Venesiyanın “Ca’ Foscari” Universitetində “Azərbaycan dilinə giriş” dərsinin təqdimatı keçirilib
İtaliya Respublikasının Venesiya şəhərində “Veneto Night” tədbiri çərçivəsində “Azərbaycan dilinə giriş” dərsinin təqdimatı keçirilib.
Tədbirə Azərbaycan Respublikasının İtaliya Respublikasındakı Səfirliyi də qatılıb. Təqdimat çərçivəsində Universitetin prorektoru Antonio Markomini, Azərbaycan dilini tədris edən professor Elizabetta Raqanin və onun köməkçisi Lalə Şirinova ilə görüş keçirilib, Azərbaycan və İtaliya arasındakı ümumi münasibətlər, o cümlədən təhsil sahəsində əməkdaşlıq, ölkəmizdə təhsil sistemində aparılan islahatlar, İtaliya-Azərbaycan Universiteti, ali təhsil müəssisələrinin davamlı tərəfdaşlığı kimi məsələlər müzakirə olunub.
Prorektor A.Marcomini Ca’ Foscari Universitetinin Azərbaycanla tarixi əməkdaşlıq əlaqələrinə malik olduğunu, hazırda bir neçə ali təhsil müəssisələri, o cümlədən Azərbaycan Dillər Universiteti və ADA Universiteti ilə əməkdaşlıq münasibətlərinin mövcudluğunu qeyd edib.
E.Raqanin bundan əvvəl Berlin Universitetində türkologiya üzrə professor kimi fəaliyyət göstərdiyini və Azərbaycan dilçiliyinin onun elmi maraq dairəsinin əsas istiqamətlərindən biri olduğunu vurğulayaraq, Venesiyaya gəlməsinin əsas məqsədlərindən birinin də Azərbaycan dilçiliyi üzrə tədqiqat və tədris fəaliyyətini davam etdirmək olduğunu bildirib.
Qeyd edək ki, Venesiyanın “Ca’ Foscari” Universiteti 1868-ci ildə təsis edilmiş İtaliyanın ən qədim və nüfuzlu ali təhsil müəssisələrindən biridir. Universitetin “Asiya və Afrika Araşdırmaları Departamenti” çərçivəsində bir sıra Şərq və Qafqaz dilləri, o cümlədən Azərbaycan dili tədris olunur.