“Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir”
news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 27 may 2016

Romada keçirilən rəsmi qəbulda Respublika Gününün Azərbaycan tarixindəki əhəmiyyətindən bəhs edilib

http://azertag.az/xeber/955289

 

Azərbaycanın İtaliyadakı səfirliyi Romada 28 May - Respublika Günü münasibətilə rəsmi qəbul təşkil edib.

Rəsmi qəbulda İtaliya hökumətinin, parlamentinin üzvləri, mədəniyyət, akademik, işgüzar dairələrin, kütləvi informasiya vasitələrinin, Romada yerləşən BMT agentliklərinin və diplomatik korpusun nümayəndələri, İtaliya ictimaiyyətinin tanınmış simaları iştirak ediblər.

Səfir Məmməd Əhmədzadə müsəlman Şərqində ilk teatr, opera və baletin, ilk demokratik respublikanın məhz Azərbaycanda qurulması, 28 may - Respublika Gününün Azərbaycan tarixindəki əhəmiyyəti, ölkəmizin müstəqilliyin bərpasından sonra qarşılaşdığı çətinliklər, xüsusilə də Ermənistanın təcavüzü ilə üzləşməsi, müstəqillik illərində əldə edilmiş siyasi və iqtisadi uğurlar, Azərbaycanın regional liderə və etibarlı beynəlxalq tərəfdaşa çevrilməsindən bəhs edib. Azərbaycan-İtaliya münasibətlərinə toxunan M.Əhmədzadə bu əlaqələrin Prezident İlham Əliyevin 2014-cü ildə İtaliyaya rəsmi səfəri vaxtı iki hökumət arasında qəbul edilmiş Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamədə qeyd olunduğu kimi, strateji əhəmiyyət kəsb etdiyini bildirib. O, Azərbaycan və İtaliya arasında son illərdə siyasi, iqtisadi, mədəniyyət, humanitar sahələrdə təşəkkül tapmış yüksək səviyyəli əlaqələrdən danışıb.

Sonra İtaliya Senatının sədr müavini xanım Linda Lanzillotta, xarici işlər nazirinin müavini Benedetto Della Vedova, Senatın xarici əlaqələr və immiqrasiya komissiyasının sədri Pyer Ferdinando Kazini və İtaliya parlamentində Azərbaycan-İtaliya parlamentlərarası dostluq qrupunun sədri, senator Sercio Divina çıxış ediblər. Onlar Azərbaycanın İtaliya və Avropa İttifaqı üçün mühüm tərəfdaş olması, önəminin getdikcə artması, ölkəmizin əldə etdiyi siyasi və iqtisadi nailiyyətlər barədə söz açıb, İtaliya ilə Azərbaycan arasında bütün sahələrdə mövcud olan yüksək səviyyəli əlaqələrdən məmnunluqlarını bildiriblər. Azərbaycana səfərləri ilə bağlı xoş təəssüratlarını bölüşən natiqlər ölkəmizdə gedən inkişaf prosesini yüksək qiymətləndiriblər.

Tədbir boyu Azərbaycanla bağlı videogörüntülər təqdim edilib. İtaliya KİV-nin diqqətində olan tədbir bu ölkənin nüfuzlu qəzeti - “Il Messaggero” tərəfindən də işıqlandırılıb.

 

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti