Azərbaycanın kənd təsərrüfatı naziri İtaliyada işgüzar səfərdədir
Azərbaycanın kənd təsərrüfatı naziri Məcnun Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti İtaliyada işgüzar səfərdədir.
27 iyun 2025-ci il tarixində Səfər çərçivəsində İtaliya Kənd Təsərrüfatı Maşınları İstehsalçıları Federasiyasının (“FederUnacoma”) prezidenti Mariateresa Maschio ilə görüş keçirilib. Görüşdə nazir Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə aqrar sahənin inkişafı istiqamətində görülən işlər barədə ətraflı məlumat verib. Ölkəmizdə aqrar sahənin torpaq vergisi istisna olmaqla, bütün vergilərdən azad olduğunu diqqətə çatdıran nazir qeyd edib ki, Azərbaycanda kənd təsərrüfatının inkişafı məqsədilə subsidiya, kredit və güzəşt formasında güclü dövlət dəstəyi mexanizmləri mövcuddur. Görüşdə İtaliyanın təchizatçı şirkətləri tərəfindən Azərbaycanda müasir kənd təsərrüfatı texnikalarının təqdimatının keçirilməsi məsələsi müzakirə edilib.
İtaliya Kənd Təsərrüfatı Maşınları İstehsalçıları Federasiyasının (“FederUnacoma”) prezidenti Mariateresa Maschio öz növbəsində təmsil etdiyi qurumun fəaliyyəti barədə ətraflı məlumat verib. O qeyd edib ki, federasiya müasir kənd təsərrüfatı texnika və avadanlıqları istehsal edən şirkətləri özündə birləşdirir. Mariateresa Maschio aqrar sahədə Azərbayanla əməkdaşlıqda maraqlı olduqlarını vurğulayıb.
Görüşdə kənd təsərrüfatı sektorunda əməkdaşlığın genişləndirilməsi, xüsusilə Azərbaycanın kənd təsərrüfatı texnikaları parkının yenilənməsi və mexanizasiya səviyyəsinin artırılması, ölkəmizdə İtaliya Kənd Təsərrüfatı Texnikası Mərkəzinin yaradılması perspektivləri, resurslara qənaət edən texnologiyaların təşviqinə yönəlmiş birgə təşəbbüslərin həyata keçirilməsi imkanları və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.
28 iyun 2025-ci il tarixində Məcnun Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyəti Latsio regionunda yerləşən məşhur “Castel DePaolis” şərab istehsalı müəssisəsinin fəaliyyəti ilə tanış olub.
Nümayəndə heyəti şərabçılıq müəssisəsinin üzüm sahələrinə baş çəkib, müasir istehsal texnologiyaları və keyfiyyətə nəzarət mexanizmləri ilə maraqlanıb. Heyət üzvlərinə müəssisələrin fəaliyyət istiqamətləri, xammal təchizatı, istehsal gücü və məhsul ixracı barədə ətraflı məlumat verilib, yüksək keyfiyyət standartlarına uyğun məhsulların istehsal edildiyi bildirilib.
Görüş zamanı şərab istehsalında mövcud vəziyyət, bu sahənin inkişaf etdirilməsi, istehsalat prosesində tətbiq olunan yeniliklər, iki ölkənin biznes subyektləri arasında aqrar sahədə təcrübə mübadiləsi, ekoloji dayanıqlı istehsal və ixrac potensialının artırılması məsələləri müzakirə olunub. Tərəflər kiçik və ortahəcmli şərab istehsalçılarının dəstəklənməsi və beynəlxalq bazarlara çıxış imkanlarının genişləndirilməsi istiqamətində fikir mübadiləsi aparıblar.