news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 20 yanvar 2026

Romada 20 Yanvar faciəsi qurbanlarının xatirəsi yad edilib

Azərbaycanın İtaliyadakı səfirliyində 20 Yanvar faciəsinin 36-cı ildönümü ilə əlaqədar anım tədbiri keçirilib.

Tədbirin əvvəlində ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Azərbaycan Respublikasının İtaliya Respublikasındakı səfiri Rəşad Aslanov 20 Yanvar faciəsinin Azərbaycan xalqı üçün böyük tarixi və mənəvi əhəmiyyət daşıdığını vurğulayıb. O bildirib ki, 1990-cı ilin Yanvar hadisələri ölkəmizin müstəqillik yolunda dönüş nöqtəsi olmaqla, azadlıq və suverenlik uğrunda mübarizənin rəmzinə çevrilib.

Diplomat qeyd edib ki, 1990-cı il yanvarın 20-də sovet imperiyası Azərbaycanın ərazi bütövlüyünün pozulmasına etiraz edən, azadlıq və müstəqillik idealları ilə küçələrə çıxan dinc əhaliyə qarşı ağır cinayət törədib. Sovet qoşunlarının Bakı şəhərinə və respublikanın digər bölgələrinə yeridilməsi nəticəsində günahsız insanlar qətlə yetirilib. R.Aslanov xatırladıb ki, yanvarın 21-də Ulu Öndər Heydər Əliyev ailə üzvləri ilə birlikdə Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gələrək xalqla həmrəyliyini nümayiş etdirib və 20 Yanvar faciəsinə açıq siyasi qiymət verib. Daha sonra onun təşəbbüsü ilə Milli Məclisdə bu faciəyə siyasi-hüquqi qiymət verən ilk rəsmi sənəd qəbul olunub.

Səfir, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılan tarixi Qələbənin, eləcə də 2023-cü ilin sentyabrında həyata keçirilmiş antiterror tədbirləri nəticəsində Azərbaycanın suverenliyi və ərazi bütövlüyünün tam bərpa olunmasının 20 Yanvar tarixinin əhəmiyyətini daha da artırdığını diqqətə çatdırıb. O bildirib ki, Vətənimizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən bütün şəhidlərin ruhu bu gün rahatlıq tapıb.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti