news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 16 mart 2026

Romada Novruz bayramı qeyd edilib

İtaliyanın paytaxtı Roma şəhərində Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Azərbaycanın İtaliyadakı Səfirliyinin dəstəyi ilə Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən xalqımızın ən qədim və zəngin bayramlarından biri olan Novruz bayramı münasibətilə “Odlar Yurdunun Ritmləri” adlı konsert proqramı təşkil olunub. Tədbir Romada tarixi-mədəni əhəmiyyəti ilə seçilən Torlonia Teatrında keçirilib.

Konsert proqramı Azərbaycan Respublikasının İtaliya Respublikasındakı səfiri Rəşad Aslanovun açılış nitqi ilə başlayıb. Tədbirin təşkilində göstərdiyi dəstəyə görə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinə təşəkkürünü bildirən Səfir Novruz bayramının Azərbaycan xalqı üçün xüsusi əhəmiyyət daşıdığını vurğulayıb, bu ənənənin milli-mənəvi dəyərlərin qorunmasında mühüm rol oynadığını bildirib. Çox geniş coğrafiyanı əhatə edən Novruzun UNESCO-nun Qeyri-maddi mədəni irs siyahısına daxil olduğunu və BMT təqvimində 21 mart tarixinin Beynəlxalq Novruz Günü kimi təsdiqləndiyini tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Daha sonra Azərbaycan Mədəniyyət Mərkəzinin direktor müavini Gülnar Tağızadə və Romada təhsil alan azərbaycanlı tələbə Rauf Cabbarov müvafiq olaraq Azərbaycan və italyan dillərində təqdimat edərək, Novruz ənənələrindən, tədbirin əhəmiyyətindən danışıb, iştirakçı musiqiçilər və rəqqaslar barədə məlumat verib.

Tədbirin bədii hissəsində Fikrət Əmirov adına Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı milli rəqslərin zənginliyini nümayiş etdirib. Musiqi proqramında Prezident mükafatçısı, tarzən Rövşən Qurbanov, Əməkdar artist, kamança ifaçısı Toğrul Əsədullayev, nağara ifaçısı Səyyar Teymurov və muğam ifaçısı Rəvan Qəçayev çıxış edib, Novruz əhval-ruhiyyəsini əks etdirən Azərbaycan milli musiqi parçalarını ifa ediblər.

Konsertdə diplomatik korpusun nümayəndələri, yerli ictimaiyyət, mədəniyyət xadimləri və media təmsilçiləri iştirak ediblər. Tədbir iştirakçıları Azərbaycan mədəniyyətinin zənginliyini əks etdirən konsert proqramını böyük maraqla qarşılayıblar.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti