“Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir”
news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 14 iyun 2016

Roma şəhərində Azərbaycan-İtaliya Hökumətlərarası Komissiyasının 4-cü iclası və Azərbaycan-İtaliya Biznes Forumu keçirilmişdir

 

 

VIDEO

 

13 iyun 2016-cı il tarixində Roma şəhərində İtaliya Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyinin Beynəlxalq Konfranslar Zalında “İqtisadi əməkdaşlıq üzrə Azərbaycan-İtaliya Hökumətlərarası Komissiyası”nın 4-cü iclası keçirilmişdir.

Tədbirdə Hökumətlərarası Komissiyanın həmsədri, AR energetika naziri Natiq Əliyevin rəhbərliyi ilə Azərbaycanın müxtəlif dövlət qurumlarını təmsil edən nümayəndə heyəti iştirak etmişdir.

Tədbirdə İtaliyanın xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Paolo Centiloni, İtaliya Nazirlər Şurasının katibi Klaudio De Vinçenti, xarici işlər və digər nazirliklərin yüksək vəzifəli şəxsləri iştirak etmişlər. Komissiyanın iclasına AR energetika naziri Natiq Əliyev və İtaliya xarici işlər və beynəlxalq əməkdaşlıq nazirinin müavini Benedetto Della Vedova həmsədrlik etmişlər.

Tədbiri giriş sözü ilə İtaliya xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Paolo Centiloni açmışdır. P.Centiloni öz çıxışında Azərbaycanı İtaliya üçün Cənubi Qafqazda istinad ölkəsi kimi xarakterizə etmiş, Azərbaycanın geosiyasi baxımdan strateji mövqeyə və böyük iqtisadi potensiala malik, Asiya ilə Avropanı birləşdirən açar ölkə, İtaliyanın isə təbii tərəfdaşı olduğunu vurğulamışdır. Azərbaycan və İtaliya arasında münasibətlərin son illərdə həm keyfiyyət, həm də həcm nöqteyi-nəzərdən artdığını deyən italiyalı nazir qarşılıqlı çoxsaylı səfərlər, xüsusilə də Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2014 və 2015-ci illərdə İtaliyaya həyata keçirilmiş səfərlərinə toxunmuş, İtaliya tərəfinin Azərbaycana rəsmi səfərləri artırmaq istəyini bəyan edərək yaxın müddətdə özünün Azərbaycana səfər edəcəyini bildirmişdir. İtaliya-Azərbaycan tərəfdaşlığının gücləndirilməsində Trans Adriatik Boru kəməri layihəsinin əhəmiyyətinə toxunun nazir P.Centiloni bu layihənin İtaliya milli iqtisadiyyatı üçün strateji dəyərə malik olduğunu demişdir. Ötən il qarşılıqlı ticarət dövriyyəsinin 5 milyard avro olduğunu bildirən italiyalı nazir Azərbaycanda italyan məhsullarına tələbatın artdığını, iki ölkə arasında müxtəlif iqtisadi sektorlarda əməkdaşlıq üçün geniş imkanların mövcudluğunu deyən nazir P.Centiloni növbəti illərdə Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi və ölkənin iqtisadi inkişafında yeni dinamikanın təmin olunması üçün Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin imzaladığı son sərəncamlar və müəyyən etdiyi yol xəritəsini xüsusi qeyd etmişdir. Mədəniyyət sahəsində İtaliya-Azərbaycan əməkdaşlığına da toxunan nazir P.Centiloni bu xüsusda Heydər Əliyev Fondunun fəaliyyətini təqdir etmişdir. Qafqazda sülh və sabitliyin bərqərar olmasının vacibliyini deyən nazir P.Centiloni Ermənistan-Azərbaycan münaqişəsinin həllinə nail olmaq üçün İtaliyanın 2018-ci ildə ATƏT-ə sədr seçiləcəyi təqdirdə münaqişənin həlli üçün öz səylərini əsirgəməyəcəyinə əmin etmişdir. P.Centiloni Azərbaycanla Avropa İttifaqı arasında konstruktiv və səmərəli əməkdaşlıq üçün İtaliyanın çalışmalı olduğunu vurğulamışdır.

Komissiyanın həmsədri, AR energetika naziri N.Əliyev Azərbaycan və İtaliya arasında əlaqələrin hazırkı vəziyyətindən danışmış, ikitərəfli yüksək səviyyəli səfərlərin, xüsusilə də Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2014 və 2015-ci illərdə İtaliyaya səfərlərinin, habelə 2014-cü ildə iki ölkənin hökumətləri arasında qəbul olunmuş strateji tərəfdaşlıq haqda birgə bəyannamənin əhəmiyyətini vurğulamışdır. Azərbaycanın iqtisadi potensialı barədə ətraflı məlumat verən nazir N.Əliyev ölkəmizdə xarici sərmayələr üçün əlverişli iqlim, İtaliya şirkətlərinin fəaliyyəti, habelə müxtəlif sektorlarda iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün mövcud imkanlar barədə danışmışdır. TAP layihəsinə toxunaraq onun böyük iqtisadi əhəmiyyətə malik olduğunu, bütövlükdə Cənubi Qaz Dəhlizi layihəsi üzrə  45 mlrd. ABŞ dolları investisiya nəzərdə tutulduğunu və bu layihənin bütünlükdə Avropanın enerji siyasətinin mühüm tərkib hissəsi olduğunu bildirmişdir. O, Azərbaycanın Qədim ipək yolunun bərpası və Cənub-Şimal dəhlizi kimi strateji nəqliyyat yolları üzərində yerləşdiyini demiş, bu xüsusda ölkəmizdə həyata keçirilən mühüm nəqliyyat və infrastruktur layihələri barədə məlumat vermişdir. Həmçinin Ermənistanın cari ilin aprel ayında Azərbaycana qarşı həyata keçirdiyi yeni hərbi təcavüzünün Azərbaycan tərəfindən lazımınca cavablandırıldığını bildirmiş, ölkəmizin Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həllinin tərəfdarı olduğunu, lakin Ermənistanın bu kimi təxribatlarını davam etdirəcəyi təqdirdə Azərbaycanın öz torpaqlarını geri qaytarmaq üçün hər bir vasitədən istifadə edəcəyini demişdir.

İtaliya Nazirlər Şurasının Katibi Klaudio De Vinçenti öz çıxışında İtaliya və Azərbaycan arasında əlaqələrin stabil olaraq inkişaf etdiyini və möhkəmləndiyini bildirmiş, öz yerləşdikləri bölgələrdə vacib əhəmiyyətə malik olan bu iki ölkənin əlaqələrini uzaqgörənlik nümunəsi kimi xarakterizə etmişdir. Azərbaycana çoxsaylı səfərlərini də vurğulayan İtaliya hökumətinin nümayəndəsi son olaraq cari ilin fevral ayının sonunda Cənubi Qaz Dəhlizinin Məşvərət Şurasının ikinci iclasında iştirak məqsədi ilə Bakıda olduğunu demişdir. Çıxışında TAP layihəsinin strateji əhəmiyyətli bir layihə olduğunu qeyd edərək, onun ətraf mühitin qorunması standartlarına tam uyğunluqla yerinə yetirilməli olduğunu və bunun prioritet məsələ olduğunu söyləmişdir.

Komissiyanın İtaliya tərəfdən həmsədri, xarici işlər nazirinin müavini Benedetto Della Vedova öz çıxışında ikitərəfli əlaqələrdən, Azərbaycanın İtaliya üçün əhəmiyyətindən danışmış, Azərbaycan iqtisadiyyatının diversifikasiyasının italyan şirkətləri üçün yaratdığı imkanlardan bəhs etmişdir.

Komissiyanın iclasında hər iki ölkənin dövlət qurumlarının nümayəndələri də çıxış etmişlər. Azərbaycan tərəfdən iqtisadiyyat nazirinin müavini Sahib Məmmədov, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Mətin Kərimli, gənclər və idman nazirinin müavini İntiqam Babayev, ARDNŞ-ın vitse-prezidenti Elşad Nəsirov, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının baş direktoru Taleh Ziyadov, Dövlət Dəniz Administrasiyasının rəis müavini Şahlar Məmmədov, Təhsil Nazirliyinin Aparat rəhbərinin müavini Fariz Rzayev, Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələrinin və Kreditlərinin idarə edilməsi üzrə Dövlət Xidmətinin rəisi Rüfət Rüstəmzadə, ARDNF-nun nümayəndəsi Ziya Kəngərli çıxış etmişdir.

İtaliya tərəfdən, habelə dövlət qurumlarının nümayəndələri ilə yanaşı, Saipem, Snam, Maire Technimont kimi Azərbaycanla əməkdaşlığı olan şirkətlərin rəhbərləri, eyni zamanda SACE, SİMEST, Depozitlər və Kreditlər Fondu kimi maliyyə qurumlarının nümayəndələri də çıxış etmişlər.

Komissiyanın iclasının sonunda həmsədrlər tərəfindən iclasın protokolu imzalanmışdır.

Komissiyanın iclası ilə yanaşı, həmin gün İtaliya Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyinin Beynəlxalq Konfranslar Zalında hər iki ölkənin aparıcı şirkətlərinin də qatıldığı Azərbaycan-İtaliya Biznes Forumu keçirilmişdir. Biznes Forumda İtaliya və Azərbaycan tərəfdən 200-ə yaxın şirkətlərin nümayəndələri iştirak etmişlər. Tədbiri giriş sözü ilə Hökumətlərarası Komissiyanın həmsədrləri AR energetika naziri Natiq Əliyev və İtaliya xarici işlər və beynəlxalq əməkdaşlıq nazirinin müavini Benedetto Della Vedova açmışlar. Biznes Forumda Azərbaycanın iqtisadi imkanları, biznes mühiti və xarici sərmayədarlar üçün ölkədə yaradılan şərait, enerji, infrastruktur, kənd təsərrüfatı sahələrində mövcud imkanlar, həmçinin Bakı Beynəlxalq Dəniz Ticarət Limanı barədə təqdimatlar keçirilmişdir. Sonda iş adamları arasında ikitərəfli görüşlər təşkil edilmişdir.

Həmin gün nazir Natiq Əliyevin İtaliya Nazirlər Şurasının katibi Klaudio De Vinçenti, habelə İtaliyanın iqtisadi inkişaf naziri Karlo Kalenda ilə fərdi görüşləri keçirilmişdir. Hər iki görüşdə hökumətlərarası komissiyanın 4-cü iclasının yekunları müzakirə olunmuş, habelə iki ölkə arasında iqtisadi sahədə əməkdaşlığın cari vəziyyəti, əlaqələrin genişləndirilməsi üçün həyata keçiriləcək tədbirlər barədə fikir mübadiləsi aparılmışdır.

 

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti