Romada Xocalı soyqırımı qurbanlarının xatirəsi kilsədə yad olunub
Azərbaycan Respublikasının Müqəddəs Taxt-Tac və İtaliya Respublikasındakı səfirliklərinin, habelə Romadakı Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə Romadakı “Chiesa Parrocchiale di San Giuseppe a Via Nomentana” kilsəsində Xocalı soyqırımının ildönümü ilə əlaqədar tədbir keçirilmişdir. Tədbirdə Müqəddəs Taxt-Tacdakı və İtaliyadakı diplomatik korpusun və yerli ictimayiyyətin nümayəndələri, eləcə də Romada yaşayan həmvətənlərimiz iştirak etmişdirlər.
Tədbirin əvvəlində soyqırım qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Tədbirdə çıxış edən Azərbaycanın İtaliyadakı səfiri Rəşad Aslanov Xocalı şəhərinin yerləşməsi və əhalisi haqqında qısa məlumat verərək, tədbir iştirakçılarını o dəhşətli gecədə bəşəriyyətə qarşı bir cinayətin törədildiyini, bir gecədə 613 dinc azərbaycanlının məhz milli mənsubiyyətinə görə qətlə yetirildiyini diqqətə çatdırmışdır.
Səfir çıxışında Avropa İnsan Hüquqları Məhkəməsinin 2010-cu il tarixli qərarında Xocalının işğalı zamanı yüzlərlə Azərbaycan mülki şəxsinin öldürüldüyünü, yaralandığını və ya qaçmağa cəhd edərkən girov götürüldüyü faktının qeyd edildiyini, məhkəmənin bu əməlləri “xüsusilə ağır, potensial olaraq müharibə cinayətləri və ya insanlığa qarşı cinayətlər kimi qiymətləndirilə bilən” kimi müəyyən etdiyini söyləmişdir.
2008-ci ildə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə “Xocalıya Ədalət” beynəlxalq kampaniyasının maarifləndirmə səylərini gücləndirərək Xocalı haqqında həqiqətləri beynəlxalq ictimaiyyətin diqqətinə çatdırdığını bildirən səfir Xocalı qurbanlarının xatirəsinin oxşar vəhşiliklərin bir daha təkrarlanmamasını təmin etmək üçün universal bir çağırış olduğunu vurğulamışdır.
Daha sonra, R.Aslanov bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin səyləri sayəsində Qafqazın nəhayət ki, yeni bir sülh mərhələsinə qədəm qoyduğunu, Azərbaycanın həmişə təkcə suverenliyini və ərazi bütövlüyünü bərpa etmək üçün deyil, həm də ahəngdar birgəyaşayışın təməlini qoymaq üçün çalışdığını diqqətə çatdırmışdır.
Tədbirin bədii hissəsində İtaliyanın “UniMarconi” xoru və “Costantina” musiqi kapellasının xor kollektivi və orkestri tərəfindən dünya bəstəkarlarının klassik əsərləri, o cümlədən Azərbaycanın dahi bəstəkarı Qara Qarayevin “Matəm Odası” ifa olunmuşdur.