“Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir”
news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 23 iyun 2017

İtaliyada Birinci Azərbaycan Film Festivalının “Əli və Nino” filmi ilə açılışı keçirilmişdir

İyunun 22-də Romanın “Villa Borghese” parkındakı tarixi “Casa del Cinema” kino evinin açıq səma kinoteatrında İtaliyada ilk dəfə olaraq Azərbaycan film festivalının rəsmi açılışı keçirilmişdir.

Heydər Əliyev Fondunun, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin, ölkəmizin İtaliyadakı səfirliyinin, Azərbaycan Dövlət İnformasiya Agentliyinin (Azərtac), “Casa del Cinema” kino evinin, İtaliya-Azərbaycan Ticarət Palatasının, “AGI” informasiya agentliyinin, “Azerbaijannews” xəbər portalının təşkilati və informasiya dəstəyi ilə təşkil olunan festivalın açılışında İtaliya hökumətinin və Roma şəhər meriyasının rəhbər şəxsləri, parlamentarlar, ölkədə akkreditə olunmuş diplomatik korpusun üzvləri, İtaliya mədəniyyətinin və kino aləminin tanınmış simaları, elmi-akademik dairələrin, kütləvi informasiya vasitələrinin nümayəndələri, habelə kinosevərlər iştirak etmişlər.

Tədbiri giriş sözü ilə açan Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadə ölkəmizin zəngin mədəni irsi, kino ənənələri, Azərbaycan-İtaliya əməkdaşlığında mədəniyyət sektorunun önəmindən danışmış, bu xüsusda Heydər Əliyev Fondu və Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə çoxsaylı tədbirlərin keçirildiyini vurğulamış, İtaliyada ilk dəfə keçirilən Azərbaycan Film Festivalının ölkəmizin tarixi, mədəniyyəti və reallıqları ilə İtaliya ictimaiyyətinin məlumatlandırılmasına və iki ölkənin xalqları arasında əlaqələrin daha da gücləndirilməsinə töhfə verəcəyinə ümidvar olduğunu bildirmişdir.

Sonra çıxış edən Azərbaycan Respublikası Milli Məclisində Azərbaycan-İtaliya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun sədri, millət vəkili Azər Kərimli Azərbaycan və İtaliya arasında bütün sahələrdə, o cümlədən mədəniyyət sektorunda mövcud olan yaxın əlaqələrdən danışmış, bu əlaqələrin inkişafında Azərbaycan Respublikasının Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun önəmli rolunu vurğulmışdır. Azərbaycanın kino mədəniyyətinin tarixi barədə də məlumat verən millət vəkili İtaliyada ilk dəfə keçirilən Azərbaycan Kino Festivalının əhəmiyyətini də qeyd etmişdir.

Ardınca çıxış edən Gürcüstanın İtaliyadakı səfiri Karlo Sikharulidze Gürcüstan və Azərbaycanın yaxın qonşu və strateji tərəfdaş ölkələr olduqları, gürcü və Azərbaycan xalqları arasında qardaşlıq münasibətlərinin mövcudluğu, “Əli və Nino” romanının qəhrəmanları olan iki gənc arasındakı məhəbbətin bunun ən bariz nümunəsi olduğunu demişdir. Azərbaycan Kino Festivalının məhz “Əli və Nino” filminin nümayişi ilə başlamasından məmnun olduğunu deyən Gürcüstanın səfiri Festivala uğurlar arzulamışdır.

Ardınca çıxış edən məşhur italyan rejissoru və ssenaristi, Oskar və Bafta mükafatları laureatı Cianni Kuaranta (Gianni Quaranta) Azərbaycana səfəri vaxtı şahidi olduğu ölkəmizin zəngin tarixi-mədəni irsi, ənənələri, inkişafı, Bakının gözəllikləri barədə məlumat vermişdir. Azərbaycan və İtaliya arasında əlaqələrin dərinləşməsinə kino sektorunun verə biləcəyi töhfələrdən bəhs edən C.Kuaranta Azərbaycan Kino Festivalına uğurlar arzulamış, bu tədbirin gələcəkdə kino sahəsində iki ölkə arasında birgə layihələrin həyata keçirilməsi üçün də imkanlar açacağına ümidvar olduğunu bildirmişdir.

Son olaraq çıxış edən italyan professor, “Əsəd bəy, azərbaycanlı yazıçı Pozitanoda” adlı kitabın müəllifi Romolo Erkolino “Əli və Nino” romanının müəllifi Əsəd bəyin həyatından bəhs etmişdir.

Çıxışların ardınca İtaliyada Birinici Azərbaycan Film Festivalı ilə bağlı xüsusi olaraq hazırlanmış video-çarx təqdim edilərək Festivalın açılışı elan olunmuşdur. Rəsmi açılış “Əli və Nino” filminin nümayişi ilə davam etdirilmişdir.

İyunun 24-nə qədər davam edəcək Festivalda əlavə olaraq altı bədii (“Hökmdarın taleyi”, “Nabat”, “İçərişəhər”, “Pərdə”, “Yarımçıq xatirələr”, “Həddən artıq uyğunluq”) və 2 sənədli (“Bir günəş altında”, “Əbədi ezamiyyət”) filmlərimiz italyan dilində alt yazılarla nümayiş olunacaq, eləcə də qeyd olunan sənədli filmlərin nümayişi, həm də akademik tədbirlər kimi təqdim ediləcəkdir.

Festival İtaliya mətbuatının böyük diqqət mərkəzindədir. Festivalla bağlı KİV-lərdə çoxsaylı məlumatlar dərc olunmaqdadır.  

Festival və onun gedişi ilə bağlı məlumatları “Facebook”dakı https://www.facebook.com/primofestivaldelcinemaazerbaigianoinitalia/  səhifəsindən əldə etmək olar.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti