news banner image Desktop news banner image Mobile
Mətbuat şərhi 09 dekabr 2024

Azərbaycanlı tələbələr Romada toplaşıblar

Azərbaycanın İtaliyadakı səfirliyinin, Gənclər Fondunun dəstəyi, Azərbaycanlı Tələbələr və Məzunlar Platforması (ASAP) və Azərbaycan İtaliya Məzunlar Assosiasiyasının (AZİAA) birgə təşkilatçılığı ilə İtaliyanın paytaxtı Romada azərbaycanlı tələbə və məzunlarla ilk görüş keçirilmişdir.

Görüş zamanı Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi yad olunaraq, həyatı və zəngin dövlətçilik irsi ilə bağlı çıxışlar edilmişdir.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Gənclər siyasəti və idman məsələləri şöbəsinin sektor müdiri Tural Məmmədov Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu xaricdə təhsil ənənəsinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən və bu siyasətin ölkənin qlobal arenadakı mövqeyinin gücləndirilməsindəki müstəsna rolundan danışmışdır.

Azərbaycan Respublikası Gənclər Fondunun icraçı direktoru vəzifəsini icra edən Qədir Xəlilov çıxışında bildirmişdir ki, Ulu Öndər Heydər Əliyev cəmiyyətin bütün sahələrində olduğu kimi gənclər siyasətinin uğurla həyata keçirilməsi məqsədilə gənclər sahəsinin zəruri qanunvericilik bazasının formalaşdırılmasını təmin edib. O, həmçinin Fond tərəfindən gənclər üçün yaradılan şərait, onların innovativ ideyalarının reallaşdırılması, beynəlxalq layihələrdə iştirakının təmin edilməsi və xaricdə təhsil alan gənclərin dəstəklənməsi istiqamətində görülən işlərdən danışmışdır.

Daha sonra ASAP-ın icraçı direktoru Sevda Mansurova Ulu Öndər Heydər Əliyevin gənclərə göstərdiyi diqqət və qayğıdan danışmış, xaricdə təhsil alan azərbaycanlı gənclərin həmrəyliyinin önəmini vurğulayaraq ASAP-ın əsas fəaliyyət istiqamətləri, missiyası, məqsədləri, gənclərin beynəlxalq arenada təmsilçiliyi ilə bağlı görülən işlər və İtaliyada nümayəndəliyin qurulması barədə təqdimat etmişdir.

Tədbirin şəbəkələşmə hissəsində İtaliyada fəaliyyət göstərən təşkilatlar, universitetlər və qurumlarla əməkdaşlıq, Azərbaycanın İtaliyadakı səfirliyi ilə birgə azərbaycanlı gənclər arasında fəallığın və iştirakın artırılması, bu ölkədə yaşayan azərbaycanlı gənclərin maraq və ehtiyaclarına uyğun sahələrin müəyyən edilməsi, gənclərin şəxsi, eləcə də karyera inkişafına yönələn tədbir və layihələr haqqında fikir mübadiləsi aparılmışdır, bu istiqamətdə təkliflər dinlənilmişdir.

Paylaş

Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti