news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 11 aprel 2025

FAO Şurasının 177-ci sessiyası Romada keçirilib

07-11 aprel 2025-ci il tarixlərində BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Baş qərargahında FAO Şurasının 177-ci Sessiyası keçirilmişdir. Azərbaycan tədbirdə AR-in İtaliyadakı Səfirliyi ilə təmsil olunmuşdur.

FAO Şurasının Müstəqil sədri Dr. Hans Hoogeveen sessiyada açılış nitqi söyləyərək, bu gün BMT-yə, özəlliklə də FAO-ya daha çox ehtiyac duyulduğunu, BMT-nin daha çox qlobal çağırışlar istiqamətində çalışdığı təqdirdə fərdi ölkələrə daha az yükün düşəcəyini və fokusun ayrı-ayrı regionlara, ölkələrə yox, həyati ehtiyacları olanlara yönəldilməli olduğunu bildirmişdir. Həmçinin, o, BMT80 Təşəbbüsü çərçivəsində islahat prosesinə başlandığını və bu prosesin FAO-da da aparıldığını nəzərə alaraq, konsensusun, daha çevik davranmağın önəmini vurğulamışdır.

Daha sonra söz Baş direktor Qu Donqyuya verilmiş və o, Təşkilatın əsas iş sahələrində texniki səriştələrin və təcrübənin maksimum dərəcədə artırılması və mövcud resurslardan, təcrübədən və innovativ potensialdan tam istifadə etmək üçün transformativ tərəfdaşlıqlardan istifadə edilməsinin zərurliyindən danışmış, 2026-2027-ci illərdə peşəkar, müasir, səmərəli və effektiv qlobal şəbəkəni təmin etmək üçün Ölkə Ofislərinin gücləndirilməsi və beləliklə, ölkələrə yerlərdə dəstəyin ifadə edilməsi “Vahid FAO” kimi fəaliyyət göstərən FAO-nun qlobal əhatəsini daha da gücləndirəcəyini bildirmişdir.

Sessiya işini gündəlikdə duran bir sıra məsələlərin müzakirəsi ilə davam etdirmiş və Azərbaycan nümayəndəsi müvafiq maddələr üzrə çıxışlar səsləndirmişdir.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti