“Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir”
news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 21 fevral 2017

Xocalı soyqırımının 25-ci ildönümü ilə bağlı Romada “10 hekayə. Bunlar həqiqət ola bilərdi...” adlı ədəbi-musiqili tamaşa nümayiş etdirilmişdir

Xocalı soyqırımının 25-ci ildönümü ilə bağlı Azərbaycanın İtaliyadakı Səfirliyi və “Espressione d'Arte” Assosiasiyasının birgə təşkilatçılığı ilə Romanın tarixi “Palazzo Brancaccio” sarayında Heydər Əliyev Fondunun vitse-prezidenti, “Xocalıya ədalət!” beynəlxalq kampaniyasının təşəbbüskarı Leyla Əliyevanın ideya müəllifi olduğu “Xocalı. 20 il, 10 hekayə. Bunlar həqiqət ola bilərdi...” kitabındakı hekayələr əsasında “10 hekayə. Bunlar həqiqət ola bilərdi...” adlı ədəbi-musiqili tamaşa nümayiş etdirilmişdir. İtaliya ictimaiyyətinin böyük marağına səbəb olmuş tədbirə İtaliyanın dövlət qurumlarının nümayəndələri, parlament üzvləri, İtaliyada akkreditə olunan diplomatik korpusun təmsilçiləri, ölkənin mədəniyyət, elm, akademik dairələrinin tanınmış şəxsləri, jurnalistlər də daxil olmaqla 250-dən çox tamaşaçı qatılmışdır.

İlk öncə tədbir üçün hazırlanmış “Qarabağın səsi” adlı video-çarx təqdim edilmişdir. Tanınmış xanəndə Tacir Şahmalıoğlunun ifasında “Bayatı-şiraz” muğamının sədaları altında Qarabağın Azərbaycanın tarixi-əzəli torpağı olmasını, habelə Ermənistanın hərbi təcavüzü nəticəsində torpaqlarımızın viran qalmasını göstərən kadrlar nümayiş etdirilmişdir.

Sonra çıxış edən Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadə Xocalı soyqırımını Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün və Azərbaycan xalqına qarşı törətdiyi vəhşiliyin kulminasiyası adlandırmışdır. Xocalıda törədilənlərin insanlıq əleyhinə cinayət olduğunu bildirən diplomat cəzasızlığın yeni cinayətlərə yol açdığını, bu səbəbdən beynəlxalq ictimaiyyət tərəfindən Xocalıda baş verənlərə lazımi siyasi-hüquqi qiymət verilməsinin vacibliyini bildirmişdir. Bunun üçün ilk öncə Xocalı soyqırımı ilə bağlı beynəlxalq səviyyədə daha geniş məlumatlandırmanın aparılmasının önəmini vurğulamış, bu xüsusda Xocalı soyqırımının 25-ci ildönümü ilə bağlı İtaliyanın müxtəlif şəhərlərində ictimai tədbirlərin keçirildiyini demişdir.

Ardınca “10 hekayə, bunlar həqiqət ola bilərdi...” adlı ədəbi-musiqili tamaşa nümayiş etdirilmişdir. Beynəlxalq səviyyədə tanınmış violonçelist Pierluici Ruccieronun (Pierluigi Ruggiero) bədii tərtibatçılığı əsasında hazırlanmış tamaşa “Xocalı. 20 il, 10 hekayə. Bunlar həqiqət ola bilərdi...” kitabındakı hekayələr və İtaliyanın müxtəlif orkestrlərinin direktoru olmuş, pianoçu Culiano Di Cüzeppenin (Giuliano Di Giuseppe) məhz bu tamaşa üçün hazırladığı musiqi parçaları əsasında qurulmuşdur. Hekayələri “Teatro Stabile di Innovazione di L’Aquila”nın aktyorları Alessia Çentofanti və Raffaello Mastrorilli səsləndirmiş, musiqi parçalarını isə Pierluici Rucciero, Culiano Di Cüzeppe, skripkaçı Zoltan Banfalvi, gitaraçı Luka Trabukkinin (Luca Trabucchi) ifa etmişlər. Tamaşanın səhnə tərtibatı üçün aidiyyəti kitabdakı rəsmlər, "Xocalı uşaqların gözü ilə" mövzusunda yeniyetmə rəssamların çəkdiyi şəkillər, dünyada Xocalı soyqırımı abidələri, soyqırımın beynəlxalq səviyyədə tanınmasını əks etdirən kadrlar, habelə Xocalı soyqırımı ilə bağlı ölkəmizdə təşkil olunan rəsmi tədbirlərin fotolarından istifadə edilmişdir.

Tamaşa tədbir iştirakçılarının hərarətli alqışlarına səbəb olmuşdur.

Ardınca İtaliya parlamentində Azərbaycanla dostluq qrupunun sədri, senator Sercio Divina çıxış edərək ermənipərəst çevrələrin Xocalıda baş vermiş qətliam barədə həqiqətlərin yayılmasına mane olduqlarını, bu kimi tədbirlərin keçirilməsinin Xocalı həqiqətləri barədə beynəlxalq ictimaiyyətin məlumatlandırlılmasındakı əhəmiyyətini vurğulamışdır. Xocalı qətliamının Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalının tərkib hissəsi olması, BMT və digər beynəlxalq təşkilatlar tərəfindən münaqişə barədə qəbul edilmiş sənədlərin uzun illər keçsə də yerinə yetirilməməsinin qəbuledilməz olduğunu bildirmiş, Azərbaycanın hər sahədə, o cümlədən hərbi sahədə Ermənistandan qat-qat güclü olması və öz torpaqlarını qısa müddət ərzində işğaldan azad etmək iqtidarında olması və buna da tam şəkildə haqlı olduğu bir şəraitdə münaqişənin sülh yolu ilə nizamlanmasına üstünlük verməsinin yüksək qiymətləndirilməli olduğunu demişdir. Bunun üçün italiyalı senator bütün dünya ictimaiyyətinin münaiqşənin həlli üçün Ermənistana ciddi şəkildə təzyiq etməsinin vacibliyini bildirmişdir.

Ardınca çıxış edən İtaliya İnsan Haqqları Liqasının sədri Antonio Stango mövzuya beynəlxalq hüquq nöqteyi-nəzərdən yanaşmış, Xocalı soyqırımı mövzusu ilə bir müddətdir məşğul olduğunu, bu mövzuda ötən illərdə bir sıra tədbirlər təşkil etdiyini, məsələyə beynəlxalq səviyyədə hüquqi qiymət verilməsinin vacibliyini demişdir. Münaqişə haqqında danışan A.Stango Azərbaycanın Dağlıq Qarabağ regionu ilə yanaşı, digər 7 ətraf rayonlarının da Ermənistan tərəfindən işğal edildiyini, işğala son qoymaq üçün beynəlxalq ictimaiyyətin qəti mövqeyinin əhəmiyyətini vurğulamış, İtaliyanın artıq bu ildən ATƏT sədrliyinin troykasına daxil olduğunu, gələn il isə ATƏT-ə sədrlik edəcəyini və bunun münaqişənin nizamlanmasına töhfə verəcəyinə ümid etdiyini bildirmişdir.

Sonda bir daha söz götürən səfir M.Əhmədzadə musiqiçilərə və aktyorlara, bu tamaşanın ərsəyə gəlməsində əməyi olan bütün heyətə, eləcə də natiqlərə, eyni zamanda bütün tədbir iştirakçılarına təşəkkür etmişdir. Xocalı soyqırının yaddaşlarda həkk olunmasının vacibliyini vurğulayan diplomat bunun üçün “Xocalıya ədalət!” kampaniyasının əhəmiyyətini qeyd etmişdir. M.Əhmədzadə beynəlxalq ictimaiyyətin bu məsələyə dair qəti mövqeyinin Ermənistanın Xocalı soqyırımı ilə bağlı öz inkarçı mövqeyindən və Azərbaycana qarşı hərbi işğaldan əl çəkməsi üçün önəmli olduğunu demiş, Azərbaycanın heç vaxt öz torpaqlarının işğalı ilə barışmayacağını və öz suverenliyini və ərazi bütövlüyünü bərpa etmək üçün bütün imkanlardan istifadə edəcəyini bildirmişdir. 

Tədbir İtaliya KİV-lərinin, o cümlədən müxtəlif televiziya kanallarının diqqət mərkəzində olmuşdur.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti