news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 20 fevral 2026

Romada LUISS Universitetinin tələbələri ilə görüş keçirilib

Azərbaycan Respublikasının İtaliya Respublikasındakı Səfirliyinin nəzdində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən LUISS Universitetinin “Qlobal İdarəetmə və Siyasət” ixtisası üzrə təhsil alan tələbələrin iştirakı ilə gənclərə və onların inkişafına həsr olunmuş tədbir keçirilib. Tədbir Azərbaycan ilə İtaliya arasında akademik və humanitar əməkdaşlığın genişləndirilməsinə həsr edilib.

Azərbaycan Respublikasının İtaliya Respublikasındakı səfiri Rəşad Aslanov çıxışında Azərbaycan-İtaliya münasibətlərinin strateji xarakter daşıdığını bildirərək, enerji sahəsində həyata keçirilən layihələrin iki ölkəni birləşdirən əsas istiqamətlərdən biri olduğunu qeyd edib, Azərbaycanın müstəqillik tarixi, eləcə də ölkəmizin ev sahibliyi etdiyi beynəlxalq tədbirlər barəsində geniş məlumat verib. Diplomat həmçinin 2025-ci ildə hər iki ölkənin rəhbərlərinin iştirakı ilə keçirilən İtaliya-Azərbaycan Universitetinin açılış mərasimindən və sözügedən universitetin perspektivləri haqqında danışıb.

Qeyd olunub ki, Azərbaycan Respublikası gənclərin rifahı və təhsili istiqamətində ardıcıl dövlət siyasəti həyata keçirir. Təhsil və məşğulluq proqramları, innovasiya təşəbbüsləri, idman və mədəniyyət layihələri gənclərin sosial-iqtisadi və ictimai həyatda fəal iştirakına xidmət edir. Bu siyasət milli dəyərlərə sadiq, savadlı və rəqabətqabiliyyətli nəslin formalaşmasına yönəlib.

İtaliya-Azərbaycan Ticarət Palatasının prezidenti Manuela Traldi çıxışında iki ölkə arasında iqtisadi əlaqələrin inkişafından bəhs edib, Palatanın fəaliyyəti barədə məlumat verib və tələbələri Azərbaycanla daha yaxın tanış olmaq məqsədilə ora səfər etməyə dəvət edib. O, həmçinin Heydər Əliyev Fondunun İtaliya və Vatikanda həyata keçirdiyi geniş mədəni-humanitar layihələrə toxunub və əhalisinin mütləq əksəriyyətinin müsəlmanların təşkil etdiyi ölkənin xristian mədəni irsinin qorunmasına böyük önəm verdiyini vurğulayıb.

Azərbaycan Mədəniyyət Mərkəzinin direktor müavini Gülnar Tağızadə Mərkəzin fəaliyyəti, əsas prinsipləri və həyata keçirilən mədəni layihələr barədə məlumat verib, Azərbaycan mədəniyyətinin İtaliyada təbliği istiqamətində görülən işləri diqqətə çatdırıb.

Daha sonra tələbələr Azərbaycan haqqında viktorinada iştirak ediblər. Viktorina iştirakçılar tərəfindən maraqla qarşılanıb və ölkə barədə biliklərin artırılmasına töhfə verib.

Tədbirin sonunda isə tələbələr Mədəniyyət Mərkəzində yerləşən muzeylərlə tanış olub, onlara Azərbaycan mədəniyyəti barədə ətraflı məlumat verilib. 

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti