Xocalı soyqırımının qurbanları İtaliya Parlamentində anılıb
23 fevral 2026-ci il tarixində İtaliya Senatında Xocalı soyqırımının 34-cü ildönümü ilə əlaqədar “Xocalı 34 il sonra. Anma və ədalət barışıq yolunda” başlıqlı konfrans keçirilmişdir. İtaliya Respublikasının Senatının Xarici işlər və Avropa İttifaqı Komitəsinin üzvü Rafael De Rozanın təşəbbüsü ilə təşkil olunan konfransda İtaliya-Azərbaycan Parlament İttifaqı Dostluq Qrupunun sədri, senator Marko Skurria, İtaliya-Asiya İnstitutunun vitse-prezidenti, sabiq senator Serco Divina, Professor Antonello Fulko Biagini çıxış etmişdilər`.
İlk çıxış edən senator Marko Skurria baş verənlərin unudulmasının mümkün olmadığını, lakin sülh və qardaşlıq üfüqləri haqqında düşünmək üçün cəsarətə sahib olmağın vacib olduğunu bildirmişdir. O, regionda sülhə nail olduqdan sonra daha yaxşı bir gələcək qurmaq vəzifəsinin ortaya çıxdığını söyləmişdir.
İtaliya-Asiya İnstitutunun vitse-prezidenti Serco Divina Azərbaycanın hərbi imkanlarına baxmayaraq, müharibə aparmaq istəmədiyini, əksinə diplomatik yolla bu münaqişəni həll etmək istədiyini, bununla əlaqədar BMT-nin məlum qətnamələrinə istinad etdiyini və BMT tərəfindən Azərbaycanın ərazi bütövlüyünün həmişə tanındığını qeyd etmişdir.
2013-2016-cı illərdə Sapienza Universitetinin birinci prorektoru olmuş Şərqi Avropa tarixi üzrə professor Antonello Fulko Biagini çıxışında illər ərzində Azərbaycanın nifrətdən daha çox dialoqa üstünlük verdiyini vurğulamışdır.
Səfir Rəşad Aslanov Xocalıda baş verən soyqırımın ölkəmizin tarixində əbədi olaraq anılacağını, məhz azərbaycanlı olduğuna görə 613 mülki şəxsin qətlə yetirildiyini bildirmiş, Azərbaycanın bu gün Xocalını işğaldan azad etdiyini, orada yenidənqurma işlərinin aparıldığını və çox sayda insanın artıq evlərinə qayıtdığını söyləmişdir.
R.Aslanov bu gün bizim sülh mühitində yaşadığımızı, davamlı sülhə nail olmaq üçün bu cinayətləri törədənlərin ədalət mühakiməsinə cəlb olunmasının zəruriliyini, Azərbaycan xalqına qarşı ağır cinayətlər törətmiş şəxslərdən bəzilərinin bugün ədalət məhkəməsi qarşısında cavab verdiyini və ölkəmizin intiqam yox, hər zaman yalnız ədalətin bərqərar olmasını istədiyini bildirmişdir.
Diplomat Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tərəfindən başladılan “Xocalıya ədalət!” kampaniyasından danışaraq bütün dünyanın bu cür hadisələrin bir daha təkrarlanmaması üçün bu cinayətlərin pislənməsi məqsədilə birgə səylər göstərməli olduğunu qeyd etmişdir.
Tədbirin sonunda “Artcloud Network International” şirkəti tərəfindən hazırlanmış Xocalı soyqırımının acı nəticələri və hazırda oraya həyatın qayıtdığını ehtiva edən videoçarx nümayiş olunmuşdur.