news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 16 yanvar 2026

Səfir Rəşad Aslanov Maltaya səfər edib

15 yanvar 2026-cı il tarixində səfir Rəşad Aslanov Malta tərəfinin dəvəti ilə sözügedən ölkədə akkreditasiya olunan diplomatik nümayəndəliklərin rəhbərləri üçün Yeni il münasibətilə təşkil olunmuş tədbirdə iştirak etmək məqsədilə 14-16 yanvar tarixlərində Maltaya səfər etmişdir.

Səfər zamanı səfir R.Aslanov Malta Respublikasının Prezidenti Miriam Spiteri Debona, Baş naziri Robert Abela, Baş nazirin müavini-xarici işlər və turizm naziri Yan Borc, Malta parlamentində Azərbaycan-Malta Dostluq Qrupunun həmsədri Kris Agius, Xarici İşlər və Turizm Nazirliyinin Siyasi, Xarici Əlaqələr və Avropa İşləri üzrə İdarəsinin Baş direktoru David Mansfield, Xarici İşlər və Turizm Nazirliyinin Qlobal məsələlər üzrə idarənin Baş direktoru Neville Aquilina və Valletta şəhərinin meri Olaf Mckay ilə görüşlər keçirmişdir.

Görüşlərdə bölgəmizdə yeni geosiyasi reallıqlar, iki ölkə arasında potensial sahələrdə qarşılıqlı investisiyaların qoyulması imkanları, beynəlxalq təşkilatlar çərçivəsində ölkələrimiz arasında əməkdaşlığın gücləndirilməsi, tərəflər arasında yüksək səviyyəli rəsmilərin səfərlərinin həyata keçirilməsi və səfərlər zamanı biznes forumların təşkil edilməsi məsələləri müzakirə olunmuşdur.

Yeni il tədbirində Malta Prezidenti xanım Miriam Spiteri Debona çıxış etmiş və qarşılıqlı anlaşmanı gücləndirməyə, körpülər qurmağa və dövrümüzün çağırışlarını birlikdə həll etməyə yönəlmiş birgə səyləri təqdir etmişdir. O, beynəlxalq münasibətlərdə dialoqun təşviqində və münaqişələrin həllində diplomatiyanın əsas rolunu qeyd etmişdir. Malta Prezidenti çıxışında qlobal problem olan iqlim dəyişikliyi və qeyri-qanuni miqrasiya probleminə qarşı birlikdə mübarizənin zəruriliyini diqqətə çatdırmışdır.

Tədbir zamanı Malta Prezidenti səfirlərlə ayrıca salamlaşaraq, onları təbrik etmiş və fəaliyyətlərində uğurlar arzulamışdır. Səfir R.Aslanov Prezident M.S.Debonanı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin adından təbrik etmiş və ona Dövlət Başçımızın ən xoş arzularını çatdırmışdır. Xanım Prezident təbrikə görə təşəkkürünü bildirərək, Azərbaycan Respublikasının Prezidentinə və Azərbaycan xalqına Yeni il münasibətilə təbriklərini və ən səmimi arzularını çatdırmağı xahiş etmişdir.

15 yanvar 2026-cı il tarixində Malta Respublikasının Baş nazirinin Ofisində də Yeni il tədbiri keçirilmiş və səfir R.Aslanov Robert Abela ilə qısa təbrik mübadiləsi aparmışdır. Təbrikləşmə zamanı Maltanın Baş naziri Robert Abela Avropanın, xüsusilə Maltanın enerji təchizatında Azərbaycanın rolunu yüksək qiymətləndirmiş və şəxsən Prezident İlham Əliyevə təşəkkürünün çatdırılmasını xahiş etmişdir. Həmin gün həmçinin Xarici İşlər və Turizm Nazirliyində diplomatik korpus üçün ziyafət təşkil olunmuşdur.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti