Azərbaycan Aralıq dənizi Parlament Assambleyasının təşkilatçılığı ilə keçirilən seminarda iştirak edib
11 fevral 2026-cı il tarixlərində Aralıq dənizi Parlament Assambleyası, onun Qlobal Araşdırmalar Mərkəzi və NATO Müdafiə Kolleci Fondunun birgə
təşkilatçılığı ilə “Regionlar Mərkəzdə: Əməkdaşlıq və Parçalanma – Kooperativ Təhlükəsizlik” adlı yüksək səviyyəli seminar keçirilmişdir.
Seminarda Avropa, Afrika, Asiya və Şimali Amerikadan olan 80-dən çox iştirakçı olmaqla, diplomatik korpusun nümayəndələri və beynəlxalq ekspertlər
iştirak etmiş və 2 panel üzrə müzakirələrdə fikir mübadiləsi aparmışlar.
Açılış nitqlərini Fondun prezidenti, səfir Alessandro Minuto-Ritso, PAM-CGS-nin sədri, səfir professor Əbdülsalam Əl-Madani söyləmişlər.
Bundan əlavə, İtaliyanın müdafiə naziri Quido Krozettonun yazılı bəyanatı auditoriya qarşısında oxunulmuşdur.
Quido Krozetto sülhün daimi olmadığını, lakin hər gün qurmalı və müdafiə etməli olduğumuz bir tarazlıq olduğunu, təhlükəsizliyin səhiyyə və ya təhsillə
ziddiyyət təşkil etmədiyini, əksinə onları təmin edən şərt olduğunu vurğulamışdır.
Nazir Krozetto güclü, vahid NATO-nun, daha geniş Avropa müdafiə inteqrasiyasının və Avropa, Aralıq dənizi, Afrika və digər ölkələrdəki strateji
tərəfdaşlarla daha dərin əməkdaşlığın vacibliyini qeyd edərək, bu baxımdan, texnologiyaya, innovasiyaya və ortaq sənaye imkanlarına investisiya
qoyuluşunun Avropanın sürətlə dəyişən dünyada müstəqil şəkildə dayana bilməsi üçün əsas şərt olduğunu qeyd etmişdir.
Çıxışında səfir Minuto-Ritso beynəlxalq ictimaiyyətdə regionların mərkəzi aktorlar kimi əhəmiyyətini vurğulamış və kollektiv təhlükəsizliyin dialoq və
praktik əməkdaşlığa əsaslanan mühüm və çevik bir çərçivə olduğunu bildirmişdir. O, beynəlxalq parçalanma risklərinin yüksək olduğunu və aktiv
fəaliyyət, qarşılıqlı anlaşma və davamlı əməkdaşlığın zəruriliyini xüsusi qeyd etmişdir.
Səfir Əl-Mədəni güclü tərəfdaşlıqların qurulmasında etimad və nüfuzun vacibliyini vurğulayaraq, PAM-ın Qlobal Araşdırmalar Mərkəzinin fəaliyyətinin
beynəlxalq ictimaiyyət daxilində etimad və əməkdaşlığa, parçalanmaya qarşı fokuslandığını və müxtəlif mövzularda, xüsusən də mediaya etimad
mövzusunda ciddi tədqiqat və əməkdaşlıq üçün üzv parlamentlərin və üzv olmayan ölkələrin sərəncamında olduğunu bildirmişdir. Səfir Avro-Aralıq
dənizi və Körfəz bölgələrini narahat edən vacib məsələlərin irəliləməsində vacib olan NATO Müdafiə Kolleci Fondu ilə əməkdaşlığın davam
etdirilməsinə çağırış etmişdir.
Birinci panel çərçivəsində Azərbaycanın İtaliyadakı səfiri Rəşad Aslanov çıxış edərək, ölkəmizin Aralıq dənizi ölkəsi olmamasına baxmayaraq, onun
enerji təhlükəsizliyinin təmin olunmasında böyük rol oynadığını, parlamentlərarası əməkdaşlığın mühüm olduğunu söyləmiş və regionda sülh prosesi,
Azərbaycanın dayanıqlı sülh və əməkdaşlığın irəlilədilməsində rolu barədə danışmışdır.