Azərbaycanın Müstəqillik Günü İtaliyada təntənəli şəkildə qeyd edilib
İtaliyanın paytaxtı Romada 28 May – Müstəqillik Günü münasibətilə konsert proqramı təşkil olunub.
Azərbaycanın İtaliyadakı səfirliyinin, İtaliya-Azərbaycan Ticarət Palatasının, “Technip Energies” və “Arkimede” şirkətlərinin təşkilatçılığı ilə “Auditorium della Conciliazione” mərkəzində keçirilən konsert proqramında İtaliya rəsmiləri, parlament üzvləri, diplomatik korpusun, beynəlxalq təşkilatların nümayəndələri, bu ölkədə yaşayan, təhsil alan və işləyən soydaşlarımız iştirak ediblər.
Əvvəlcə Azərbaycanın və İtaliyanın Dövlət himnləri səsləndirilib.
Ölkəmizin İtaliyadakı səfiri Rəşad Aslanov çıxışında Azərbaycanın Müstəqillik Gününün tarixindən danışıb, 1918-ci il mayın 28-də müsəlman Şərqində ilk dəfə məhz Azərbaycanda demokratik və dünyəvi dövlətin - Xalq Cümhuriyyətinin yarandığını diqqətə çatdırıb. O, cümhuriyyətin yarandığı ilk günlərdən xalq hakimiyyəti prinsiplərini rəhbər tutaraq irqi, etnik, dini və sinfi bərabərsizlikləri aradan qaldırdığını, ölkənin bütün vətəndaşlarına eyni hüquqları təmin etdiyini bildirib.
Diplomat vurğulayıb ki, 1991-ci ilin payızında bərpa edilmiş dövlət müstəqilliyinin qorunub saxlanılmasında və möhkəmləndirilməsində müasir Azərbaycan dövlətinin banisi, Ümummilli Lider Heydər Əliyevin misilsiz xidmətləri var. 1993-cü ildə Ulu Öndərin hakimiyyətə qayıdışı nəticəsində Azərbaycanın dövlət müstəqilliyi qorunub saxlanıb. Qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin beynəlxalq nüfuzu daha da yüksəlib, Azərbaycan regionun lider dövlətinə çevrilib.
Səfir Azərbaycanın 2020-ci ildə şanlı Qələbə qazandığı və 2023-cü ildə dövlət suverenliyini tam bərpa etdiyini xatırladıb, 2025-ci ilin ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan olunduğunu vurğulayıb. O, ölkəmizin reallaşdırdığı qlobal və regional layihələrdən, Qarabağda aparılan geniş bərpa və yenidənqurma işlərindən, regionda gedən sülh prosesindən də söhbət açıb.
Diplomat Azərbaycan və İtaliya arasında yüksəksəviyyəli səfərlərin mübadiləsinin əhəmiyyətini qeyd edərək Prezident İlham Əliyevin ötən ilin sentyabrında İtaliyaya səfərindən sonra ikitərəfli münasibətlərin şaxələndiyini və məzmun baxımından daha da zənginləşdiyini xüsusi vurğulayıb.
Müstəqillik Günü ilə bağlı İtaliya hökumətinin təbriklərini çatdıran bu ölkənin şirkətlər və “Made in Italy” naziri Adolfo Urso Azərbaycanın İtaliya üçün mühüm tərəfdaş ölkə olduğunu deyib. Nazir İtaliya-Azərbaycan münasibətlərinə toxunaraq dinamik inkişaf edən və strateji tərəfdaşlıq səviyyəsinə yüksələn ikitərəfli əlaqələrdən, hər iki ölkə rəhbərlərinin qarşılıqlı səfərlərinin, o cümlədən İtaliyanın Nazirlər Şurasının sədri Ciorcia Meloninin COP29-da iştirak etmək məqsədilə Azərbaycana səfərinin əhəmiyyətindən, bu səfərlərin ölkələrimiz arasındakı əlaqələrin inkişafına verdiyi mühüm töhfələrdən, müxtəlif sahələri əhatə edən tərəfdaşlığın inkişaf perspektivlərindən bəhs edib.
Nazir İtaliya ilə Azərbaycan arasında mövcud olan möhkəm iqtisadi əlaqələrdən də söz açıb, ölkəmizdəki güclü sahibkarlıq fəaliyyətinin getdikcə daha çox italyan şirkətinin bu bazara maraq göstərdiyini deyib. O, İtaliya ilə Azərbaycan arasında əlaqələrin bundan sonra daha da genişləyəcəyinə və möhkəmlənəcəyinə ümidvar olduğunu söyləyib.
Digər çıxış edənlər də ölkəmizin Müstəqillik Günü münasibətilə təbriklərini çatdırıb, Azərbaycan ilə İtaliya arasında münasibətlərin strateji xarakterini vurğulayıb, əlaqələrin inkişaf potensialından danışıblar.
Konsert proqramında Əməkdar artist Fuad İbrahimovun dirijorluğu ilə “Molise” simfonik orkestri tanınmış bəstəkar, Xalq artisti Eldar Mansurovun əsərlərini səsləndirib. Tamaşaçılar ifaları gurultulu alqışlarla qarşılayıblar.
Eldar Mansurov çıxış edərək Romada Azərbaycanın Müstəqillik Günündə onun əsərlərindən ibarət konsertin keçirilməsindən məmnunluğunu ifadə edib, ifaçılara və təşkilatçılara təşəkkürünü bildirib.