news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 15 yanvar 2025

Azərbaycan səfiri Malta Prezidenti tərəfindən təşkil olunmuş tədbirdə iştirak edib

15 yanvar 2025-ci il tarixində səfir Rəşad Aslanov Malta Prezidenti xanım Miriam Spiteri Debononun təşəbbüsü ilə Maltada akkreditasiya olunan diplomatik korpus nümayəndələri üçün Yeni il münasibəti ilə təşkil olunmuş tədbirdə iştirak etmək məqsədilə Maltada səfərdə olmuşdur.

Yeni il təbrikində Malta Prezidenti çıxış etmiş, onun təyinatından sonra ilk dəfə diplomatik korpus qarşısında çıxış etdiyini bildirmiş və hər biri nümayəndəni qarşılıqlı anlaşmanı gücləndirməyə, körpülər qurmağa və dövrümüzün çağırışlarını birlikdə həll etməyə yönəlmiş səylərini təqdir etmişdir. O, beynəlxalq münasibətlərdə dialoqun təşviqində və münaqişələrin həllində diplomatiyanın əsas rolunu qeyd etmiş, Yaxın Şərq, Ukrayna münaqişələrinə toxunmuş, Yaxın Şərqdə dərhal atəşkəsə, bütün girovların azad edilməsinə və münaqişə zonalarına humanitar yardımların çatdırılmasına çağırışda israrlı olduqlarını qeyd etmiş, Ukraynada isə BMT-nin əsas prinsiplərinə və Ukraynanın ərazi bütövlüyünə və suverenliyinə hörmətə əsaslanan hərtərəfli, ədalətli və davamlı sülhə nail olmağın vacibliyini bildirmiş və bütün Aİ üzv dövlətləri arasında birlik və qlobal tərəfdaşlarla gücləndirilmiş əməkdaşlığın Ukraynaya dəstəyin davam etdirilməsində və eskalasiyanın qarşısının alınmasında mühüm əhəmiyyət kəsb edəcəyini söyləmişdir.

M.S. Debono 2024-cü ildə Maltanın Müstəqilliyinin 60 illiyi, Respublikanın 50 illiyi, hərbi baza kimi fəaliyyətinin dayandırılmasının 45 illiyi və Avropa İttifaqının tamhüquqlu üzvü kimi 20 illiyini qeyd etdiyini xatırladaraq, ölkəsinin ATƏT sədri və BMT TŞ-nın üzvü kimi beynəlxalq arenada aktiv fəaliyyətindən söz açmış və vurğulamışdır ki, əgər indiki və gələcək nəsillər davamlı sülh, əmin-amanlıq və təhlükəsiz mühitdə yaşamaq istəyirsə, beynəlxalq ictimaiyyət ayıq olmalı və həddindən artıq millətçilik dalğalarının və imperialist ambisiyalarının qarşısı alınmalıdır.

O, daha sonra səfirlərlə ayrıca görüşərək, onları təbrik etmiş və fəaliyyətlərində uğurlar arzulamışdır. Səfir Aslanov Malta Prezidentini AR Prezidenti adından təbrik etmiş və ona dövlət başçımızın ən xoş arzularını çatdırmışdır. Eyni zamanda xanım Prezident təbrikə görə təşəkkürünü bildirərək, Azərbaycan Respublikasının Prezidenti və Azərbaycan xalqına Yeni 2025-ci il münasibəti ilə təbriklərini və ən səmimi arzularını çatdırmağı xahiş etmişdir.

Daha sonra Malta Respublikasının Baş nazirinin Ofisində Yeni il tədbiri keçirilmiş və Baş nazir Robert Abela ilə də təbrik mübadiləsi aparılmışdır. Həmin gün həmçinin Xarici İşlər və Turizm Nazirliyində diplomatik korpus üçün ziyafət təşkil edilmişdir.

Səfər çərçivəsində səfir R. Aslanov bir sıra ikitərəfli görüşlər də keçirmişdir.

 

 

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti