablaşdırılmış qida məhsulları ixrac edən yerli şirkətlər, o cümlədən qida-dəyər zəncirinin formalaşmasında rol oynayan bəzi qurumlar təmsil olunurlar. ADA Universitetinin yeni təsis edilən Kənd təsərrüfatı və qida elmi fakültəsi də həmin pavilyonda yer alıb. Ölkəmizin bu sərgidə təmsili barədə qərar isə “MacFrut” sərgisinin prezidenti Renzo Piraçininin 2023-cü ildə ADA Universitetinə gəlişi çərçivəsində AZPROMO, Kənd Təsərrüfatı Nazirliyi və digər dövlət qurumları ilə görüşləri zamanı verilib.

Sərginin açılış günü sertifikat proqramının iştirakçıları Azərbaycanın İtaliyadakı səfiri Rəşad Aslanovla birgə Azərbaycan pavilyonunda olublar.

Xatırladaq ki, “MacFrut” sərgisi “Dayanıqlı bağçılıq sistemləri” üzrə birgə sertifikat proqramının tərəfdaşıdır. Bu tərəfdaşlığın nümunəsi olaraq cari ildə Bakı modulu çərçivəsində İtaliya-Azərbaycan Bağçılıq sərgisi təşkil edilib və burada ona yaxın italyan şirkət təmsil olunub.

Sözügedən sertifikat proqramı Azərbaycanın və İtaliyanın kənd təsərrüfatı və qida sektorunda fəaliyyət göstərən tərəfdaşları arasında dialoq platforması rolunu oynayır. Proqram boyunca iştirakçılar bağçılıq və əkinçilik üzrə laboratoriyalara, eksperimental əkin sahələrinə və bağlara səfərlər ediblər, bu sahədə qabaqcıl təcrübə və yeni elmi praktika ilə tanış olublar.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti