Romada “İstədiyimiz Gələcək BMT Modeli: Gənc Liderlər üçün Qlobal Təşəbbüs” adlı layihə həyata keçirilib
30 yanvar – 02 fevral 2025-ci il tarixlərində “İstədiyimiz Gələcək BMT Modeli: Gənc Liderlər üçün Qlobal Təşəbbüs” (Future We Want Model United Nations (FWW MUN): A Global Initiative for Young Leaders) adlı layihə həyata keçirilmişdir.
FWW “Ümumdünya Gənclər və Diplomatiya Şurası” tərəfindən BMT-nin Qlobal Rabitə Departamentinə bağlı olan İtaliya Diplomatik Akademiyasının (IDA) dəstəyi ilə təşkil edilir. İtaliya Diplomatik Akademiyası “BMT-nin Akademik Təsir” təşəbbüsü, Dayanıqlı İnkişaf Həlləri Şəbəkəsinin üzvü və TAP Şəbəkəsinin tərəfdaşıdır.
10-dan çox ölkədən 100 gəncin iştirakı ilə keçirilən layihə çərçivəsində 31 yanvar 2025-ci il tarixində “Multilateralizmi möhkəmləndirmək üçün gənclərin gücləndirilməsi” başlıqlı konfrans təşkil edilmiş və Azərbaycanın İtaliyadakı səfiri Rəşad Aslanov həmin konfransda əsas çıxışçı kimi iştirak etməyə dəvət edilmişdir.
Konfransın məqsədi 17 Dayanıqlı İnkişaf Məqsədlərinə gəncləri cəlb etmək, 2030 Gündəliyinin qərar qəbuletmə prosesinin bütün səviyyələrində başa düşülməsi və həyata keçirilməsi üçün müxtəlif sahələrdən olan gənclərin səslərinin əhəmiyyətinə diqqət yetirməkdir.
Konfransda BMT Baş katibi Antonio Quterreşin video müraciəti dinlənilmiş, FWW MUN və IDA-nın fəaliyyətləri barədə 2 qısa video-çarx paylaşılmışdır.
Açılış nitqini İtaliya Diplomatik Akademiyasının icraçı direktoru Abramo Çabib edərək, bu gün beynəlxalq ictimaiyyətin üzləşdiyi kritik məsələlərlə bağlı birgə fəaliyyətə ehtiyac olduğunu vurğulamış, diplomatiya və süni intellektin mühüm roluna toxunmuş və FWW-nin məğzinin qarşılıqlı anlaşmaya yönəldiyini qeyd etmişdir.
Daha sonra Azərbaycan səfiri ilə yanaşı Avstriyanın İtaliyadakı səfiri Martin Eichtinger, Almaniyanın Beynəlxalq Kənd Təsərrüfatının İnkişafı Fondu (IFAD) yanında icraçı direktoru Ronald Meyer, Yaponiyanın İtaliyadakı Səfirliyinin müşaviri Yoshimitsu Taki çıxış etmiş, gənclərlə şəxsi təcrübələrini bölüşmüş, öz ölkələrində gənclərlə bağlı atılan addımlar barədə danışmışlar.
Səfir R.Aslanov isə beynəlxalq hüquq və bəzi ölkələrə qarşı tətbiq olunan ikili standartlar, Azərbaycanın ev sahibliyi etdiyi COP29 və onun gənclərlə bağlı təşəbbüsləri, ümumilikdə ölkəmizdəki gənclər siyasəti barədə geniş təqdimat etmişdir.
Sonda çıxışçılara Akademiya adından “Dərin ehtiram və səmimi minnətdarlığı” ifadə xatirə lövhəsi təqdim edilmişdir.